Ermənilərin böhtan və yalanları tükənmir

post-img

Laçın-Xankəndi yolu Şuşadan, başıqarlı Kirs dağının ətəklərindən keçir. Kiçik çillənin şaxtalı günlərində aksiya iştirakçıları Qarabağdakı faydalı qazıntı, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etirazlarını bildirirlər.


Bir neçə gün öncə Azərbaycanın Rus İcmasının 30 nəfərdən çox nümayəndə heyəti azərbaycanlı ekoloqların haqlı tələblərini bütün dünyaya çatdırmaq üçün Laçın-Xankəndi yolunda olub. Kimin haqlı, kimin haqsız olduğunu görən Azərbaycanın Rus İcmasının nümayəndəsi, 79 yaşlı İvan Maksimoviç Jvanenko da ekoloji terrora etiraz edənlərdəndir. O, mətbuata açıqlamasında ermənilərin ekologiyamıza vandal münasibətini pisləmişdi. 


Rus İcmasının aksiyada iştirak edən digər bir üzvü Anar Süleymanov da qəzetimizə açıqlamasında faydalı qazıntılarımızın mənimsənilməsini qınayır, erməni fitnəkarlığını pisləyir: Dayım Dmitri Solntsev II Qarabağ müharibəsində Qubadlı uğurunda gedən döyüşlərdə şəhid olub. Dayım kimi mən də Vətənimi sevir və ona bağlıyam. Aksiyada iştirakım həm də onun ruhuna hörmətdir. Bir gənc olaraq faydalı qazıntılarımızın mənimsənilməsinə qarşıyam. Milli sərvətimiz xalqımıza məxsusdur və yalnız xalqımızın inkişafı, Azərbaycanımızın çiçəklənməsinə yönəlməlidir. Aksiya dinc məqsədlidir, biz təbii sərvətlərimizin talanmasına qarşıyıq. Humanitar təyinatlı avtomobillər ərazidən maneəsiz keçir. Bu fakt Vətənimizin necə multikultural olduğunun bir daha sübut edir”.


Aksiya iştirakçılarının haqlı tələblərinə dünya ölkələrinin ziyalı şəxsləri də tərəfdardırlar. Belə ki, sosial şəbəkərlərin Gürcüstan seqmentində ermənilərin ərazi iddiaları gülüşlə qarşılanır, ekologiyaya vurduqları ziyan pislənilir. Gürcü politoloq Quram Marxuliya yazır: “Mən Gürcüstan vətəndaşı olaraq, Azərbaycan ərazilərində olan vəziyyətdən çox narahatam. Bu gün Laçın-Xankəndi yolunda ekoloji fəalların keçirdiyi aksiya haqlıdır. Bu ərazilər Azərbaycanındır və buradakı təbii sərvətləri  ermənilər  və onların digər dövlətlərdə bizneslə məşğul olan şərikləri mənimsəyə bilməzlər. Mən aksiyanı dəstəkləyirəm və tələbləri yerinə yetirilənə kimi davam etməsinin tərəfdarıyam”.


İsveçrənin Davos şəhərindən də  azərbaycanlı ekoloqlara dəstək nümayiş etdirilib. Küçəboyu nümayişçilər "Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarını dayandırın!", "Azərbaycan ərazilərində  ekoloji terrorun törədilməsinə son qoyulsun!" kimi şüarlar səsləndiriblər. 
Görünən odur ki, istər ölkəmizdə, istərsə də xarici dövlətlərdə  Azərbaycan xalqının haqlı tələblərinin carçısına çevrilən aksiya iştirakçılarının mövqeyini dəstəkləyənlərin sayı gündən-günə artmaqdadır. 


Xatırladaq ki, etiraz aksiyası 69 gündür davam edir. Hazırda şaxtalı hava şəraiti hökm sürür və havanın temperaturu mənfi 8 dərəcəni göstərir. Buna baxmayaraq, aksiya iştirakçıları yüksək fəallıq nümayiş etdirir və tələblərini irəli sürürlər. Ekofəallar və gənc könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər. Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar. Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.


Yolda həm Xankəndi, həm də Laçın istiqamətinə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillərin ümumi sayı 90-a çatıb. Bu isə aksiyanın keçirilməsinə baxmayaraq, yolun humanitar məqsədlər üçün açıq olduğunun bariz nümunəsidir. Etirazçıların, guya, Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı Ermənistan mətbuatında yayılan xəbərlər növbəti dezinformasiyadır.

 


Rizvan FİKRƏTOĞLU,   
“Xalq qəzeti”



Siyasət