Fevralın 17-də Ali Məhkəmənin sədri Ramiz Rzayev Şirvan şəhərində Şirvan, Hacıqabul və Salyan rayonlarından, eləcə də digər bölgələrdən olan vətəndaşları qəbul edib.
R.Rzayev qəbulda iştirak edən şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının qayğıları ilə maraqlanıb. Hər bir vətəndaş diqqətlə dinlənilərək məhkəmələrin fəaliyyəti barədə onların müraciətlərinə baxılıb, qaldırılan məsələlərin bəzilərinin yerində həlli ilə bağlı tədbirlər görülüb. Digərləri isə araşdırılması və onların qanunauyğun şəkildə həll edilməsi üçün Ali Məhkəmə Aparatının qəbulda iştirak edən məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Səfər çərçivəsində Ali Məhkəmənin sədri Şirvan Apellyasiya Məhkəməsinin inzibati binası, hakimlərin fəaliyyəti və iş şəraiti ilə tanış olub, Şirvan Apellyasiya Məhkəməsi, Şirvan İnzibati Məhkəməsi, Şirvan Kommersiya Məhkəməsi, Şirvan, Salyan və Hacıqabul rayon məhkəmələrinin hakimlərinin iştirakı ilə müşavirə keçirib.
Sonra Şirvan Apellyasiya Məhkəməsinin 2022-ci ildə ədalət mühakiməsinin və görülmüş işlərin təhlili müzakirə olunub.