Türkiyədə zəlzələ baş verdi, bəs Ermənistanda?..

post-img

Türkiyə–Ermənistan münasibətlərinin normallaşması kontekstində diqqət yetirilməli olan bir sıra məsələlər var. Bu barədə söhbət açmazdan əvvəl bildirək ki, İrəvanın Ankaranın zəlzələ nəticəsində düşdüyü hazırkı vəziyyətə adekvat davrandığı gün kimi aydındır. Bu adekvatlığın bir adı var - “seysmik diplomatiya”. 


Türkiyədə zəlzələ olmasaydı, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ankaraya səfər etməyəcəkdi. Ancaq bu, ilk baxışdan yaranan təəssüratdır. Çünki ölkə rəsmilərinin verdikləri bəyanatlar, elə durumun təhlili də onu deməyə əsas verir ki, normallaşma çoxdan başlamışdı. Ancaq indi görünür ki, prosesin mühüm elementi rolunda, məhz, Türkiyə–Ermənistan quru sərhədlərinin açılması çıxış edir.  Həm də ona görə ki, Ermənistan cəmiyyətində, eləcə də siyasi dairələrində məsələ ilə bağlı konsensus var. Yəni, hazırkı iqtidardan narazı olan qüvvələr də sərhədlərin açılmasına müqavimət göstərmirlər. 

Belə görünür ki, ermənilər məsələni ikitərəfli münasibətlərin normallaşmasının tərkib hissəsi şəklində görmürlər. Hələ İrəvanda müəyyən azğınlaşmış kəsim var ki, sərhədin Avropa İttifaqı tərəfindən Türkiyəyə təzyiq vasitəsilə açdırılması ideyasını irəli sürür. “Ən yaxşı türk, ölü türkdür” məntiqi də öz yerində. 


Görünür, prinsip belədir – normallaşma olmasa da, sərhədlər açılmalıdır. Hərçənd, Ermənistan hakimiyyətinin məsələyə olduqca ehtiyatlı yanaşdığı da aşkardır. “Seysmik diplomatiya”ya sadiqlik nümayiş etdirən rəsmi İrəvan Türkiyəyə göstərdiyi humanitar yardım üzərinə köklənərək, isti bəyanatlar verir. 


Sanki, Azərbaycan-Türkiyə tandeminin 44 günlük müharibədə ermənilərə qan uddurduğuna dair bir neçə ay əvvələ qədərki məntiq sıradan çıxıb. Bu xüsusda ermənipərəst dairələrin əli ilə hərəkətə gətirilmiş Fransanın “Charlie Hebdo” dərgisinin, yanvar ayındakı ilk sayında yayımladığı, Türkiyənin və Azərbaycanın Qarabağda erməni soyqırımı reallaşdırmaq istədiklərinə dair məqaləsi də unudulub. 
Üstəlik, Ermənistanda müxali-flərdən və beş-altı millitarist alim töküntüsündən başqa tarixi qondarma “erməni soyqırımı”nı yada salan yoxdur. Halbuki, bu məsələ İrəvanın rəsmi kursunun başlıca halqasını təşkil edir. Yəni, necə oldu ki, bütün bunlar unuduldu? Türkiyədə zəlzələ baş verdi, bəs, Ermənistanda? Orada da zəlzələ oldu?!


Şübhəsiz, Ermənistan hakimiy-yətinin Türkiyə kursu ölkədə Avropa İttifaqının timsalında Qərbin artan təsirinin nəticəsidir. Qərbin bəzi dairələri İrəvanın regional maraqlarının qorunmasının yolunu Ankarada görməyə başlayıblar. Yoxsa, başqa problemlər aradan qalxmamış, vurğu Ermənistanın Türkiyə ilə sərhədlərin açılması üzərinə niyə qoyulsun? 


Nəzərə alaq ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması ikitərəfli əlaqələrin normallaşmasında vacib seqment olmaqla yanaşı, həm də Qərbin Türkiyəyə Ermənistan müstəvisində təzyiq rıçaqlarının birini itirməsi anlamı daşıyır. Söhbət “erməni soyqırımı” müstəvisindəki təzyiqdən gedir. Axı, zaman-zaman məsələ qaldırılıb. Unutmayaq ki, sərhədlərin bağlı saxlanılmasının ortaya çıxardığı Ermənistanın blokadası ritorikası da bu təzyiqin başlıca komponenti idi. Görünür, Qərbdə nəyəsə nail olmaq üçün nədənsə imtinanın zəruriliyini anlayırlar. Ancaq bunu Ermənistana anlada biləcəklərmi, yaxud anlatmaq istəyirlərmi? Məsələ çox qəlizdir. Axı, Ermənistan hakimiyyəti saxta “soyqırımı” məntiqindən imtina etməyib. Ancaq indiki məqamda Ankaranı əsəbləşdirmək olmaz. Sərhədlər açılıb işlər qaydasına düşəndən sonra “soyqırımı” iddiasına da qaldığı yerdən davamı şübhəsizdir. Özü də daha fərqli və azğın formada...  


Türkiyə hakimiyyəti onsuz da həmişə bölgədə vəziyyətin normallaşmasının tərəfdarı kimi çıxış etməkdədir. Ölkə böyükdür, böyüklüyünü və ağırlığını ortaya qoymaq üçün Ermənistandan gələn ilıq bəyanatlara qarşılıq verməlidir və verir də. Əlbəttə, Ankaranın konseptual məsələləri kənara qoymayacağı, riskləri hesablayacağı da bəllidir. Məsələni necə, hansı formada reallaşdıracaq, söhbətimiz bu barədə deyil. Əsas diqqət yönəltmək istədiyimiz məqam Ermənistanın niyyəti ilə bağlıdır. 


***


Ermənistan Azərbaycanın Zəngəzur dəhlizi ideyasının reallaşmasına müqavimət göstərir. Hazırkı situasiyada bu ideyaya qarşı çıxanların vahid cəbhədə birləşdikləri də aşkardır. Birbaşa deyək, Avropa İttifaqını regionda hərəkətə gətirən Fransadır. 
Bolşevizmin lideri Lenin “bütün dünyanın proletarları, birləşin!” deyirdi. İndi belə təəssürat var ki, dünyanın bütün  ermənipərəstləri birləşiblər. Birləşiblər ki, 44 günlük müharibədə məğlubiyyətə uğramış Ermənistanın Cənubi Qafqazda itirdiyi mövqeyi bərpa etsinlər. Bununla həm də Azərbaycanın, necə deyərlər, xodunu alsınlar. Yəni, Bakının müharibədəki qalibiyyət ilə regionda əldə etdiyi üstünlüyü minimallaşdırsınlar. Görünür, Fransa Qərbin müəyyən dairələrini bunun vacibliyinə inandırmağı bacarıb. 


***


Diqqət yetirək, İran da Zəngəzur dəhlizi ideyasına qarşı çıxır. Üstəlik, Tehran Fransanın köməyi ilə bölgəyə gətirilmiş Aİ-nin mülki missiyasına, o cümlədən, fransız jandarmlarına etiraz etmir. Başqa vaxt olsa, ölkə bununla razılaşardımı? Əsla! Yada salaq ki, uzun illər Rusiya Azərbaycana Qarabağ münaqişəsini həll etmək müqabilində İran ilə sərhədin qorunmasının rus hərbçilərinə verilməsini təklif edib. Ölkəmiz razılaşmayıb və məsələ qeyri-rəsmi olsa da, Tehranın Bakıya müsbət münasibətinin bir seqmenti rolunda çıxış edib. İndi necə oldu ki, həmin İran Fransa ordusunun öz sərhədinə yaxın yerləşməsi reallığı ilə barışır? 


Bəli, Ermənistan-Fransa-İran üçbucağı iş başındadır. Zəngəzur dəhlizi İranın maraqlarına ziddir. Azərbaycanın digər ərazilərini Naxçıvan ilə birləşdirən yolun açıq olması, üstəlik, həmin yolun Azərbaycana aid xüsusi statusunun vurğulanması İranın tranzit və narkotrafik əhəmiyyətini heçə endirir. Onu da nəzərə alaq ki, bu yol həm də böyük Turan yoludur. Deməli, yuxarıdakı üçbucaq üçün ortaq maraqlar var. Daha doğrusu, ortaq qorxu stereotipi.


***


Burada əsas ağırlıq Türkiyənin üzərindədir. Təsəvvür edin, Zəngəzur dəhlizi yoxdur, ancaq Türkiyə-Ermənistan sərhədi açılıb, sərhəddəki Ani körpüsü yüksək standartlı daşımaların həyata keçirildiyi mərkəzdir. Prinsipcə, Ankara Şərqdən Qərbə çıxış nöqtəsi qismində yenə qazanır. İran da əvvəlki tranzitini saxlamaqla qazanır, Ermənistanın və İranın isə Qərbə çıxışı yaranır. Mövcud durumda Azərbaycan ilk baxışdan itirmir. Ancaq ilk baxışdan. Daha doğrusu, Azərbaycan itirirsə, bölgədə hər bir tərəf itirir. Yəni, məsələ prinsip halına gəlsə, belə olacaq. Hələlik, Bakı mövqeyini bildirmir və səbr ilə hadisələri davamını izləyir...


Düşünün ki, Ani körpüsü açılır, yüklər İran, Ermənistan marşrutu üzrə Türkiyə üzərindən Şərqdən Qərbə doğru daşınır. Azərbaycan ilə Ermənistan arasında isə münasibətlər normallaşmayıb, yenə də İrəvanın Qarabağ iddiası davam edir, üstəlik, Zəngəzur dəhlizi açılmayıb, Bakının Qərbə açılımı isə əvvəlki qaydada Gürcüstan üzərindəndir. 


Belə bir durumda Azərbaycan heç də fakt qarşısında qalmır. Şübhəsiz, kimlərsə Xəzər üzərindən daşınmalardakı səmərəliliyi və dinamikanı itirəcək. Nəyə görə? Ona görə ki, Ermənistanın maraqları var? Hələ İranı demirik. Halbuki İran da, Ermənistan da Zəngəzur dəhlizinə qoşulmaqla, Orta dəhliz ideyasında iştirak imkanı qazana bilərlər. Razı deyillər, məlumdur niyə? İran öz tranzitini itirmək istəmir, eyni zamanda, türk dünyasının bütövləşməsini arzulamır, Ermənistan isə ümumiləşdirmə aparsaq, xəstədir, ciddi müalicəyə ehtiyacı var. 


***


Bilavasitə, Azərbaycan amili üzərinə gələk. Ölkəmiz 44 günlük müharibə ilə nəinki öz torpaqlarını işğaldan qurtardı, eyni zamanda, dünya erməniliyinə ağır və sarsıdıcı zərbə vurdu. Beynəlxalq aləm dünya erməniliyinin müharibə müstəvisindəki hay-küyü ilə onun iddialarının necə bəsit xarakter daşıdığını da gördü. 


Onu da nəzərə alaq ki, Qafqazdakı ermənilik bütün dövrlərdə bölgədə normal əməkdaşlıq mühitinin formalaşmasına maneçilik törədən faktor rolunda çıxış edib. Ermənilərin bölgəyə yerləşdirilməsinin mahiyyəti buna söykənib. Mövcud xüsusdan çıxış edərək deyə bilərik ki, otuz ilə yaxın müddət ərzində davam etmiş işğal, yalnız Azərbaycana ziyan vurmadı, ümumən, regionun inkişafını ləngitdi. Azərbaycan isə Vətən müharibəsindəki zəfəri ilə yeni reallıqlar formalaşdırdı. Elə bir reallıqlar ki, prinsip etibarilə Ermənistan yalnız məğlub tərəf kimi həmin reallıqlarda təmsilçilik hüququna malikdir. Ermənilər də necəsə yaşamalıdırlar. 


Ancaq müharibədən sonrakı müddət, xüsusən, indi baş verənlər göstərir ki, Ermənistan dinc yaşamaq niyyətindən uzaqdır. Yəni, ölkə iddilarından əl çəkmir. Təsəvvür edin, hazırda İrəvan həmin iddialar ilə birlikdə Ani körpüsündən keçib Qərbə ayaq açmaq niyyətindədir. 

***


Bəli, Ermənistan nə Qarabağ avantürasından uzaqlaşıb, nə saxta “erməni soyqırımı” iddilarından, nə də Türkiyəyə ərazi iddialarından. Erməni separatizminin XIX əsrin sonu – XX əsrin əvvəllərində Osmanlı imperiyası daxilində törətdikləri fitnə-fəsadlar çox da uzaq olmayan tarixdir. İndiki məqamda Ani körpüsü məhz həmin tarixin çiçəklənməsi fazasıdır. 


Bəli, 1993-cü ildə Türkiyə-Ermənistan sərhədinin bağlanması qərarı yalnız Azərbaycan ilə həmrəylik məsələsi deyildi, həm də Türkiyəni gələcək təhlükələrdən sığortalayan amil idi. Axı, Qarabağdan sonra erməni iddialarının Türkiyə ərazisinə keçməyəcəyinə heç bir təminat yox idi. Əgər, 30 ilə yaxın müddətdə Azərbaycan Qarabağ müstəvisində siyasi-diplomatik mübarizə aparmayıb işğal reallığını qəbul edib onun leqallaşması ilə razılaşsaydı, imkan tanısa idi, şübhəsiz, bu, baş verəcəkdi. Rusiya qoşunları Ermənistanın Türkiyə ilə sərhədini yalnız Türkiyənin timsalında NATO təhlükəsindən qorumurdular. Onlar həm də tarixi imperiya təfəkkürünün erməni iddialarına köklənərək varlığını sürdürmək əzminin ifadəçisi olaraq orada dayanmışdılar və bu gün də dayanırlar. Yəni, Rusiya dəyişməyib. Moskva həmişəki kimi, Qarabağdakı separatizmi də körükləməkdədir. 


Dəyişən Ermənistandır. Ölkə indi öz avantürasını Qərb musiqisinin notlarına kökləyib. Məhz buna görə Azərbaycan-Ermənistan münasibətlərinin, erməni avantürizminin tam tərksilah edilməsi ilə tənzimlənməsi Cənubi Qafqazdakı dayanıqlı sülhün və perspektiv əməkdaşlığın vacib faktoru rolunda çıxış etməkdədir. O əməkdaşlıq ki, onda Türkiyə də maraqlıdır. Bu, həm də 44 günlük müharibə ilə başlanılmış işin davamı baxımından son dərəcə vacibdir.  


Gündəmdəki mövzunun Türkiyə-Ermənistan normallaşması olduğunu nəzərə alsaq, qeyd etdiklərimizin fonunda hazırda, obrazlı desək, bütün yollar Ankaraya aparır. Onu da düşünək ki, bir vaxtlar o yollar Moskvaya aparırdı. Deməli, həlledici prinsipial qərarı da, şübhəsiz, Türkiyə verəcəkdir. Bu qərarın ədalətli və düşünülmüş olacağına inanırıq. 

 

Ə.CAHANGİROĞLU, 
“Xalq qəzeti”

Siyasət