Qardaş ölkədə baş vermiş dəhşətli zəlzələnin dağıntılarına məruz qalan 10 vilayət arasında ən çox zərərçəkənlərdən biri də Adıyamandır. Azərbaycandan göndərilən xilasedicilər qrupunun çalışdığı və davamlı yardımların yönəldiyi bu bölgədə ümumi durumla tanış olmaq üçün Adıyamana gəldik. Adı kimi özü də yaman günə düşmüş şəhərdə ilk anlardan mərkəzi küçələrin darmadağın olduğunu görmək, acı tüstü qoxuyan fəlakətli mənzərəsi ilə üz-üzə qalmaq insana sarsıdıcı təsir bağışlayır.
7,7 bal gücündəki ilk zəlzələdən sarsılan evlər, ikinci dəfə baş verən 7,6 bal gücündəki zəlzələdən sonra yerlə bir olub. Adıyamanın mərkəzindəki bütün tikililər zəlzələnin təsirinə məruz qaldığına və evlərə girmək qadağan olunub. Çox sayda insan uçan binaların altında qalıb. Sağ qalanlarının bir hissəsi təhlükəsiz bölgələrə gedib. Doğmalrının naməlum aqibətindən xəbər bilmək istəyənlər çadırlarda daldalanıb, ya da küçələrdə qalanan ocaqlar ətrafındadır. Zəlzələnin fəlakəti azmış kimi, hava da sərt keçir. Gecələr isə daha soyuq olur. Çadırlarda soba dəm qazı yaratdığından zəhərlənənlər olub, ona görə əksəriyyət soyuq çadırlarda qalmalı olur.
Şəhər mərkəzinin daha çox dağıntıya məruz qalması onun düzənlik sahədə, boş süxurlar üzərində inşa edilməsilə əlaqələndirilir. Binaların da bir çoxu düzgün tikilməyib. Hələlik dövlət təşkilatları gücləndirilmiş iş rejimi ilə çalışır, təxirəsalınmaz əməliyyatları davam etdirir. Yerli və dünyanın başqa ölkələrindən gələn qüvvələr də Adıyamanı dağıntılar altından xilas etməyə, şəhərdə qalmış insanlara hər işdə yardımçı olmağa çalışır. Şəhərdə fəaliyyət göstərən bir kafe, kiçik bir dükan belə qalmadığına görə, zəlzələ bölgəsində, əsasən, pul işləmir. Əvəzində şəhərə kifayət qədər humanitar yardımlar göndərilir. Azərbaycandan da TIR-larla humanitar yardımlar göndərildiyinin şahidi olduq.
Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat bizə bildirdi:
– Azərbaycandan gələn yardımlar ölkənizin Ankaradakı səfirliyinin nəzarəti ilə tənzimlənir. Bu şəhər Hatay və Kahramanmaraş kimi böyük dağıntıya məruz qaldığı üçün dəstəyə ehtiyacı da çoxdur. Ona görə də humanitar yardımların burada düzgün yönləndirilməsi önəmlidir. Bu məqsədlə də göndərilən yardımların düzgün koordinasiya olunması üçün adıyaman Gənclik Mərkəzinin ərazisində azərbaycanlı iş adamları və qeyri-hökumət təşkilatları tərəfindən göndərilən konteynerlər yerləşdirilib. Orada Azərbaycandan gedən könüllülərin gecələməsi üçün çadırlar da quraşdırılıb. Belə mərkəzlər zəlzələdən zərərçəkən digər vilayətlərdə də qurula bilər.
Adıyaman Universitenin rektoru, professor Mehmet Turqut isə dedi:
– Türkiyə ağır günlərində ilk dəstəyi Azərbaycandan görüb. İndiki fəlakətli günlərdə isə qardaş dəstəyini daha çox hiss edirik. Mən Azərbaycanla Türkiyəni bir canda axan iki qan damarı hesab edirəm. Azərbaycanın işğal altında qalan torpaqlarının azad edilməsinə biz Türkiyə olaraq dəstək verdiyimiz kimi, bizim bu ağır günümüzdə də Azərbaycan qardaş dövlət və xalq olaraq yanımızdadır. Davamlı dəstəklərinə görə, Azərbaycan xalqına və səxavətli, mərd, cəsur İlham Əliyevə çox təşəkkür edirik.
Bizim universitetin 16 min tələbəsindən 85-i zəlzələ qurbanıdır. Azərbaycandan 7-8 tələbəmiz var, çox şükür, onların, eləcə də 3 azərbaycanlı müəllimimizin adı bu siyahıda yoxdur.
Qeyd edək ki, adıyamanlılar nə qədər ağır itki içərisində olsalar da, istiqanlı, mehriban və qonaqpərvər insanlardırlar. Başda azərbaycanlılar olmaqla onlara edilən dəstəklərə böyük şükranlıqla təşəkkür edirlər, – deyə ayrıca minnətdarlıq etdilər. Adıyamanda Ağdam, Xaçmaz və Azərbaycanın qeyri-hökumət təşkilatlarından gələn yardımın TIR-lardan boşaldılması üçün növbəyə durduğuna şahid olduq.
Azərbaycandan gedən könüllülər arasında soydaşımız Sərvər Bəşirli də var. Onun Türkiyədə zəlzələdən zərərçəkənlərə dəstək üçün köhnə avtomobilinə evində, qohum-qonşuda hər nə varsa yükləyib yola çıxmasını əks etdirən şəkillər onu Türkiyədə də məşhur edib. Evsizliyin necə ağır bir yük olduğunu anladığı üçün türk qardaşlarına əlindən gələn, bacardığı hər köməyi axıradək göstərəcəyini deyir.
Adıyamanda gördüyümüz mənzərə bizdə belə təəssürat yaratdı ki, iki qardaş ölkə insanlarının həmrəylik ruhu, türk dünyasının dəstəyi və bu dövlətin qüdrəti Türkiyəni yaşadığı ağır fəlakətdən tezliklə xilas edəcək.
M.Sultanova,
Adıyaman