Bugün boz ayın ilk çərşənbəsi–Su çərşənbəsidir

post-img

Novruz bayramının ilk çərşənbəsi– Su çərşənbəsidir. Saflıq, təmizlik rəmzi olan su həmişə müqəddəs hesab edilib. Ona görə də, bu çərşənbədə su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.  Bu çərşənbəni həm də "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. 

Xalqın inancına görə, su çərşənbəsi günü “təzə su”dan keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Bu çərşənbədə qızlar, gəlinlər sübh çağı çay, dəniz və ya bulaq başına gedərlər. Axar su üzərindən hoppanmaq, nəğmə oxuya-oxuya bir-birinin üstünə su çiləmək də inanclar sırasına daxildir.

Su çərşənbəsi həm də suya tapınma inamı ilə bağlıdır. Su ilə bağlı inanclarda deyilir:
1.    Süfrəyə su dağılması aydınlıqdır.
2.    Su içən adamı qəfil vurmazlar.
3.    Su içən adamı ilan çalmaz və s.

Bu çərşənbədə də insanlar süfrə açar. Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoymaq lazımdır. Hamı həmin sudan içməlidir. Hər çərşənbənin öz xörəyi, öz xonçası var. Su çərşənbəsi xonçasında bulaqdan, quyudan, kəhrizdən piyada gətirilmiş pak, təmiz su mütləq olmalıdır. Dövrəsinə quru meyvə, rəngbərəng şamlar, ləbləbi - kişmiş, küncütlü, fındıqlı-qozlu qovurğa qoyarlar.

Su çərşənbəsi də odsuz-ocaqsız olmaz. Çünki su çərşənbəsi soyuq qışdan sonra od nəfəsli yazın, yayın gəlişindən xəbər verir. Hər kəs öz darvazasının önündə, həyətində xırda tonqallar qalayar, yumurta döyüşdürər.

"Xalq qəzeti”

Sosial həyat