Azərbaycan–Türkiyə qardaşlığının çox dərin bir tarixi təməllərinin olduğu məlumdur. Hər zaman istər Azərbaycanda, istərsə də Türkiyədə bir çətinlik yarandıqda, sınaqlarla qarşı-qarşıya qaldıqda qardaş ölkələrin bir-birinə yardım etmə ənənəsi var.
Türkiyədə dağıdıcı zəlzələ baş verdiyi gündən dövlət başçımız İlham Əliyevin birbaşa göstərişi ilə Azərbaycan mütəşəkkil qaydada qardaş ölkəyə kömək əlini uzatmaqdadır. XX əsrin əvvəllərində Anadoluya yardım fəaliyyətləri “Qardaş köməyi” devizi altında həyata keçirilmişdi ki, hazırda da Azərbaycan bu ənənəyə sadiq qalaraq öz dəstəyini davam etdirir.
“Qardaş köməyi” platforması çərçivəsində Türkiyəyə göndərilən yardımlara ictimai nəzarəti həyata keçirən qruplar arasında tarixçi alim, Türkiyə Məzunu İş adamları və Ziyalılar Platformasının təmsilçisi, tarix elmləri doktoru Telman Nüsrətoğlu da var.
Hazırda zəlzələ bölgəsində olan Telman Nüsrətoğlu “Xalq qəzeti”nin Türkiyədəki əməkdaşına bildirib ki, qardaş ölkəyə onun səfəri “Bir millət, iki dövlət” prinsipi ilə həyata keçirilir: “Təsadüfi deyil ki, hələ iyirminci əsrin əvvəllərindən etibarən Bakıda, Tiflisdə, Gəncədə qurulan milli cəmiyyətlər Anadolu, Balkan, Trabulsgarp (Türkiyə–İtaliya müharibəsi-red) savaşları, Birinici Dünya müharibəsi, onun ardınca da qurtuluş müharibəsi dönəmlərində iki qardaş xalq bir-birinə əllərindən gələn yardımı ediblər.
Eyni zamanda Qafqaz İslam Ordusu Osmanlı dövləti ən ağır şəraitdə, özü ölüm-qalım savaşında olarkən ordu təşəkkül edərək Azərbaycanı xilas edib. Bilirsiniz ki, o dövrdə Azərbaycanın bütün şəhərləri işğal altında idi. Osmanlı silahlı yardımına böyük ehtiyac var idi. Bu mənada Osmanlı dövləti Azərbaycanın xilası üçün əlindən gələni edib. Yəni, iki xalqın, tək millətin qardaşlığı tarixi dərinliyin üzərində inşa olunub.
Təsadüfi deyil ki, həm 44 günlük müharibə dövründə, həm də indiki zəlzələdə Azərbaycan xalqı ilə Anadolu türkləri tam bir qardaşlıq və həmrəylik içərisində oldular.
Bilirsiniz ki, zəlzələnin baş verdiyi ilk gündən etibarən Azərbaycan Prezidenti dərhal dövlətimizi səfərbər edərək, Türkiyədə zərərçəkənlərin ehtiyacı olan bütün materialları yolladı. Ard-arda təyyarələrimiz, yük daşıyan “Tır”larımız qardaş ölkəyə istiqamət aldı. Təbii ki, Türkiyədə baş verən zəlzələ Azərbaycanı da dərindən sarsıdıb. 7-dən 77-yə qədər hər kəsin böyük bir üzüntü içərisində olduğunu görməmək mümkün deyildi. Təbii ki, ona görə də dövlətlə bərabər cəmiyyətin də səfərbərliyi başladı”.
XX əsrin əvvəllərində Anadoluya yardım fəaliyyətimizin “Qardaş köməyi” devizi altında həyata keçirildiyini xatırladan Telman Nüsrətoğlu dedi ki, bir neçə iş adamı, qeyri-hökumət təşkilatları toplaşaraq, bu ənənəni yenidən bərpa etmək haqqında qərar verdilər: “Qardaş köməyi” platforması yenidən formalaşdırıldı: “Platforma qurulduğu gündən Türkiyəyə ehtiyac duyulan yardımları göndərməyə başladı. Bu günlərdə isə həmin platformanı formalaşdıranlardan ibarət bir heyət təşkil edərək zəlzələ bölgəsinə gəldik. Burada birinci zəlzələnin ocağı olan Kahramanmaraş, Bazarcıqda olduq. Burada güclü dağıntılar var, fəlakətin ən güclü yaşandığı yerlərdən biri də Hataydır. Tarixi, mədəni abidələri ilə zəngin olan şəhərin, haradasa, yüzdə səksəni yerlə-yeksan olub. Zəlzələ bölgəsində digər şəhərlər də bu şəkildə dağılıb”.
T.Nüsrətoğlu Türkiyə dövlətinin bu faciədə ilk gündən səfərbərliyini, dövlət, cəmiyyət, millət olaraq əl-ələ verdiyini, zəlzələ nəticəsində vurulan yaraların sağalması üçün elbirliyi ilə əllərindən gələn köməyi gösətərdiklərini təqdir edərək söylədi ki, bu ağır günlərdə bütün dünyadan edilən humanitar yardımlar humanizmin, mərhəmətin təcəssümüdür: “Təbii ki, dünyanın böyük yardımına da ehtiyac vardı. Beynəlxalq yardım çağırışı elan olundu. Çünki fəlakətin miqyası böyük idi. Ona görə də hər yerdən yardım gəldi. Təbii ki, Azərbaycanın yardımı çox özəl idi. Qardaşlıq yardımına ilk yetişən Azərbaycan oldu. Hadisə yerində ən çox xilasedici qrupuna sahib də Azərbaycandır. Səhra xəstəxanası açıldı. Könüllülər qrupu gəldi. Və təbii ki, “Qardaş köməyi” platformasını da təmsil edən heyətimiz zəlzələ bölgəsindəki vəziyyətlə həm yerində tanış olur, həm də göndərilən yardımların koordinasiyasını həyata keçirir”.
Müsahibimiz Türkiyə dövlət adamları ilə görüşlərinin olduğunu vurğuladı. Qeyd etdi ki, ilk görüş Türkiyənin Daxili işlər naziri Süleyman Soylu ilə , Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) səlahiyyətli şəxsləri ilə oldu. Vali və bələdiyyə başçıları ilə də görüşdük. Bu görüşlərdə Süleyman Soyluvə digər rəsmilər Azərbaycan xalqının göstərmiş olduğu yardımlaşma dəstəyinə görə təşəkkür etdilər. Azərbaycan xalqının qardaşlıq yardımlarından güc aldıqlarını, onları duyğulandırdığını ifadə etdilər.
Ölkəmizin göstərdiyi yardım həm də ona görə də xüsusi dəyər daşıyır ki, bizim müttəfiqliyimiz tarixi ənənənin üzərində formalaşıb. Biz “Qardaş köməyi” platforması ilə həm tarixi ənənəni bərpa etmək, həm də soydaşlarımızın ehtiyaclarını öyrənmək baxımından buradayıq. Ürək sızladıcı mənzərələr, böyük dağıntılar var. İnsanlar soyuq qış şəraitində çadırlarda gecələmək məcburiyyətindədirlər. Su kəmərləri, elektrik xətləri partlayıb, infrastruktur sıradan çıxıb, yollar dağılıb. Dövlət bunların hamısını bərpa etməli, bu qədər insana sığınacaq verməli, həyatlarını normallaşdırmalıdır. Və bu istiqamətdə də ciddi işlər görülür. Demək olar ki, xilasetmə prosesi artıq yekunlaşıb. Əksəriyyət xilas edilib. Fəlakət qurbanlarının ehtiyacları bitib tükəmək bilmir. İl boyu bu ehtiyacların qarşılanma prosesi davam edəcək ki, bütün bunları da dövlət öz nəzarətinə götürüb.
Müsahibim Azərbaycanın dövlət, qeyri-hökumət təşkilatları və iş adamlarının qardaş ölkəyə humanitar yardım fəaliyyətlərini bundan sonra da davam etdirəcəklərini əminliklə bildirdi.
M.SULTANOVA,
Ankara



