Yeni yaranmış bu rubrikanın adı “Xalq qəzeti” redaksiyasının qonağı, tanınmış rəssam, 58 il “Ulduz” jurnalında çalışmış, indi həmin dərginin bədii rəhbəri olan Ədalət Həsənin baş redaktorumuz Əflatun Amaşovun kabinetindən çıxarkən söylədiyi fikirlərdən sonra yarandı. Həmsöhbətim pilləkənləri düşərkən dedi ki, belə xoş münasibəti, səmimi ünsiyyəti, sənətə məhəbbəti və sənətkara diqqəti görəndə adam elə bilir ki, doğmaları ilə üz-üzədir.
Üstəlik, əlavə etdi ki, təmasda olduğun kəsin söhbəti həqiqətən ürəyincədirsə, deməli, o elə sənin doğma insanındır. Baş redaktorumuzla rəssam həmin gün bir-biri ilə ilk dəfə görüşürdülər. Mənim isə Ədalət müəllimlə qırx ilə yaxındır ki, salam-kalamım var.
Beləliklə, bundan sonra hər bazar günü oxucuların görüşünə gələcək “Doğmalarla üz-üzə” rubrikamızda elm, sənət, mədəniyyət, ədəbiyyat və təhsil sahələrində böyük xidmətlər göstərmiş, ancaq o qədər də üzdə olmayan yaradıcı soydaşlarımız barədə söz açacağıq. Ədalət müəllim bu şərti çərçivəyə tam uyğun olan sənət adamlarımızdandır. İstənilən rəssam onun haqqında necə səxavətlə söz açırsa, bir Allah bilir. Ancaq indiyədək onun bircə dəfə də olsun fərdi sərgisində iştirak etməmişik. Elə rəsmi mükafatı və ya fəxri adı da yoxdur. Amma çox yüksək qiymətləndirilən sadəliyi, səmimiliyi, təvazökarlığı var. Onunla söhbət edəndə sanki “87 yaşlı körpə”nin təbəssümünü izləyirsən...
Xalq rəssamı Arif Hüseynov onun haqqında söz düşəndə dedi ki, Ədalət vicdanlı rəssamdır. Mənim köhnə dostim, ağac üzərində oyma ustası Seyfəddin Məmmədvəliyev Ədalət Həsənin yaradıcılığı barədə danışanda demişdi ki, o, adi cizgilərdən məhz Ədalətə xas olan bir dünya yaradır. Mən qocaman jurnalist Ələkbər Abbasovun Ədalət müəllim haqqında dediklərinin də şahidiyəm: “Ədalət də öz şeirlərini belə yazır”.
... “Vicdanlı rəssam”, “adi cizgilərdən özünə xas dünya yaradan” insan, “qrafika ilə şeirlər yazan” Ədalət Həsən fevralın 15-də redaksiyamızın qonağı oldu. Ona bir faktı xatırlatdım. 1990-cı ildə “Dalğa” qəzetinin Novruz nömrəsini hazırlayırdıq. Nahid Hacızadə Ədalət müəllimdən xahiş etmişdi ki, bu mövzuda bir qrafik illüstrasiya çəksin. Ədalət müəllim çəkib gətirmişdi. Ancaq əsərin adı yox idi. Ələkbər müəllim mənə dedi ki, bu əsərə diqqətlə bax və bir ad ver. Baxdım. Yamacda quzular otlayır, daş üstündə oturmuş “çoban” uşaq tütək çalır, baharın gəlişini özünəməxsus qanad rəqsləri ilə qeyd edən quşlar səmanı bəzəyir, novruzgülü naz edir, buludlar sanki torpağa yaxınlaşmaq istəyirdilər. Dedim ki, bu əsərin adı “Torpağın səsi”dir. Ələkbər müəllim də məmnun oldu, bu adı sonradan qəzetdə görən Ədalət müəllim də.
Redaksiyamızda ondan soruşdum ki, rəssamlıq məktəbində oxuduğunuz illər yadınızda necə qalıb?
Dedi ki, tələbə yoldaşlarımızın səmimiyyəti ilə. Qrup yoldaşlarımızdan rəhmətlik Fərman Kərimzadə sonradan görkəmli yazıçı kimi tanınmışdı. Ancaq onun rəssamlıq istedadı ədəbi yaradıcılığından az deyildi. Seyfəddin Məmmədvəliyev ağac üzərində oyma sənəti və xəttatlıq üzrə ölkənin ən tanınmış sənətkarlarındandır. Rəssamlar Həsən Haqverdiyev və Güllü Mustafayevanın ailəsində dünyaya gəlmiş mərhum Əli Haqverdiyev həm opera solisti, həm də aktyor kimi ad-san qazansa da, ömrünün sonunadək rəssamlıqla da məşğul olurdu.
Bir məsələni də xatırladım ki, təyinat bölgüsü olanda Fərman Daşburuna göndərilmişdi. Orada dərs deyirdi. İndi məşhur yazıçı-tərcüməçi kimi tanınan Məmməd Oruc da o vaxtlar Fərmanın rəssamlıqdan dərs dediyi gənclərdəndir. Seyfəddin Cəbrayılın Böyük Mərcanlı kəndinə göndərilmişdi. Onun oğlu Fəxrəddin ölkənin ən məşhur, istedadlı rəssamlarından biri idi. Mən isə Salyanda doğulsam da, təyinatım Bakıya verilmişdi. Rəssamlıqdan dərs dedim. Elə mənim oğlum Həsənağa da rəssamdır.
– Rəssamlıq məktəbində müəllimləriniz kim idi?
– Dünya şöhrətli sənətkarımız Mikayıl Abdullayev, Vəcihə Səmədova və görkəmli qrafika ustası Cəmil Müfidzadə. Mikayıl müəllim məni öz evində oğlu kimi qəbul edirdi. O, mənim üçün çay dəmləyəndə rəngim qıpqırmızı olurdu. Cəmil müəllimin insanlığı danışmağa da sığmaz, yazmağa da. Vəcihə müəllimənin dərslərini isə elə bu qədər də yaşasam, yenə unuda bilmərəm. Onlardan dərs aldığıma görə özümü xoşbəxt hiss edirəm. Elə diplom işimin mövzusunun qardaşımın nişanında çəkdiyim bəzi xırda ştrixlərə görə “Toy” olması da müəllimlərimin təşəbbüsü idi. Həmin cizgilər xoşlarına gəlmişdi.
– Təyinatla getdiniz dərs deməyə?
– Yox, təyinatla getdiyim idarədə boş yer olmadı. Elə təyinatla getdiyim yerdə işləmədiyimə görə sənədlərimi Tbilisi Rəssamlıq Akademiyasına qəbul etmədilər. “Dəmiryolçular” qəzetində 12 manat əməkhaqqı ilə retuşçu işlədim. Sonra rəhmətlik Nəsir İmanquliyev məni bir az artıq maaşla “Bakı” qəzetinə götürdü. Sonra bir az Teleradio Komitəsində çalışdım. Daha sonra qısa müddət Pedaqoji İnstitutda ibtidai sinif müəllimi olacaq tələbələrə rəssamlıq dərsi keçmək üçün laborant ştatına götürüldüm. Hər halda həyat insana ayaq üstdə durmağı öyrədir.
– Amma deyəsən, “Ulduz” jurnalı sizin bəxt ulduzunuz olub.
– Bəli, “Ulduz” yaranandan bəri burada verilən yazıların böyük əksəriyyətinə illüstrasiya çəkmişəm. Yazıçılar, şairlər mənim illüstrasiyalarımı çox bəyəndiklərinə görə daim orada işləməyi üstün tutdum. İndi nə mən “Ulduz”dan əl çəkə bilirəm, nə də “Ulduz” məndən əl çəkir.
– Qələm sahibləri sizin işlərinizi niyə bəyənirdilər ki?
– Çünki onların ilk oxucusu mən olurdum. Hansısa əsəri oxumamış ona illüstrasiya çəkmək olmaz ki... Hansısa yazı məni silkələməyəndə ona illüstrasiya çəkə bilməmişəm. Heç kəs də inciməyib. Hamı bilir ki, ürəyimcə olmayan işə qol qoymuram.
– Onda yazıçılar, şairlər arasında dostlarınız çox olar.
– Hamısı dostum, qardaşımdır. Kiminsə mənə mənfi münasibəti olduğunu hiss etməmişəm. Ancaq rəhmətlik Səyavuş Sərxanlı ilə həqiqətən çox yaxın dost idik.
– Onunla bağlı bir xatirə danışa bilərsinizmi?
– 1970-ci il idi. Mən Respublika Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsində müalicə olunurdum. Heç kəsi yanıma buraxmırdılar. Bir axşam dedilər ki, yazıçılar sənin yanına gəlmişdilər. İçəri buraxmadıq, məktub verib getdilər. Məktubu Səyavuş yazmışdı :
“Əzəldən belədir çünki kainat,
Qrip daimidir, ömür əmanət.
Əldən-ələ keçir yazıq krovat,
Biz gəldik, gedirik, sən yaşa, rəssam”.
– Mükafatlarınız barədə danışmadınız.
– Mən o barədə heç zaman danışmamışam. O sualın cavabı yerində yazın ki, rəngkarlıq musiqi ilə qaynaqlanmasa heç bir rəssamın işi uğurlu alınmaz. Elə yazılar olub ki, mən onları oxuyanda hönkürməsəm də, hıçqırtı ilə ağlamışam. Sonra yaxşı işlər alınıb. Fikrimcə, insan ağrımasa, yaxşı heç nə yarada bilməz.
– “Ulduz”dan əl çəkməyin.
– “Ulduz” məndən əl çəkir ki? Qulu Ağsəs elə bir adamdır ki... Yaxşı, o barədə danışmayaq. Bu yazını hazırladığınıza görə sizə də, redaksiya rəhbərliyinə də “Ulduz”dakılar adından təşəkkür edirəm!
– Sağ olun. 90 yaşınızda yenə də qonağımız olacaqsınız, İnşallah!
Həmsöhbət oldu:
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist,
“Xalq qəzeti”

