Qarabağ Azərbaycandır, karvansara deyil!

post-img

2020-ci ilin 10 noyabr Bəyanatı ilə üzərinə konkret öhdəliklər götürən Ermənistan, iki ildən çoxdur ki, müxtəlif bəhanələrlə sülh sazişini imzalamaqdan yayınmaqdadır. Bugünlərdə rəsmi İrəvan sülh sazişinin imzalanmasının qarşısını almaq üçün yeni təxribata əl atıb. Belə ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Azərbaycanla sülh sazişi layihəsinə “Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin müzakirəsi məqsədilə beynəlxalq mexanizm yaradılması” barədə müddəa daxil edilməlidir. Qriqoryan bunu “ermənilərin hüquq və təhlükəsizliyi” ilə bağlı İrəvanın duyduğu narahatlıqla izah edib.


 Əslində isə Qriqoryanın bu təklifi, sadəcə olaraq sülh prosesini əngəlləmək, Ermənistana militarist siyasətini davam etdirmək üçün daha çox vaxt qazandırmaq məqsədilə irəli sürüldüyü birmənalıdır. Bu təklifin özü bir daha sübut edir ki, Ermənistan sülh sazişi imzalamaqda maraqlı deyil və bununla 44 günlük Vətən müharibəsindən sonra formalaşan yeni reallıqların nə vaxtsa dəyişə biləcəyinə ümid edir. Halbuki, Ermənistanın qəbul edib-etməməsindən asılı olmayaraq, 44 günlük Vətən müharibəsinin regionda yaratdığı reallıqların dünyada qəbul edilməsi göz önündədir. İşğaldan azad edilən ərazilərdə beynəlxalq şirkətlərin də iştirakı ilə həyata keçirilən geniş bərpa və yenidənqurma prosesi, bu torpaqlarda gerçəkləşən regional layihələr bunun ən böyük isbatıdır.


Siyasi və diplomatik əxlaqdan uzaq təklif!


Bununla yanaşı, Armen Qriqoryanın irəli sürdüyü təklif, həm də rəsmi İrəvanın siyasi-diplomatik əxlaqdan tamamilə məhrum olduğunu göstərir. Belə ki, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təmini üçün beynəlxalq mexanizm yaradılmasını təklif edən Qriqoryan, Qarabağın Azərbaycan torpağı olması həqiqətini “unudur”. Görünür, 30 il ərzində Qarabağda terrorçu yetişdirməkdən tutmuş narkotik laboratoriyaları yaratmağa qədər hər cür oyundan çıxan İrəvan, bu gün də Qarabağda istədiyini edə biləcəyini düşünür. Halbuki, artıq Qarabağ və ətraf ərazilər üzərində Azərbaycan dövlətinin faktiki və qətiyyətli nəzarəti mövcuddur və bu torpaqlarla bağlı hər hansı bir təklifin reallaşması yalnız rəsmi Bakının icazəsi ilə mümkün ola bilər. Belə olan halda, Qriqoryanın Qarabağ, orada məskunlaşan insanlar və onların təhlükəsizliyi ilə bağlı hansısa təklif verməsi, xüsusilə də Azərbaycan torpaqlarının ayrılmaz tərkib hissəsi olan bu ərazidə beynəlxalq nəzarət mexanizminin yaradılması ilə bağlı fikir söyləməsi siyasi əxlaqsızlıq və həyasızlıqdır. Bu, Ermənistanın siyasi və diplomatik əxlaqdan məhrum olduğunu göstərir. Qriqoryanın məlum təklifi onu sübut edir ki, Ermənistan hər zaman olduğu kimi, bu gün də qonşu dövlətlərin ərazi bütövlüyünə, sərhədlərinə hörmət etmək mədəniyyətindən uzaqdır. İrəvan qonşu dövlətlərin daxili işinə qarışmağı, onları mütəmadi surətdə təxribata çəkməyi öz dövlət siyasətinin mühüm tərkib hissəsi hesab edir. Başqa sözlə desək, təxribat, bundan əvvəl olduğu kimi, bu gün də Ermənistan hakimiyyətinin əsas məqsədi və məşğuliyyət vasitəsidir.


Ən böyük qarant Azərbaycandır!


Təbii ki, Azərbaycanın harasında məskunlaşmasından asılı olmayaraq, ölkəmizdə yaşayan hər kəs kimi ermənilərin də hüquq və təhlükəsizliyinin dövlətimiz tərəfindən qorunacağı Ermənistana da yaxşı bəllidir. Bugünün özündə ölkəmizdə minlərlə erməninin yaşaması, yüzlərlə erməninin yaşamaq və işləmək üçün ölkəmizə müraciət etməsi faktı bu həqiqətin ən böyük isbatıdır. İrəvanın bu həqiqəti bildiyi halda, belə bir təklif səsləndirməsi onun sülh prosesində səmimi olmadığını göstərir. 


Azərbaycan dövləti sərhədləri daxilindəki hər bir vətəndaşlarının hüquq və təhlükəsizliyinin ən böyük qarantıdır. Bu baxımdan Qarabağ da Azərbaycan ərazisinin bir parçası kimi hər hansı istisna təşkil etmir. Belə olan halda Qarabağda hansısa beynəlxalq mexanizmin yaradılması yolverilməzdir və buna heç bir ehtiyac yoxdur. 


Qarabağdakı azərbaycanlılarla yanaşı, orada yaşayacaq hər bir erməninin də təhlükəsizliyinin ən böyük qarantı Azərbaycan dövlətidir. Əgər İrəvan nə olursa-olsun hansısa beynəlxalq mexanizm yaratmaq istəyirsə, bunu öz  ərazisində yaratması daha məqsədəuyğun olardı.


Xaricdəki erməni havadarlarını Qarabağa gətirmək üçün uğursuz cəhd


Ermənistanın Təhlükəsizlik Şurası katibinin Qarabağda beynəlxalq nəzarət mexanizminin yaradılması və bu təklifin sülh sazişinə salınması təklifi, həm də xaricdəki erməni havadarlarını Qarabağa gətirmək məqsədini daşıyır. İrəvan çalışır ki, hansı formada və ya hansı ad altında olursa-olsun, ermənipərəst qüvvələrin regiona gəlişinə nail olsun. Məqsəd İrəvanın müstəqil şəkildə həyata keçirə bilmədiyi təxribatları ermənipərəst qüvvələrin əli ilə gerçəkləşdirmək, Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsi olan Qarabağı beynəlxalq qüvvələrin müzakirə və mübarizə meydanına çevirməkdir. 


Maraqlıdır ki, 30 il ərzində Qarabağı işğalda saxlayan və burada insan alverindən tutmuş narkotik qaçaqmalçılığına qədər hər cür cinayətlə məşğul olan Ermənistan, indiyədək heç bir beynəlxalq müşahidəçini bu ərazilərə buraxmayıb. O vaxt Qarabağda hansısa beynəlxalq nəzarət mexanizminin yaradılması, bu ərazidə beynəlxalq təşkilatların nəzarətinin təmin edilməsi fikri rəsmi İrəvanın yadına da düşmürdü. Lakin 44 günlük Vətən müharibəsində məğlub olandan və işğaldakı torpaqları itirəndən sonra Ermənistan beynəlxalq hüquq və qlobal şəffaflıq prinsiplərinin “vurğununa” çevrilib. 
Təbii, Ermənistan dövlətinin məqsəd və məramı bizə tamamilə aydındır və Azərbaycan dövləti əsla rəsmi İrəvanın bu təklifinə “hə” deməyəcək. 


Qarabağ beynəlxalq avantüristlərin, erməni havadarlarının oylaq yeri, yaxud hər gəlib-gedənə açıq olan karvansara deyil. Qarabağ Azərbaycandır və Qarabağda söz sahibi hüququ yalnız Azərbaycan dövlətinə malikdir. Burada yaşayan hər kəsin üzərinə düşən yeganə öhdəlik Azərbaycan dövlətinin qərarlarına hörmət etməkdir. 

 


Seymur ƏLİYEV

Siyasət