Yardım aksiyası davam edir

post-img

Saatlı


Rayon yardım kampaniyasına qoşularaq 2 ton ərzaq məhsulları, 800 ədəd geyim dəsti, 10 elektrik qızdırıcısı, 8 min ədəd müxtəlif növ tibbi ləvazimatlar və dərman preparatları Hacıqabul rayonundan TIR vasitəsilə qardaş Türkiyə Respublikasının Kahramanmaraş şəhərinə yola salıb.
Bundan əlavə, yardım kampaniyası çərçivəsində Saatlı rayonundan 3 kiçiktutumlu yük maşını və 1 ədəd TIR vasitəsilə müxtəlif ləvazimatlar Heydər Əliyev Fondu tərəfindən təşkil edilən yardım kampaniyası üçün Bakı İdman Sarayındakı yardım toplama məntəqəsinə göndərilib.


Tərtər  


Hadisə baş verən ilk gündən tərtərlilər yardım toplama məntəqəsinə axın edirlər, böyük fəallıq müşahidə olunur. Vətəndaşlar tərəfindən könüllü şəkildə toplanan yardımlar təyin olunmuş məntəqələrdə çeşidlənib və xüsusi ayrılmış nəqliyyat vasitəsilə Gəncə şəhərində yerləşən Türkiyə Konsulluğuna təhvil verilib. Göndərilən yardımlar qardaş ölkənin Adıyaman şəhərinə çatdırılaraq zəlzələdən zərərçəkənlərə paylanılıb.


Lerik  


Aksiyaya Lerik şəhəri və rayonun bütün kəndləri qoşulub. Gürdəsər kəndinin sakinləri xeyriyyə tədbirlərində həmişə olduğu kimi, yenə də öncüldür. Kənddə fəaliyyət göstərən İctimai Birliyin təşəbbüsü ilə zəlzələ bölgəsinə göndərilmək üçün 5 min manatlıq ərzaq məhsulları toplanıb. Sakinlər könüllü şəkildə evlərindən yorğan-döşək, isti paltar, qızdırıcı avadanlıqlar və müxtəlif məişət əşyaları gətirib məntəqəyə təhvil veriblər.
Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın şəhər, rayon icra hakimiyyətləri tərəfindən hər gün qardaş ölkəyə humanitar yardımlar göndərilir. Hazırda fəlakət zonasında evsiz-eşiksiz qalmış insanların isti sığınacaqlarla təmin edilməsi ən vacib məsələlərdən biridir.


***


Ağstafa, İmişli, Zaqatala rayon icra hakimiyyətləri tərəfindən Bakı şəhərində sifariş olunmuş modul tipli 90 müasir ev hazırlanaraq mərhələli şəkildə Türkiyəyə göndərilir.
Qısa müddətdə və yüksək keyfiyyətlə hazırlanmış 1 və 2 otaqlı belə evlərdə 10-12 nəfərin yaşaması üçün zəruri şərait yaradılıb.
Fevralın 13-dən etibarən modul tipli 26 ev aidiyyəti şəhər, rayon icra hakimiyyətləri tərəfindən yola salınıb. Şirvan şəhər, Abşeron, Ağstafa, İmişli, Zaqatala, Goranboy, Cəlilabad və Tərtər rayon icra hakimiyyətlərinin sifarişi ilə hazırlanmış daha 22 ev isə bu gün qardaş ölkəyə göndərilib.
Həftənin sonunadək yerli icra hakimiyyəti orqanları tərəfindən modul tipli daha 43 müasir evin təbii fəlakət bölgələrinə göndərilməsi nəzərdə tutulur.

 


“Xalq qəzeti”









Sosial həyat