“Azərbaycan” qəzetinin milli haqq savaşı

post-img

Güney Azərbaycanda son zamanlar cərəyan edən milli haqq savaşı 1945–1946-ci illərdə Təbrizdə Demokrat Firqəsinin nəşr etdiyi “Azərbaycan“ qəzetinin səhifələrində dərc edilmiş materialların mübariz ruhunu yenidən yada salır: “Güneydə Milli Hökumət zamanı soydaşlarımızın dərin hüsn-rəğbətini qazanmış bu qəzet yurdsevər və fədakar qələm sahiblərini öz ətrafına toplayaraq, hər gün yeni ictimai problemlər qaldırır, Azərbaycan Demokrat Firqəsinin məram və çağırışlarını xalq arasında yayır”.

“Azərbaycanlı” imzası ilə Bakıda “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetinin 1946-cı il 7204-cü nömrə­sində verilmiş və bu sözlərlə baş­layan yazı Təbrizdə “Azərbaycan” qəzetinin 7 fevral 1946-ci il sayında da dərc edilmişdir. 78 il əvvəl qəzeti­mizdə “Xalqın mübariz orqanı” adı ilə çap olunmuş həmin mətbuat xülasə­sini günümüzlə səsləşdiyinə görə təqdim edirik:

“Mürtəce və qara qüvvələrin ağla­sığmaz zülm və əsarətindən xilas olmuş beş milyonluq Azərbaycan xalqı özünün azadlıq hərəkatı ilə yalnız bir xalqın de­yil, eyni zamanda İranda yaşayan bütün məzlum xalqların gözünü açır, onlara öz dostunu və düşmənin tanıdır, onları dünyanın qabaqcıl ölkələri kimi həqiqi demokratiya yolu ilə getməyə çağırır. 

“Azərbaycan” qəzeti artıq öz müqəddəratına yiyələnmiş qəhrəman bir xalqın mübariz orqanı olmuşdur. Burada iştirak edən istedadlı yazarlar, əsl demokratlara xas olan qüvvətli bir ehtirasla mürtəcelərin hər növ fitnəkar­lıqlarını vaxtı-vaxtında ifşa edirlər. İran Azərbaycanında hər gün böyük ictimai tədbirlər görən Milli Hökumətin hər ad­dımını xalqa izah edir. Xalqın cuşa gəl­miş kin və qəzəbini daha da alovlandı­rır, onun milli şüur və iradəsini doğru bir istiqamətə yönəldərək hər an sərvaxt və ayıq olmağa çağırır. 

Qəzetin 83-cü nömrəsində dərc olunmuş “Xalqımız da dövlətimizlədir” sərlövhəli məqaləsinin müəllifi çox haq­lı olaraq göstərir ki, məsələ təkcə milli muxtariyyəti qazanıb dövlətimizi təşkil etməklə qurtarmır. İndi xalqımızın qar­şısında daha mühüm, daha məsul və­zifələr durur ki, bu vəzifələrin şərəflə yerinə yetirilməsi də xalqımızın gələcək fədakarlığı və səylərindən asılıdır. Çün­ki xalqımız uzun illər istismar olunub qul halına salındığından və mədəniyyət sahəsində dünyanın mütərəqqi xalqla­rından yüz illərlə geridə qalmış, böyük vətənimizin şəhər və kəndləri xaraba­zarlığa çevrilmişdir. 

Doğrudan da əsrlərdən bəri dünya mədəniyyəti və ədəbiyyatı tarixinə qızıl səhifələr yazmış azərbaycanlılar İran zülmkarlarının qanlı pəncəsi altına düş­dükdən sonra bütün bu ali nemətlərdən məhrum olmuş, vaxtı ilə öz alimlərinin, memarlarıının, rəssamarının və söz us­talarının dahiyanə əsərləri ilə dünyanı heyran edən şəhərlər istilaçı İran şahla­rının, xüsusən alman faşizminin zəncirli köpəyi Rza şahın zamanından etibarən əsrlər qədər geriləmişdir. 

“Azərbaycan” qəzeti bu tarixi həqiqəti böyük bir cəsarətlə dünyaya bildirərək istedadlı və igid Azərbaycan xalqının arzu və əməllərini tapdamış xainləri lənətlə damğalayır. 

Qəzetin həmin nömrəsində başqa bir müəllif yazır ki, “düşmənlərimizə laqeyd yanaşmamalıyıq, onlar min cür alçaq vasitələrə təşəbbüs göstərib mə­nafelərini qorumağa can atacaqlar. Fə­ramuşxananın (İranda “masonluq” və ya “masonçuluq” sözünə bərabər isti­fadə olunan bir termindir – red.) sadiq üzvü olan cənab Həkimülmülk ömrünün axır nəfəsində İran parlamentində ağ­layır və elə xəyal edir ki, əgər başına, üzünə vursa, yenidən Azərbaycanı qul edəcəkdir. 

Məqalə müəllifi bu cənabın fitnəkar siyasətini rüsvay etməklə kifayətlən­məyərək öz oxucularını Milli Hökumətin ətrafında daha sıx birləşməyə və azad­lıq yolunda hər növ fədakarlığa hazır olmağa çağırır. 

“Azərbaycan” qəzetinin səhifələ­rində bütün dünyaya səs salmış dahi sərkərdə Səttarxanın mübarizə tarixini tez-tez xatırladan yazarlar milli muxta­riyyət hərəkatının əldə etdiyi nailiyyət­ləri alqışlamaqla bərabər qeyd edirlər ki, “dövlət hər işdən əvvəl muxtariyyə­tin təməlini möhkəmləndirib onu sax­layacaqdır. Biz Azərbaycanda doğulub Azərbaycanda da öləcəyik. Bizim hər şeyimizi əlimizdən alsalar da, toprağı­mızı əlimizdən ala bilməyəcəklər. Çünki bu torpaq üstündə anadan olub, yaşa­yıb, rüzgarın acı, şirin günlərini keçir­mişik. Sonda onun üstündə dünyadan gedəcəyik!”, 

Qəzetin bir sıra məqalələrində Azər­baycan xalqının dövlət işlərində nə qə­dər böyük məharət və istedad göstərdiyi də ayrıca qeyd edilməkdədir. Lakin qə­zet həqiqi rəhbər olduğunu bir an belə unutmayaraq, bizim təbir ilə desək, özü­nütənqidə də xüsusi fikir verir. Bunu çox kəskin siyasi bir dil ilə baş məqalələr ya­zan “P” (bu imza Seyid Cəfər Pişəvəriyə aiddir –red.) imzalı müəllifin yazılarında görürük. 

97-ci nömrədə “Dövlət işçiləri özlə­rini itirməsinlər” sərlövhəsi ilə çap olun­muş qiymətli məqalə buna ən parlaq bir misal ola bilər. Müəllif Milli Hökumətdə iş başına keçənlər içərisində öz müqəd­dəs vəzifələrini unudan və doğru yoldan sapan bəzi şəxsləri xəbərdar edib ya­zır: “Dövlət işi uşaq oyuncağı deyildir. Yersiz çıxışlar, xalqa təkəbbür və qü­rur göstərmək, yüngüllük, lovğalıq mil­li dövləti xalqın nəzərindən sala bilər. Özünü göstərib ucuz qiymətə şöhrət qazanmaq istəyən işçilər isə çox asan bir tərzdə özlərini bədnam edib birdən çatdıqları ali məqamdan rüsvayçılıqla və xarlıqla süqut edə və əbədi surətdə bədbəxtliyə düşə bilərlər”. 

Milli dövlət məsələlərini son dərəcə düzgün anlayan və onun gələcəyi üçün ürəkdən yanan müəllif xalq ilə dövlət arasındakı möhkəm birliyi pozanlara müraciətlə deyir: “Biz hələ xalqın səa­dəti yolunda böyük işlər görə bilməmi­şik. Ona görə xalqa böyüklük satmağa haqlı deyilik. Yalançı pəhləvanlıqdan iş çıxmaz. Hər kəs başını aşağı salıb təvəqqesiz öz vəzifəsini yerinə yetirmə­lidir”. 

“Azərbaycan” qəzeti xalqın əsl mü­bariz orqanı kimi dövlət işindəki hər növ əyintilərə və xalq mənafeyinə zidd olan hər növ səhv hərəkətlərə əvvəlcədən işarə etməklə özünün siyasi vəzifəsini şərəflə yerinə yetirir. 

Qəzet xalqın ehtiyaclarını və tələb­lərini bir an belə unutmur, ziyalılar Milli Hökumət nümayəndələrini təbrik et­məklə yanaşı olaraq onlardan bir sıra ciddi tədbirlər görməyi də tələb edirlər. 

Milli Hökumətin bütün heyəti İran Azərbaycanında xalq maarifinin təxirə salınmaz məsələləri ilə ciddi surətdə məşğul olmaqdadır. “Azərbaycan” qə­zeti hər nömrəsində bu məsələyə xü­susi diqqət yetirir. Məktəb və maarif işlərinin həlli bir gün belə təxirə salına bilməz. Milli Hökumət Pişəvərinin bila­vasitə rəhbərliyilə bir sıra dekretlər ver­mişdir. Burada milli universitet məsələsi xüsusi yer tutur”.

 

Hazırladı: Hüseyn RƏHİMZADƏ

Sosial həyat