Cənab Şolts, yoxsa cənab Şults?!

post-img

Almaniyanın sosial-demokrat kanslerinin “Dağlıq Qarabağ vətəndaşlarının öz müqəddaratını təyinetmə hüququ” barədə səsləndirdiyi yanlış notlu çıxışı ya Paşinyanın İrəvandan ona pay apardığı erməni konyakının təsirinin, ya da onun münaqişənin tarixindən və səbəblərindən tamamilə xəbərinin olmamasıdır.

Ermənistanın baş naziri Nikol Pa­şinyanı Berlində xüsusi iltifatla qarşıla­yan, iki gün qulluğunda dayanan AFR Kansleri Olaf Şolts sonda görüşün nə­ticələrinə dair keçirdikləri birgə mətbuat konfransında bu səfərə “yaddaqalan ilmə” vurmağa çalışıb. Şolts Nikol Pa­şinyanla Laçın dəhlizinin “blokadası” nəticəsində Dağlıq Qarabağda ya­ranmış vəziyyəti müzakirə etdiklərini, Almaniyanın Ermənistana göndərilən Aİ mülki müşahidə missiyasını dəstək­lədiyini, görüşdə regional proseslərə də toxunduqlarını bildirib. Ardınca isə özünün “müdrik” məsləhətini səslən­dirib: “Status-kvo davam edə bilməz, Ermənistan və Azərbaycanın ərazi bü­tövlüyü dəstəklənməklə yanaşı, Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququ əsasında uzunmüd­dətli həllinə nail olunmalıdır”. 

Doğrudur ki, Kanslerin buraxdı­ğı “diplomatik xəta” bir qədər sonra dəftərxananın rəsmi səhifəsində kor­rektə edilib. Amma onun mətbuat kon­fransında münaqişə ilə bağlı sərgilədiyi yanaşma rəsmi Berlinin mövqeyi kimi bütün dünyaya çatdırılmışdı. Fəqət, söz deyilmiş və eşidilmişdir. 

“Alman hesabı” bu dəfə uduzdu

Birgə mətbuat konfransında Şolts bunları da deyib: “Almaniya Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişe­lin vasitəçilik səylərini dəstəkləyir. Biz bunu Almaniyanın Aİ missiyasındakı iştirakı ilə göstərdik. Üstəlik, bizim fede­ral polisimiz həmin missiyaya rəhbərlik edəcək”.

Vaxt və məsuliyyətlə bağlı bəşər övladlarının meyar kimi götürdüyü “al­man dəqiqliyi” bu dəfə özünün qüsurlu tərəfini ortaya qoydu. Sosial-demokrat kanslerin “mart tezisləri”nin fəsadları, şübhəsiz, onun hələlik başçılıq etdiyi ölkəsinin imicinə, beynəlxalq nüfuzu­na və hörmətinə xələl gətirəcək. Yəqin rəsmi Bakının Olaf Şoltsun bu məsu­liyyətsiz bəyanatına reaksiyası özünü çox gözlətməyəcək. Kanslerin həmkarı Makron kimi erməniyə “dayılıq” etmək təşəbbüsünün sonucda “ayı xidmətinə” çevriləcəyi də birmənalıdır. Bu faktın Azərbaycanın Almaniya ilə diplomatik münasibətlərinə təsirsiz ötüşməyəcə­yi, ən azı, enerji daşıyıcıları ilə bağlı strateji əməkdaşlıq məkanında Berlinlə məsafəli davranışa səbəb olacağı təbii sayılmalıdır. Bəli, sonda uduzan yalnız Almaniya olacaq. 

Növbəti müharibə İrəvanda olacaq

Qosqoca Almaniyanın liderinin di­lindən arzuladığı tezisləri eşitməsi, əlbəttə, Paşinyanın sinəsinə yağ kimi yayılıb. Amma İrəvan sülh danışıqları­nın vaxtını uzatmaq üçün hansı siyasi hoqqabazlıqdan çıxırsa-çıxsın, gec-tez Bakının ayağına gələcəyini özü də yax­şı bilir. Eyni vaxtda iki stulda oturmağa çalışan İrəvanın müharibədə kapitulya­siyasını paraflamış 10 noyabr Bəyana­tından keçən 2 il 4 ayda təkcə Azərbay­cana qarşı deyil, həmin Rusiyaya və Qərbə qarşı yürütdüyü qeyri-səmimi, riyakar siyasəti artıq onları da təngə gətirib. 

Hələlik, ortalıqda sülh paketi ilə bağ­lı konkret layihə yoxdur. Amma buna baxmayaraq, Paşinyanı satqınlıqda itti­ham edən irqçi müxalifət düşərgəsi var. Qarabağ separatçılarının əski başçısı, uşaq qatili Serj Sarkisyanın sədrlik et­diyi Respublika Partiyasından deputat Ayk Mamicanyan deyib ki, ona yüksək çinli bir avropalı siyasətçi Paşinyanın Qarabağın Azərbaycanın tərkibində gələcəyi ilə bağlı danışıqlar apardığını deyib.

Ermənistan parlamentinin müxa­lifətçi digər deputatı, radikal-revanşist Tiqran Abramyanın sözlərinə diqqət edin: “Əslində, bizim əsas problemimiz odur ki, İrəvan və Bakı arasında Qara­bağla bağlı konsensus var. Azərbayca­nın irəli sürdüyü 5 prinsip, ona Ermə­nistanın əhəmiyyətsiz əlavələri ilə sülh müqaviləsi imzalanarsa, bu, Bakının qələbəsi olacaq”.

Bu haylar hələ də dərk etmək istə­mirlər ki, müxalifət üçün də, Paşinyan iqtidarı üçün də “ikibaşlı oyunlar” döv­rü arxada qalıb. Revanş çağırışlarının aqibəti isə növbəti müharibə, amma bu dəfə Ermənistan ərazisində gedəcək müharibə ola bilər. Onlar bu gerçəkliyi nə qədər tez qəbul etsələr, itirəcəkləri­nin sırası bir o qədər azalar.

Qarabağ ermənilərinin müqəddara­tını isə Azərbaycan artıq həll etməyə başlayıb. Az sonra vətəndaşımız ola­caq erməni əhalisinin taleyini necə tə­yin etməsi öz öhdəsinə buraxılıb. Biz barışıq əlimizi uzatmışıq və Qarabağın erməni sakinləri separatçıların yalançı vədlərindən deyil, bu əldən möhkəm yapışsalar, əyilmiş qəddini bir o qədər tez dikəldə biləcəklər.

Almaniya kansleri O.Şoltsun peşə­kar siyasətciyə yaraşmayan ermə­nipərəst mövqeyi, eləcə də onun soyadı istər-istəməz yadımıza məşhur Azər­baycan filmi olan “Uzaq sahillərdə”ki bir obrazı xatırlatdı. Yəqin diqqətli oxucula­rımız söhbətin SSRİ-nin əməkdar artisti Qriqori Şpigelin canlandırdığı Şultsdan getdiyini duydu. Cənab Şults nasist Almaniyasının zabiti idi. Nasizmin isə dağıdıcılığa, qəsbkarlığa əsaslandığı­nı ayrıca vurğulamağa ehtiyac yoxdur. Deyə bilmərik, cənab Şolts “Uzaq sahil­lər” filmini izləyib ya yox, ancaq bir şey məlumdur ki, görünür, Almaniyanı təm­sil etmək kansler Şoltsa cənab Şults ol­mağı da öyrədib. Yoxsa, niyə Qarabağ­da separatçılığı dəstəkləsin ki? 

 

Rasim MUSABƏYOV,

politoloq:

Berlində baş nazir Nikol Paşinya­nı qəbul edən AFR Kansleri Olaf Şolts Azərbaycanın, Ermənistanın ərazi bütövlüyünü dəstəkləməsi ilə “Dağ­lıq Qarabağ vətəndaşlarının (?!)” öz müqəddaratını təyinetmə “haqqını” eyni səviyyəyə qoymağı özünə rəva bilib. Almaniya liderinin siyasi səhlən­karığını az sonra onun dəftərxana­sının rəsmi səhifəsində düzəldiblər. Amma, necə deyərlər, söz ağızdan çıxdı və bu, istər Azərbaycan-Alma­niya ikitərəfli münasibətləri, istərsə də rəsmi Berlinin biznes maraqları üçün fəsadsız ötüşməyəcək. Kans­ler Şoltsun fransalı həmkarı kimi an­ti-Azərbaycan fəaliyyəti cavabsız qal­mayacaq. Axı, bugünədək heç kim nə prezident Makronun, nə də kansler Şoltsun dilindən Krımın, Abxaziyanın, Cənubi Osetiyanın, yaxud Dnestrya­nı Respublikanın “öz müqəddaratını təyinetmə”sini dəstəkləyən bir kəlmə eşitməyib. Həmin Cənubi Tirolun, Şotlandiyanın, Flandriyanın, Kata­loniyanın, ələlxüsus da Elzasın öz müqəddaratını təyin etməsi ilə bağlı nəsə deməyə bu iki dövlət başçısın­dan hansının dili dönər? 

Yəni, Parisdə, Berlində, Brüssel­də, Amsterdamda və digər yerlərdə nahaq yerə hesab edirlər ki, azərbay­canlıların milli ləyaqət hissi zəifləyib və düşünmədən ona toxunmaq olar. Qətiyyən şübhə etməyin ki, ikibaşlı davranışlarınızı, ikili standartlarınızı heç vaxt unutmayacağıq və məqamı gələndə onları artıqlaması ilə özü­nüzə qaytaracağıq. Sadəcə olaraq bir faktı sizə xatırlatmaq istərdik: Şi­mali Kipr Türk Respublikası yarım əsr bundan əvvəl öz müqəddaratını təyin edib və müstəqilliyinin tanınmasını sizdən gözləyir...

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”





Siyasət