Tehranda zəlzələ kabusu

post-img

Mehrnaz Samimi ABŞ-da yaşayan jurnalist, redaktor və İran ekspertidir. O, Türkiyədə baş vermis zəlzələdən sonra “Twitter” sosial şəbəkəsində İranın paytaxtı Tehranda zəlzələ təhlükəsi barədə geniş yazı ilə çıxış edərək bildirib: “Dünya Türkiyə və Suriyada baş verən güclü zəlzələdən sağ çıxanlara yardıma diqqət yetirdiyi bir vaxtda İranın paytaxtı Tehran daha pis fəlakət qarşısındadır”. Samimi məqaləsinin davamında yazır:

–Tehran Şəhər Şurasının sədri Meh­di Çəmran 2023-cü il fevralın 6-da İranın on minlərlə qonşusunun ölümünə səbəb olan zəlzələdən sonra deyib : “Tehranda zəlzələ əsrin fəlakəti olardı”. Təxminən, 16 milyon əhalisi olan Tehran Qərbi Asi­yada ən sıx məskunlaşma ərazisidir. O, zəlzələlərə çox meyillidir. 6 əsas və 60-a qədər kiçik nasazlıq xətti Tehran boyunca həm yaşayış, həm də ticarət obyektləri olan çoxsaylı hündürmərtə­bəli binaların altından keçir. Beynəlxalq “Geo-İnformasiya” jurnalının 2020-ci ildə yazdığına görə: “Yüksək seysmik təhlükə, əhalinin sıx paylanması və bir neçə həssaslıq amili Tehranı dünyanın əb yüksək zəlzələ riski olan 20 meqapo­lisindən birinə çevirir”.

Tehran artıq saysız-hesabsız bə­lalarla mübarizə aparır. Çirklənmənin, tez-tez duman içində boğulmanın, tıxacların davamlı olduğu yerlərdə tikin­ti standartlarına pis əməl edilməsi də şəhərin əsas problemlərindəndir. Də­rinləşən iqtisadi böhranın və hökumət əleyhinə etirazlarla bağlı son siyasi gərginliyin fonunda yüksək zəlzələ təh­lükəsinin nə demək olduğunu təsəvvür etmək çətin deyil. Araşdırmalar və tarix göstərir ki, Tehranda güclü zəlzələnin olub-olmamasından deyil, nə vaxt baş verəcəyindən söhbət gedir.

Yazıda daha sonra deyilir ki, 2017-ci ildə Tehran Şəhər Şurasının sədri Möhsün Haşimi ərazidə yaxın gələcəkdə güclü zəlzələ olacağını bildirərək əlavə etmişdi: “Mütəxəs­sislərin fikrincə, Tehranda hər 150 ildən bir Rixter cədvəli üzrə 7 bal gücündə zəlzələ baş verir”. Tehranda sonuncu güclü zəlzələ 190 ildən əvvəl yaşandı­ğından şəhərdə növbəti fəlakətin vaxtı, həqiqətən, keçmişdir. Bu zəlzələ istə­nilən zaman baş verə bilər.

Tehran rəsmiləri dəfələrlə narahat­lıqlarını ifadə etsələr də, zəlzələnin vu­racağı böyük zərərin aradan qaldırılma­sı üçün heç bir ciddi səy göstərilməyib. Əvəzində, son illərdə şəhərin hər yerin­də təhlükəli binalar sürətlə çoxalır.

Yanvarın 27-də İran Tələbələr Xəbər Agentliyi (İSNA) Tehranın Yanğın Departamentinin və Təhlükəsizlik Xidmətinin icraçı direktoru Ghodratullah Məhəmmədiyə istinadən bildirib ki, onun agentliyi 6 il əvvəl Tehranda tikinti təhlükəsizliyini qiymətləndirərkən şəhərdəki 33 min binanı 4 qrupa ayırıb. Məhəmmədi 129 binanı ən təhlükəli tikili hesab edib. Xəstəxanalar da təhlükəli binalar siyahısındadır. 2022-ci ilin noyabrında Tehran meri Əlireza Zəkaniyə istinadən xəbər verilib ki, şəhərdəki təhlükəli binaları açıqlamaq sakinlərin qaçmasına səbəb olacaq: “Siyahı dərc olunarsa, Tehranda heç kim qalmayacaq”. 

1990-cı illərdə Qulamhüseyn Xar­basçinin mer olduğu dövrdə Tehran­da hündürmərtəbəli tikinti çoxalmağa başlayıb. Tehranın şimalında ağaclar kəsilib və köhnə yaşıllıqlar yoxa çıxıb, yaşayış və ticarət binalarına, əsasən də hündürmərtəbəli binalara yer ayrılıb. Bir çox binalar müvafiq tikinti standartlarına diqqət yetirilmədən tikilib. Dar küçələr və xiyabanlar indi hündürmərtəbəli bi­nalarla dolub-daşır ki, onlar uçarsa, çoxlu insan tələfatına səbəb ola bilər. Bununla belə, tikinti bumu səngiməyib.

Tehranda yaşayan inşaat mühən­disi Fəramərz yazı müəllifinə deyib: “Dar küçələr zəlzələ zamanı bina sa­kinlərinə yardımın çatmasını çətinləş­dirəcək. Hətta indi də bu küçələrin və xiyabanların bəzilərində maşın sürmək və park etmək inanılmaz dərəcədə çə­tindir, çünki orada bölmələrin və sakin­lərin sayı üçün kifayət qədər yer yoxdur. Tehran binalarında bir çox təhlükəsizlik tədbirləri həyata keçirilməyib. Türkiyədə olduğu kimi, keyfiyyətsiz materiallardan istifadə olunub.

İndi İran hakimiyyəti üçün əsas məsələ tezliklə vəziyyəti düzəltməyin mümkün olub-olmamasıdır”.

 

Hazırladı:
Kamal NİKBİN

Sosial həyat