Zəngin karbohidrogen ehtiyatları hesabına beynəlxalq əməkdaşlıq məkanına çevrilən Azərbaycan Respublikası uzun illərdir ki, bir sıra qlobal enerji və nəqliyyat layihələrinin əsas təşəbbüskarı və iştirakçısı kimi tanınır. Avropanın enerji xəritəsinin zənginlədirilməsinə mühüm töhfələr verən Azərbaycan, həm də ölkələrin inkişafına, xalqların rifahının yaxşılaşdırılmasına yönəlmiş istənilən təşəbbüsü dəstəkləyir, onun reallığa çevrilməsində yaxından iştirak edir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə dirçəldilən tarixi İpək Yolunun üstündə yerləşən Azərbaycan Respublikası ötən illər ərzində Şərqlə Qərb, Şimalla Cənub arasında etibarlı körpü rolunu oynayan müasir nəqliyyat dəhlizlərinin yaradılmasına mühüm töhfələr verib. Bu da ölkəmizin beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi əhəmiyyətini xeyli artırıb.
Son illər Azərbaycan Avrasiya məkanında geniş əks-səda doğuran “Bir kəmər, bir yol” adlı nəcib təşəbbüsün də qızğın tərəfdarı və əsas iştirakçısı rolunda çıxış edir. Xatırladaq ki, “Bir kəmər, bir yol” adlı yeni iqtisadi inkişaf strategiyası 10 il əvvəl, 2013-cü ildə Çin Xalq Respublikası tərəfindən irəli sürülüb. Strategiya özündə iki əsas inkişaf istiqamətini “İpək Yolu iqtisadi kəməri” və “Dəniz İpək Yolu” layihələrini birləşdirir. “Bir kəmər, bir yol”un əsas məqsədi malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasıdır.
Məlum olduğu kimi, ölkəmiz Çinlə qədim ticarət əlaqələrinə malikdir. Əsrlər boyu Çindən Avropa ölkələrinə göndərilən mallar məhz Azərbaycan ərazisindən daşınıb. Elə bu səbəbdən də Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası hökuməti arasında İpək Yolu iqtisadi kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb.
İndi uzaq Çindən başlanaraq Avropayadək geniş bir ərazini əhatə edən “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan bütün ölkələr yol-nəqliyyat infrastrukturunun imkanlarının yaxşılaşdırılmasına səy göstərirlər. Ötən müddətdə Azərbaycan özünün maliyyə resursları hesabına bu sahədə əhəmiyyətli işlər görə bilib. Artıq ölkə ərazisində həm Orta Dəhlizlə bağlı, həm Şimal–Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün əsas işlər yekunlaşıb. Hazırda dəmir yolunun bir hissəsinin modernləşdiririlməsi həyata keçirilir. Yaxın vaxtlarda isə Bakı–Yalama xətti, daha sonra isə Ələt–Astara xətti modernləşdiriləcək. Bu da Şimal–Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən il ərzində 30 milyon tona qədər yük daşımağa imkan yaradacaq. Bununla yanaşı, artıq Bakı–Tbilisi–Qars dəmir yolunun genişləndirilməsi istiqamətində mühüm işlər görülür. Bu məqsədlə dövlət büdcəsindən 100 milyon dollardan çox vəsaitin ayrılması nəzərdə tutulur. Bununla da, dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq.
Göründüyü kimi, “Bir kəmər, bir yol” layihəsi Azərbaycanın tranzit ölkə kimi rolunu gücləndirməklə yanaşı, ölkədə qeyri-neft sektorunun inkişafına və büdcə gəlirlərinin artmasına müsbət təsirini göstərəcək.
Rauf Ağamirzəyev,
nəqliyyat üzrə ekspert
Orta Dəhlizdə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yükdaşımanı sürətləndirmək üçün bir sıra istiqamətlərdə “dar boğazları” aradan qaldırmaq lazımdır. Bu çətinliklər əsasən Qazaxıstan və Gürcüstanda müşahidə edilir.
Orta Dəhliz getdikcə özünü Rusiyadan keçən marşrutlara alternativ olaraq təsdiq edir. Buna baxmayaraq, Orta Dəhlizin fərqli seqmentlərində “dar boğazlar” var. Qazaxıstan Orta Dəhlizin fəal iştirakçılarından biridir. Ötən il bu marşrutla Qazaxıstanın daşıdığı yüklərin həcmi 2021-ci illə müqayisədə 2,5 dəfə artaraq 1,5 milyon tona çatıb. Qeyd etmək lazımdır ki, Qazaxıstan Almatı istiqamətində üçüncü sərhəd-keçid məntəqəsini qurur. Amma bu ölkənin liman infrastrukturu böyük yüklərin ötürülməsi gücündə deyil, onun çeşidli məhsullar üzrə artırılmasına və genişlənməsinə ehtiyac var. Qazaxıstanın əsas marağı neftin, kömürün, uranın ötürülməsi ilə bağlıdır. Lakin Çinin “Bir kəmər, bir yol” konsepsiyası dünyada konteyner yüklərin artırılmasını hədəfləyib. Həmin konteksdə bunları nəzərə alaraq həm Aktau, həm də Kurık limanlarında genişlənmə işləri aparılmalıdır.
Azərbaycan tərəfinə gəlincə isə, onu qeyd edim ki, bu il ərzində Bakı Limanının ikinci fazasının tikintisi ilə bağlı işlərə başlanacaq. Dəmir yolunda isə dəyişən cərəyan sisteminə keçidlə bağlı Ucar-Bakı istiqamətində görülən işlər tamamlanmaqdadır. Eyni zamanda, dəmir yolunun hərəkət tərkibi yenilənməlidir. Azərbaycan həmçinin alternativ yollar istiqamətində də işlər görməlidir.
Orta Dəhlizin digər vacib ölkələrindən biri Gürcüstandır. Bəzən Azərbaycandan göndərilən yüklərin Gürcüstan limanında qalmasını müşahidə edirik. Hazırda Gürcüstan üçün əsas gündəmdə olan məsələ Qafqaza giriş və Qafqazdan çıxış nöqtəsi olan Qara Dənizin şərq sahillərindən dərin sulu Anakliya limanının tikintisidir. Liman 100 milyon ton yük və 1 milyona qədər konteynerin qəbulunu həyata keçirə bilər. Bu limana "Panamax" tipli gəmilərin yan almasına şərait yaradılacaq.
Gürcüstan Şərq-Qərb dəhlizi üzrə avtomobil yollarının, dəmir yollarının moderniziyasının 2024-cü ildə tamamlanmasını gözləyir.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin vacib elementlərindən biridir. Bu marşrutun genişləndirilməsi üzrə də işlər gedir. Dəhlizin Türkiyə hissəsində görülən işlərlə bağlı isə onun bildirim ki, Türkiyə dəmir yollarının genişləndirilməsi layihəsini elan edib. Bu geniş layihədir. 30 il ərzində Türkiyənin infrastrukturuna 190 milyard ABŞ dolları yatırım ediləcəyi gözlənilir. Bu məbləğin hər il 63 faizi dəmir yoluna yatırılacaq. Çünki dəmir yolunun potensialı böyükdür, lakin ötürücülük qabiliyyəti potensialından dəfələrlə aşağıdır. Yəni, Tükiyədə əsas yük avtomobil yolları ilə daşınır, ona görə də bu işlər görülməlidir. Lakin dəmir yolları ilə daha çox yük daşına bilər. Türkiyənin hədəfi budur ki, Ədirnədən (Türkiyə Bolqarıstan sərhədindən) Kartsaxiyədək (Türkiyə-Gürcüstan sərhədinə) dəmir yolu ilə olan 1800 kilometr məsafəni 12 saata qət edilsin.
Orta Dəhlizin cənub hissəsinin Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunda bu ilin ikinci yarısında tikintiyə başlanacaq. Bu istiqamətdə 2023-cü il iyunun 1-dək texniki-iqtisadi əsaslandırmanın yekunlaşdırılması ilə bağlı vaxt qoyulub. Tikinti işləri isə yaxın 5 il ərzində yekunlaşacaq.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”