Mediaya əngəllər sərt cəzalandırılacaq

post-img

Dünən Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasının növbəti  plenar iclası keçirildi. Parlament rəhbərinin  təklifi ilə Türkiyədə təbii fəlakət səbəbindən dünyasını dəyişmiş insanların  xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 


Sonra S.Qafarova plenar iclasın gündəliyinə 31 məsələnin daxil edildiyi barədə məlumat verdi. 
İclasda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə media haqqında qanunvericiliyin pozulmasına görə cərimələrin  artırılması da  əksini tapıb. Dəyişikliyə əsasən, media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayımına mane olmağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə ediləcəklər. 
Eyni zamanda, qanun layihəsinə əsasən, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə, üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə müəyyənləşir. Həmçinin məcəlləyə təklif edilən digər dəyişikliklə qanunla müəyyən edilmiş müddətdə onların sorğusuna cavab verilməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq edilməsi təklif edilir. 
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsindən sonra  Milli Məclis Azərbaycanda media subyektlərinin əldə etdikləri gəlirlərin vergidən azad olunması məsələsini birinci  oxunuşda qəbul etdi. Qanun layihəsinə əsasən, media subyektlərinin kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərin, o cümlədən reklam gəlirlərinin gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi təklif edilir. Məcəlləyə dəyişiklik layihəsi qəbul ediləcəyi təqdirdə 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq və bu qanun  audiovizual media subyektlərinə şamil olunmayacaq.
Sonra gündəlikdəki digər məsələlər də müzakirə olunaraq müvafiq qərar qəbul edildi.  
Bununla da Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası  başa çatdı.

 

Müşfiq ƏLƏSGƏRLİ, 
media eksperti

Beynəlxalq təcrübəyə görə, müstəqil KİV-in gəlirlərinin ən azı  75 faizi reklam və elanlardan formalaşmalıdır. Digər 25 faizi isə satış, yayım və sair tipli gəlirlər təşkil edir. Təəssüf ki,  indiyədək  Azərbaycanda vəziyyət fərqlidir. KİV-in reklam gəlirləri çox aşağı olub. Bunun da fərqli səbəbləri vardır. Media subyektlərinin  gəlirlərinin, o cümlədən reklam gəlirlərinin  vergidən azad edilməsi təklifinin parlamentdə müzakirəyə çıxarılması müsbət addımdır. Bu addım Azərbaycanda müstəqil və peşəkar KİV-in inkişafına ciddi dəstək olacaq. İndiki mərhələdə onların bu cür proqramlara ciddi ehtiyacı var. 
Ədalətsiz rəqabət mühitində peşəkar KİV-in dayanıqlığını artırmaq üçün təklif edilən variantlardan biri də vergi güzəştlərinin tətbiq olunması idi. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişikliklər və KİV-ə vergi güzəştlərinin tətbiqi  məsələsi  bu kontekstdə ciddi irəliləyişdir. Burada söhbət, ümumilikdə 10 milyon manatlıq dövriyyə vəsaitindən gedir. Bu vəsait xüsusilə çap mediası üçün ciddi maliyyə mənbəyi rolunu oynayacaq. 
Etiraf edək ki, media mühitindəki xaotiklik, qeyri-şəffaflıq inkişaf üçün tərtib olunan proqramların effektinə təsir edib. 2022-ci ildə qüvvəyə minmiş  “Media haqqında” Qanun, həmçinin, yenicə tətbiqinə başlanılan Media Reyestri proqramı bu xaotikliyi, qeyri-şəffaflığı aradan qaldırır. Media mühiti şəffaflaşdıqca, dövlətin KİV-in inkişafına yönəlik proqramları da effektiv olacaq.  


Əliqismət  BƏDƏLOV, 
“Xalq qəzeti”



Siyasət