Tanrı sevdalısı Nigarinin Qarabağ sevgisi

post-img

Tanrı sevdalısı Mir Həmzə Seyid Nigari Qarabaği Azərbaycan ədəbiyyatının sufi sənətkarlarından biridir. 87 il şərəfli ömür sürmüş bu övliya Şərqi Zəngəzurun Cicimli kəndində doğulmuş, Türkiyənin Xarput şəhərində haqq dünyasına qovuşmuşdur, məzarı Amasiya şəhərindədir.

Uzun illər Nigarinin adı yasaq olunub, ancaq xatirəsi ürəklərdə, irsi yaddaşlarda yaşayıb. Qadağa buzları əriyəndən son­ra əsərləri çap olunub. 2011-ci ildə yara­dıcılığı ali məktəblərin tədris proqramına salınıb. 2022-ci ildə isə X sinfin ədəbiy­yat kitabında Mir Həmzə Seyid Nigaridən qısaca bəhs edilib, məşhur “Qarabağ” qəzəlindən bir neçə beyt nümunə verilib. 

Mir Həmzə Seyid Nigari Qarabağ mühitinin yetirməsidir, onun könül verdiyi nigar Qarabağlıdır. Ona görə də böyük ədibin yaradıcılığında Qarabağ və onun yer-yurd adları ana xətt kimi keçir. Seyid Nigari əsərlərini həm heca, həm də əruz vəznində yazıb. Onun Qarabağa həsr et­diyi “Qarabağ” rədifli qəzəli doğma elinə sevgi və məhəbbətlə yazıldığından hər misrası, sanki, “can Vətənim” deyir. Şair şeirlərində Qarabağı vəsf etdikcə bu ulu yurdu da bizlərə sevdirir, onun coğrafiya­sını şeirə gətirərək gözlərimiz qarşısında əsrarəngiz poetik mənzərə yaradır:

 

Nə əcəb dövlət imiş seyri-şikarı-Qarabağ,

Nə gözəl nemət imiş söhbəti-yari-Qarabağ...

Kövsəri -təbi imiş çayi-çinari Qarabağ,

Aləmi cənnət imiş dəri-diyari Qarabağ.

 

Şair qəzəldə Qarabağın bulaqlarını dirilik suyu, bu diyarı cənnət adlandırmışdır. Elə buna görə də qəzəl xanəndələ­rin üz tutduğu, ifa etdikləri əsərlərdəndir. Seyid Nigarinin “Divan”ında 6 bənddən ibarət tərcbəndi var. Hər bəndin son iki misrası aşağıdakı misralarla bitir:

 

Dağlayıbdır məni bir laləüzari Qarabağ,

Yandırıbdır məni bir nari-Nigarı Qarabağ.

 

Axı onun sevdiyi ilahi gözəl Qarabağdan idi. Könlünü Tanrı sevdasına bağlamış övliya harada olsa, Qarabağı unutmur, onu xəyalında yaşadır:

 

Xəyalatilə güləşti-Qarabağı gəzər könlüm,

Gəlür kim, kuyi-didarə qalar, zövqi-murad eylər. 

 

Şair qəzəllərinin birində Araz çayına müraciət edərək maraqlı bir fikir yanaşması yaradıb:

 

Mənzili-dildarı bus etdikdə ərz et, ey Ərəs,

Böylə kim, odlar saçar sənsiz həbibin hər nəfəs.

 

Şair Qarabağsız keçən günlərinə göz yaşları tökür:

 

Qarabağını çeşmeyi-xun, hər dü çeşmənin Daşbulağ,

Məlhəmindir dəmbədəm dağı-tərağı-abi-ağ.

 

Mir Həmzə Seyid Nigari üçün Qarabağ müqəddəs tor­paqdır, gözəllər gözəlidir. Yaxşı olar ki, şairin yaradıcılığın­dan seçmələrə yer verək:

 

Nolar əşkavəri-əhli-dili-Bağdad olsam,

Belə güllər ki saçır təb Qarabağ üzrə.

 

Qəzəlinin bir beytində Qaraqaşı üstün bilib, digər kənd­lərdən uca hesab edib, çünki sevdiyi Nigar qaraqaşlıdır:

 

Firdovsi-dilaradır, gərçi Qarabağ, əmma,

Xoşdur Qarabağ içrə kuyi-Qaraqaş övla.

 

Mir Həmzə bir müddət Şərqi Zəngəzurun Millər kəndində ya­şayıb. Bu kənd onun müridi Mir Sədi ağanın doğulduğu yerdir. Bərgüşad çayı bu kəndin aya­ğından axır. Şair bir qəzəlində iki böyük çayın adını belə mənalan­dırıb:

 

Canıma çıxmış fələk Bərgüşadın dağını,

Sönməz atəşi, ursan Həkəri irmağını.

 

Digər bir qəzəlində Tərtərə belə münasibət bildirib:

 

Sanma ki, ahım odu Tərtərə təsir etməz,

Qarabağ içrə düşüb yaxmaya nəhri-Tələki.

 

Mir Həmzə Seyid Nigari həm də heca vəznində mükəm­məl əsərlər müəllifidir. Böyük ədib heca vəznində yazdığı şeirlərində də Qarabağı vəsf edib, ona heyranlığını bəyan edib:

 

Eşqin kanı Qarabağdır məkanım

Bülbülü-şeydayam, cənnət yerimdir.

Əvvəl başdan Qaraqaşdır bustanım

İndi gülüstanım Qarapirimdir.

 

Nigar xanımın qəbri Qarapirimdədir. 2021-ci ildə mən Mir Həmzə Nigari ocağının qoru olan hörmətli Siracəddin ağanın köməyi ilə həmin yerdə oldum, Nigar nənəmizin qəbrini ziyarət etdim.

Mir Həmzə Seyid Nigarinin dəyərli əsərlərindən biri də Qaraqaşlı Əhməd Əfəndiyə yazdığı məktubdur. Məktubun ilk misraları çox diqqətçəkəndir.

Şair məktubunda yazıb: “Mənim o diyarım uşaq-böyük, qadın-kişi, cavan-qoca – bütün əhalisinə və onların mənə olan məhəbbətinin dərəcəsini yalnız Mövla bilir. O torpaq mənim Şahnigarımın cövlangəridir”.

Mir Həmzə Seyid Nigari “ Çaynamə” məsnəvisində də Qarabağa məhəbbətini ifadə edib, o torpağın coğrafiyasını əsərində ustalıqla canlandırıb:

 

Əzm eylə diyari-Şirvani

Qət eylə rəhi-Azərbaycani.

Bir yerdəyəm, ismidir Qarabağ

Cənnət yeri, abi şirü qaymaq.

 

Göründüyü kimi, Mir Həmzə Nigari Qarabağ sevdalısı olub. O, bu yurdu böyük eşqlə sevib və əsərlərində yüksək dəyərləndirub. Böyük fikir övliyamızın ruhuna salamlar ol­sun! Müjdə verə bilərəm ki, Qarabağımız azaddır. Var olsun Ali Baş Komandanımız! Sağ olsun Azərbaycan Ordusu! 44 günlük Vətən savaşı nəticəsində Qarabağ Azərbaycandır. İndi Qarabağda, Şərqi Zəngəzurda böyük abadlıq və quru­culuq işləri görülür. Şükür bu günə!

Ədalət ƏSƏDOV,
Əməkdar müəllim

Mədəniyyət