Hay diasporunun “ayı” xidməti

post-img

Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurası “1915-ci il soyqırımı” ilə bağlı milli səfərbərlik elan edib

Dünyanın müxtəlif ölkələrindəki erməni diaspor təşkilatları siyasi təzyiq mexanizminə çevirdikləri növbəti ritualı həyata keçirirlər. Söhbət 1915-ci il hadisələrinin 111-ci ildönümü münasibətilə “əzabkeş xalqın sağalmayan yaralarına” göz yaşı axıtmaq, “günahkarları cəzalandırmaq, hayları tarixi torpaqlarına qaytarmaq üçün” dünyaya car çəkmək xəstəliyindən gedir. Əvvəlki illərdə olduğu kimi, bu dəfə də Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurası (CCAF) kampaniyaya fon verən statusundadır.

Bu bədnam qurum “ümummilli erməni səfərbərliyi” üçün beş səbəb açıqlayıb. Həmin səbəblərlə tanışlıq erməni lobbisinin bölgədə və dünyada dəyişmiş reallığa uyğunlaşa bilmədiyini ortaya qoyur. Formal olaraq “səfərbərlik” tədbirləri Osmanlı İmperiyasında bir əsrdən çox əvvəl baş vermiş hadisələrin ildönümünə həsr olunsa da, mahiyyət etibarilə anti-Azərbaycan siyasi manifestini təmsil edir. Məqsədləri uydurma “tarixi yaddaş” pərdəsi altında suveren dövlətə qarşı məqsədyönlü kampaniya aparmaqdır.

CCAF-ın “aprel tezislərinə” nəzər yetirək. Birinci tezis “tarixi yaddaş borcunu yerinə yetirmək”dir. Hər hansı bir xalqın öz tarixini unutmamaq hüququnu kim əlindən ala bilər ki? Heç kim. Fəqət burada problem bu yaddaşın necə instrumentallaşdırılmasındadır. Bir diaspor sənədindən digərinə miqrasiya edən “bir milyon yarım qurban” tarixi müzakirədən ayrılaraq siyasi ritorikalı təzyiq alətinə çevrilib. Bernard Lyuis, Günter Lyui kimi fransız əsilli tarixçilər bu rəqəmin yenidən araşdırılmasının vacibliyinə diqqət çəkiblər. Onlar qeyd edirlər ki, etnik toqquşmaların qurbanlarını qıtlıq, epidemiya və Anadolunun müsəlman əhalisinə eyni dərəcədə təsir edən hərbi əməliyyatlarla qarışdırırlar. Amma ermənilər hadisələrə istənilən elmi və ya tarixi yanaşmanı qəti şəkildə rədd edirlər. Məhz bu səbəbdən tarixi yaddaş ehkama, ehkam isə siyasi silaha çevrilir.

“Erməni soyqırımının inkarına qarşı mübarizə” adlanan ikinci tezisdə Azərbaycan və Türkiyə “təftişçi təbliğat” və “irqçi nifrət ritorikasında” ittiham edilir. Müasir Azərbaycanı 1915-ci il hadisələri ilə əlaqələndirmək cəhdi bölgənin tarixindən bixəbər auditoriya üçün nəzərdə tutulmuş məqsədyönlü manipulyasiyadır. Tezisin məzmunu adamı intellektual çirkinliyi ilə heyrətləndirir. Türkiyəyə gəlincə isə Ankara dəfələrlə hər iki tərəfin arxivlərini araşdırmaq üçün tarixçilərdən ibarət birgə komissiya yaradılmasını təklif edib. Türkiyə Baş Qərargah Arxivləri (ATASE) 1915-ci il hadisələri ilə bağlı bütün sənədlərə girişi təmin edir. Buna baxmayaraq, Ermənistan və erməni diasporu bu təklifi ardıcıl olaraq rədd edir. Axı arxivlərin açılması hayların diasporları və lobbistləri üçün diqqətlə qurulmuş paradiqmanı məhv olması təhlükəsini yaradır. Onlar üçün bir tərəf yalnız qurban, digər tərəfin isə cəllad kimi təqdim olunması sərfəlidir.

Gələk 3-cü tezisin üzərinə. “Artsaxa ədalət” bəlkə də düşünülmüş paradiqmanın ən biabırçı elementidir. Burada iddia olunur ki, “Türkiyə–Azərbaycan tandemi” 2023-cü ildə guya Qarabağda “etnik təmizləmə” həyata keçirib, 120 mindən çox erməni oranı tərk etməyə məcbur olub. Əvvəlcə onu nəzərə çatdıraq ki, beynəlxalq hüquq heç vaxt “Artsax” kimi bir qurum tanımayıb. Necə olur ki, Ermənistan 27 il BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymayanda haqlı olur, Azərbaycan antiterror tədbirləri çərçivəsində beynəlxalq səviyyədə tanınmış ərazisi üzərində öz suverenliyini tam bərpa edəndə diaspor onu “soyqırımı” elan edir?

Dördüncü tezis – “girovların azad edilməsi” ayrıca təhlilə layiqdir. Çünki burada terminoloji əvəzləmə kulminasiya nöqtəsinə çatır. Bakı məhkəməsi tərəfindən məhkum olunanlar Azərbaycan dövlətinə və onun vətəndaşlarına qarşı ağır cinayətlərdə ittiham olunan separatçı rejimin keçmiş rəhbərləri və hərbi komandirlərdir. Onların arasında qondarma “dqr” rejiminin “prezidentləri” adlandırılan şəxslər, silahlı müqavimətin təşkilində iştirak edən və qanunsuz silahlı birləşmələrə komandanlıq edənlər də var. Onları “əsir” adlandırmaq vəziyyəti qəsdən qanuni çərçivədən kənara çıxarmaqdır. Dünyanın istənilən ölkəsinin öz ərazisi daxilində separatizm və terrorizmdə ittiham olunanları mühakimə etmək hüququ var.

Sonuncu, 5-ci tezis isə artıq şablonlaşmış iddiadır: “Ermənistanı onu təhdid edən Azərbaycandan qorumaq”. Burada məqsəd Ermənistanı daim xarici müdafiəyə ehtiyacı olan əbədi qurbana çevirməkdir. İddia olunur ki, “Artsax”ın ilhaqı”ndan sonra Prezident İlham Əliyev “açıq şəkildə Ermənistanı hədələyir”. Amma bu zaman elementar reallıq “unudulur” ki, regionda sülh gündəliyinin əsas təşəbbüskarı məhz Bakıdır. Bunun fonunda məntiqli sual yaranır: “Rəsmi İrəvanın burada mövqeyi necədir?” Məlum olduğu kimi, Ermənistan hakimiyyəti diaspor təşəbbüslərindən uzaqlaşır, onları hakimiyyətin təsir edə bilmədiyi muxtar fəaliyyət kimi təqdim edir. Ancaq bu yanaşma getdikcə daha az inandırıcı olur. Vaşinqtonda Ermənistan sülh sazişi layihəsini parafladı və Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə tanıdı. Əgər bu addımlar səmimidirsə, o zaman İrəvan diaspor təşkilatlarının imzalanmış sənədlərin ruhuna və hərfinə birbaşa xələl gətirən fəaliyyətini birmənalı və açıq şəkildə pisləməlidir. Yoxsa sülh sazişlərini imzalamaq və eyni zamanda beynəlxalq səviyyədə tanınmış sərhədlərin bərpasını “etnik təmizləmə” və qanuni cinayət təqiblərini “əsirlik” adlandıran diasporaya səssizcə göz yummaq mümkün deyil.

Belə məlum olur ki, “təcavüzkar” Azərbaycan, “cəllad” Türkiyə olmasa, bütün konstruksiya öz mənasını itirir. Bununla yanaşı, onilliklər boyu bu feyk-ideologiya üzərində karyera quranlar siyasi nüfuzunu itirir. CCAF, ANCA, Hay Dat və onlarla oxşar təşkilatlar yalnız münaqişə (hətta xəyali formada) mövcud olduğu müddətcə mövcuddur. Onlar üçün sülh ekzistensial təhlükədir.

...Aprelin 24-də yenə şamlar yandırılacaq, alovlun və “nisgilli” çıxışlar ediləcək, siyasi bəyanatlar veriləcək, “öz müqəddaratını təyinetmə hüququ”, “tarixi ədalət”, “doğma yurda qayıdış” tələbləri səslənəcək. Azərbaycan növbəti dəfə “təcavüzkar” adlandırılacaq, onun öz ərazisində qanuni hərəkətlərinə “cinayətlər” damğası vurulacaq. İntəhası, reallıq bunların hamısından üstün və amansızdır: Qarabağ Azərbaycandır, Vaşinqtonda sənədlər imzalanıb, sülh prosesi irəliləyir və ərazi revizionizmi nə qədər yalançı matəmlə örtülsə də, revizionizm olaraq qalır. İndi erməni diaspor təşkilatları və Ermənistan dövləti fundamental seçim qarşısındadır: ya yeni reallıq çərçivəsində gələcəyi qurmaq, ya da mifologiyadan yapışaraq özünüaldatmaqda davam etmək...

Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq

Dünyanın müxtəlif ölkələrindəki erməni diaspor nümayəndələri, xüsusilə də Fransadakılar hələ də xəstə və köhnəlmiş zehniyyətlərindən əl çəkməyiblər. Görünür, son beş ildə baş verən hadisələr, gedən proseslər bunlara dərs olmayıb. Fransanın özünə gəldikdə isə deyə bilərik ki, on doqquzuncu əsrdə bu ölkə Almaniya ilə müharibə aparırdı. Amma sonra barışdı, indi də Avropa İttifaqında yanaşıdırlar. Yaxud İkinci Dünya müharibəsindən sonra Yaponiya ABŞ-ı özünə düşmən elan etmişdi. Hazırda müttəfiq ölkələrdir, ABŞ-ın Yaponiya ərazisində hərbi bazası yerləşir. Çünki geosiyasi maraqlar qalan bütün məsələləri üstələyir. Onlar reallıqla uyuşan və öz maraqlarına cavab verən addımları atmaqdan çəkinmirlər.

Fransadakı erməni diasporu nəyə nail olmaq istəyir? Əslində, sevinməlidirlər ki, Ermənistan onilliklərlə düşdüyü dalan vəziyyətindən çıxmaq şansı əldə edib. Azərbaycan və Türkiyə ilə münasibətlərini nizama salmağı planlaşdırır. Dünyaya açıq, qonşuları ilə əməkdaşlıqda qərarlı, inkişafa yönələn real Ermənistan onları sevindirməlidir. Bunun əvəzində həmin diaspor nümayəndələri fantastik xülyalarla yaşamaqda davam edirlər. Axı görürlər ki, Ermənistanın özündə vəziyyət dəyişir, sağlam fikirli, praqmatik siyasətçilər ortaya çıxırlar. Hər halda, indiki hakimiyyətin reallıqdan çıxış edərək, Azərbaycanla münasibətləri normallaşdırmaq istədiyinin fərqindədirlər. Hesab edirəm ki, bunlar müəyyən dərəcədə idarə olunan qüvvələrdir. Siyasi cəhətdən nüfuzlu, maliyyə cəhətdən zəngin ermənipərəst dairələr Azərbaycana və Türkiyəyə mesajlar göndərməkdə maraqlıdırlar. Məqsədləri türkiyəfobiya və azərbaycanofobiya isterikası ilə münasibətlərin gərginləşməsinə nail olmaqdır. Bu isə çoxdan sönmüş ocağın külü ilə oynamağa bənzəyən faydasız cəhddir...

İmran BƏDİRXANLI
XQ



Siyasət