İrəvanın “üçüncü ölkə” arzusu puç olur

post-img

Moskva Ermənistan dəmir yolunun idarəçiliyini əldən vermək istəmir

Qazaxıstan hazırda Ermənistanın dəmir yollarına dair Rusiyaya məxsus konsessiyanın alınması ilə bağlı hər hansı danışıqlar aparmır. Bu barədə “İnterfaks-Qazaxıstan” agentliyinə həm “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətindən, həm də ölkənin Nəqliyyat Nazirliyindən məlumat verilib.

Qazax dilində abreviaturası KTJ (“Kazakstan Temir Jolı”) olan səhmdar cəmiyyətdən agentliyin sorğusuna verilən cavabda deyilir: “KTJ-yə Qazaxıstanın Ermənistan dəmir yollarının idarə olunmasına dair Rusiya konsessiyasını əldə etməsi ilə bağlı hər hansı rəsmi sənəd daxil olmayıb”. Nəqliyyat Nazirliyindən də bildirilib ki, “bu günə olan məlumata görə, Qazaxıstan tərəfinin Ermənistan dəmir yollarına dair Rusiyaya məxsus konsessiyanı alması istiqamətində danışıqlar aparılmır”.

Məlumat üçün bildirək ki, konsessiya dövlətlə özəl şirkət arasında qurulan əməkdaşlıq modelidir. Bu model çərçivəsində dövlətə məxsus təbii sərvətlər, onun mülkiyyətində olan sənaye müəssisələri, infrastruktur obyektləri və ya xidmət sahələri müəyyən müddətə istismar üçün özəl sektora verilir. Buna dair razılaşma əldə edilir, bir qayda olaraq saziş imzalanır. Ermənistanın dəmir yolları şəbəkəsinin idarəetməsi 18 ildən çoxdur ki, “Cənubi Qafqaz Dəmir Yolları” (CQDY) Qapalı Səhmdar Cəmiyyətinin, necə deyərlər, əlində cəmləşib. CQDY isə “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin xüsusi olaraq yaradılmış törəmə müəssisəsidir. 2008-ci il fevralın 13-də İrəvanda “Rusiya Dəmir Yolları” ASC ilə Ermənistan Respublikası arasında dövlətə məxsus “Ermənistan Dəmir Yolları” QSC-nin idarəetməsinin 2038-ci ilədək “Cənubi Qafqaz Dəmir Yolları” QSC-yə konsessiya əsasında verilməsi barədə müqavilə imzalanıb. Müqavilədə idarəçiliyin daha 10 il uzadılma imkanı da nəzərdə tutulub.

İndi isə Ermənistan hakimiyyəti dəmir yollarının konsessiya idarəçiliyinin Rusiyadan alınaraq həm İrəvan, həm də Moskva ilə dostluq münasibətlərinə malik üçüncü ölkəyə verilməsini istəyir. Baş nazir Nikol Paşinyan 2026-cı il fevralın 13-də respublikanın dəmir yolunun müəyyən hissələrinin konsessiyasını qeyd olunan kriteriyaya uyğun gələn üçüncü ölkəyə, xüsusilə Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və ya Qətərə satmağı nəzərdən keçirdiklərini bildirmişdi. Paşinyan az sonra bununla bağlı təkliflərini Kremlə təqdim etmiş və bunu Ermənistan dəmir yolu şəbəkəsinin Rusiya tərəfindən idarə olunması şəraitində ölkəsinin rəqabət üstünlüklərindən məhrum olması ilə əsaslandırmışdı. Bildirmişdi ki, Rusiyanın idarəetməsində olduğu üçün Ermənistan dəmir yolu şəbəkəsindən yararlanmaq perspektivindən imtina edən ölkələr var. O, Rusiyanın razılıq verəcəyi təqdirdə, Qazaxıstanın həmin konsessiyanı əldə etməsinə Ermənistanın etiraz etməyəcəyini vurğulamışdı.

Ermənistan Baş naziri martın 26-da yenidən bu məsələyə qayıtmış, əvvəllər Rusiyaya təqdim olunan təklifi xatırladaraq dəmir yollarının konsessiya idarəçiliyinin üçüncü ölkəyə verilməsinin vacibliyindən danışmışdı. Həmin gün hökumətin iclasından sonra keçirdiyi brifinqdə ölkəsinin dəmir yolu şəbəkəsinin idarəçiliyinin Qazaxıstana verilməsi ilə bağlı müzakirələrin aparıldığı barədə məlumatların həqiqətəuyğun olub-olmadığına münasibət bildirən Paşinyan demişdi ki, Rusiya və Ermənistan arasında KTJ-nin hər iki ölkə üçün məqbul olduğu barədə qarşılıqlı anlaşmanın əldə edilməsi faydalı olardı: “Danışıqlar bir qədər fərqli gedir, çünki rusiyalı tərəfdaşlar hələlik “yaxşı, gəlin bunu edək” deməyiblər. Belə ideyalar mövcuddur, amma onlar yalnız ideyalardır”. Paşinyan qeyd etmişdi ki, martın 23-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ermənistanın dəmir yolları ilə bağlı məsələ də müzakirə olunub. Lakin o, bu məsələdə yenilik olmadığını, iş prosesinin davam etdiyini sözlərinə əlavə etmişdi.

***

Ancaq Moskva CQDY-dəki konsessiyasını heç kəsə güzəştə getmək niyyətində deyil. Çünki CQDY-nin konsessiyası Rusiya üçün təkcə nəqliyyat layihəsi deyil, regionda uzunmüddətli strateji mövcudluğun daha bir alətidir. Kremldə yaxşı dərk edirlər ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini donduran, Avropa İttifaqına üzvlüyü prioritet elan edən, Rusiya ilə siyasi məsafəni artıran Ermənistanın dəmir yolları şəbəkəsinə nəzarətin itirilməsi təkcə Cənubi Qafqazdakı logistik xəritəni deyil, siyasi balansı da dəyişə bilər. Rusiya anlayır ki, Ermənistanın nəqliyyat infrastrukturunda təsir imkanlarının zəifləməsi digər güc mərkəzlərinin bölgədə rolunu daha da artıracaq. Sözsüz ki, məsələnin iqtisadi tərəfləri də yox deyil. Ancaq CQDY üzərində nəzarətin saxlanılması Moskva üçün daha çox geosiyasi baxımdan prinsipial məsələ hesab olunur. Məhz buna görə Kreml CQDY məsələsində mümkün qədər sərt və kompromissiz mövqe nümayiş etdirir. Rusiyanın rəsmi şəxsləri bunu riskli ideya sayaraq birmənalı şəkildə rədd edirlər.

İdeya gündəmə gələr-gəlməz – fevralın 19-da Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Ermənistan hakimiyyətinin dəmir yolu idarəetməsində Rusiyanı əvəzləmə niyyətini “yetərincə işlənilməmiş həll yolu” adlandırması diqqəti cəlb edir. Şoyqu əsas dövlət informasiya agentliyi – TASS-a müsahibəsində bununla bağlı suala cavab olaraq demişdi: “Digər dövlətlərin dəmir yolu təsərrüfatını idarəetmə səriştəsini qiymətləndirmək istəmirəm, amma əminliklə deyə bilərəm ki, Ermənistanda heç də sadə olmayan şəraitdə uzun illərdir səmərəli fəaliyyət göstərən Rusiya dəmir yolu daşıyıcısını hansısa başqa kompaniyanın tam şəkildə əvəz edə bilməsi çətin görünür”.

TŞ katibi iddia etmişdi ki, CQDY təxminən, 20 ildir sərmayələrlə bağlı müddəalar da daxil olmaqla, konsessiya sazişinin tələblərini məsuliyyətlə yerinə yetirir. Onun sözlərinə görə, ötən müddət ərzində Rusiyanın Ermənistan dəmir yolu sisteminə, o cümlədən dəmir yolu nəqliyyatına yatırdığı sərmayələrin həcmi 30 milyard rubldan çox qiymətləndirilir: “İndi isə Nikol Paşinyan Ermənistanın dəmir yollarının Rusiya şirkətinə güzəştə gedilməsinin potensial tərəfdaşları qorxutduğunu, regional layihələrə mane olduğunu və Ermənistanın dəmir yolu şəbəkəsinə nəzarəti həm Moskva, həm də İrəvan üçün dost ölkəyə ötürməyi düşündüyünü deyir. Bu yaxınlarda Ermənistanın ABŞ ilə nüvə sahəsində əməkdaşlıq planlarına dair vəziyyəti şərh etmişdim. İndi isə sual yaranır: diplomatik dillə desək, yetərincə işlənilməmiş belə qərarlar Ermənistanın sadə vətəndaşlarının bədəl ödəyəcəyi eyni dərəcədə təhlükəli təcrübələrə gətirib çıxarmayacaqmı? Demək olar ki, 20 il ərzində formalaşmış sistem bir anda sadəcə, çökə bilər. Bunun məsuliyyətini isə heç bir “dost ölkə” təbii ki, öz üzərinə götürməyəcək. Ümid edirəm ki, Ermənistan rəhbərliyi məsul qərarlar qəbul edərkən yalnız öz vətəndaşlarının maraqlarından çıxış edəcək”.

Rusiyanın daha bir yüksək vəzifəli şəxsi – nəqliyyat naziri Andrey Nikitin isə martın 30-da bildirmişdi ki, ölkəsi Ermənistan dəmir yollarının idarə olunması üzrə konsessiyanın Qazaxıstana verilməsi ilə bağlı danışıqlar aparmır. “Deyə bilərəm ki, birincisi, biz heç kəsə heç bir konsessiyanı verməyi planlaşdırmırıq. İkincisi, Ermənistandakı həmkarlarımız və tərəfdaşlarımız bu məsələləri bizimlə rəsmi səviyyədə müzakirə etməyiblər”, – deyə nazir “RİA Novosti”yə müsahibəsində qeyd etmişdi. O vurğulamışdı ki, bu mövzu ilə bağlı Qazaxıstanda da heç kəslə təmasda deyillər.

Aprelin 1-də məsələ ilə bağlı fikir bildirmək “növbəsi” Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya çatıb. Təbii ki, o da rəsmi mövqedən çıxış edərək Moskvanın bu istiqamətdə nə İrəvan, nə də Astana ilə danışıqlar aparmadığını vurğulayıb. Rusiya nəqliyyat nazirinin az öncə xatırlatdığımız fikirlərinə istinad edən Mariya Vladimirovna deyib: “Nəzərə almaq lazımdır ki, bu, bilavasitə profil qurumun rəhbərinin verdiyi açıqlamadır. Mən də xatırlatmaq istərdim ki, Ermənistanla 2008-ci ildə imzalanan müqavilənin müddəti 30 ildir və daha 10 il müddətinə uzadıla bilər. Uzun illərdir ki, “Cənubi Qafqaz Dəmir Yolları” QSC bu müqavilənin şərtləri məsuliyyətlə icra edir. Rusiyanın Ermənistan dəmir yolları infrastrukturuna qoyduğu investisiyanın həcmi 30 milyard rubldan çox olub”.

Belə bir məqamda – aprelin 1-də Ermənistan Baş naziri Moskvada işgüzar səfərdə oldu. N.Paşinyan həmin gün Kremldə Rusiya Prezidenti ilə görüşdü. Görüşlə bağlı nə Ermənistan, nə də Rusiya hökumətinin yaydığı rəsmi məlumatlarda CQDY-nin konsessiyası məsələsinin müzakirə olunduğuna dair heç bir qeyd yoxdur. Hər iki məlumatda əsas diqqətin ikitərəfli münasibətlərə, regional kommunikasiyalara və iqtisadi əməkdaşlığa yönəldiyi bildirilib. Bununla belə, səfər öncəsi bu istiqamətdə verilən çoxsaylı açıqlamalara, Ermənistan dəmir yollarının idarəçiliyi mövzusunun Moskva ilə İrəvan arasında aktual məsələlərdən biri olduğuna görə ehtimal etmək olar ki, bu məsələ görüşün mediaya qapalı hissəsində ciddi şəkildə müzakirə olunub.

N.Paşinyanın Moskva səfəri başa çatar-çatmaz – aprelin 2-də Rusiya baş nazirinin müavini, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçukun TASS-a müsahibəsində səsləndirdiyi fikirlər bu ehtimalı təsdiqləyir. Overçuk müsahibədə bildirdi ki, CQDY-nin konsessiyasının üçüncü ölkəyə satılması üçün heç bir obyektiv səbəb mövcud deyil. “Rusiyada sözə deyil, əmələ qiymət vermək adətdir. Onlar özəl elektrik enerjisi şirkətinin mülkiyyət hüququnu əlindən aldılar (Ermənistanın müvafiq dövlət qurumunun oliqarx-revanşist Samvel Karapetyanın “Taşir” şirkətlər qrupuna məxsus “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin elektrik enerjisinin ötürülməsi və paylanması lisenziyasını ləğv etməsi nəzərdə tutulur–S.H.), indi isə dəmir yolu konsessiyası məsələsini gündəmə gətiriblər. Buna necə reaksiya vermək olar?” – deyə sual edən Rusiya Baş nazirinin müavini qeyd edib ki, təklif olunan konsessiya satışı nəticəsində Ermənistan dəmir yolu təkcə Rusiya yüklərini deyil, böyük ehtimalla Rusiya Dəmir Yolları ilə qarşılıqlı əlaqələri də itirəcək.

***

Beləliklə, Rusiya dövlət rəsmilərinin açıqlamalarından, indi isə Qazaxıstanın da mövqeyini bəyan etməsindən sonra aydın olur ki, İrəvanın konsessiya məsələsində arzuladığı “üçüncü ölkə” məsələsi real siyasi gündəliyə çevrilməyəcək. Paşinyan hakimiyyəti hər nə qədər çalışsa da, Ermənistanın dəmir yolu şəbəkəsinin idarəçiliyini Rusiyadan alıb öz əlində cəmləşdirmək, yaxud onu üçüncü ölkəyə ötürmək cəhdləri ideya olaraq qalacaq.

Qazaxıstanın bu istiqamətdə heç bir danışıqlar aparılmadığını rəsmən bildirməsi Kremlin mövqeyi ilə üst-üstə düşür. Rəsmi Astana müstəqil siyasət yürütsə də heç vaxt Rusiyanın iradəsinə zidd addım atmaz, xüsusilə də strateji nəqliyyat infrastrukturu kimi həssas sahədə. Nəzərə almaq lazımdır ki, iki ölkə arasında sıx müttəfiqlik münasibətləri və aktiv iqtisadi əməkdaşlığa əsaslanan hərtərəfli strateji tərəfdaşlıq mövcuddur. Bu isə Paşinyanın planının əsas dayaqlarından birinin çökməsi deməkdir. Ermənistan rəhbərliyi ümid edirdi ki, Rusiyanın razılığı ilə də olsa, dəmir yolu konsessiyasını Qazaxıstana ötürməklə həm Moskvanın təsirini zəiflədəcək, həm də özünü alternativ tərəfdaşlara açıq ölkə kimi təqdim edəcək. Lakin Rusiya buna “yaşıl işıq” yandırmadı. Əslində, Moskvanın strateji əhəmiyyət daşıyan dəmir yolu məsələsində heç bir halda güzəştə getməyəcəyi gözlənilən idi. Şoyqunun, Nikitinin, Zaxarovanın və Overçukun açıqlamaları, indi isə Astanadan verilən cavab göstərir ki, Paşinyanın belə deyək, konsessiya manevri siyasi reallıqla tərs mütənasibdir. İrəvanın Rusiyadan uzaqlaşmaq, strateji sahələrdə söz sahibinə çevrilmək, iqtisadi müstəqilliyə nail olmaq cəhdi yenə nəticəsiz qalır. Ermənistan dəmir yollarının taleyi hələ uzun müddət Moskvadan asılı olacaq.

Səxavət HƏMİD

XQ

Siyasət