Cenevrə prosesi Ukraynaya sülh gətirəcəkmi?

post-img

Cenevrədə Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətlərinin iştirakı ilə keçirilən üçtərəfli danışıqlar Rusiya–Ukrayna müharibəsinin mümkün atəşkəs mərhələsinə keçidi baxımından müəyyən taktiki irəliləyiş siqnalları versə də, strateji və siyasi müstəvidə hələlik ciddi nəticələr ortaya qoymayıb. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, danışıqlarda xüsusilə atəşkəsin monitorinq mexanizmləri üzrə müəyyən yaxınlaşma əldə olunub və ABŞ tərəfinin bu prosesdə iştirak etməsi nəzərdə tutulur. Onun sözlərinə görə, hərbi istiqamətdə tərəflər prinsipial anlaşmaya xeyli yaxınlaşıblar və mütəxəssislər səviyyəsində atəşkəsə nəzarətin necə həyata keçirilə biləcəyi barədə ortaq anlayış formalaşıb.

Bu, o deməkdir ki, texniki baxımdan monitorinq mexanizmi, daha dəqiq desək, insidentlərin qeydə alınması, məlumat mübadiləsi, nəzarət alətləri və beynəlxalq iştirak ilkin çərçivədə razılaşdırıla bilər. Lakin prosesin reallaşması üçün əsas şərt siyasi iradənin mövcudluğudur. Prezident Zelenskinin açıqlamasından aydın olur ki, hərbi kanalda konstruktivlik daha yüksək səviyyədədir, siyasi blokda isə ziddiyyətlər qalır. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatovun Cenevrədən qayıtdıqdan sonra texniki detallarla bağlı geniş hesabat təqdim edəcəyi gözlənilir ki, bu da mexanizmin hələ tam formalaşmadığını göstərir.

Siyasi istiqamətdə isə əsas mübahisə mövzuları dəyişməz olaraq qalır: şərq bölgələrinin statusu, təhlükəsizlik təminatları və Rusiyaya qarşı tətbiq edilən sanksiyaların perspektivi. Kiyev ərazi bütövlüyü prinsipindən geri çəkilməyəcəyini bəyan edir, Moskva isə faktiki nəzarətdə saxladığı ərazilərlə bağlı mövqeyini qoruyur. Bu ziddiyyətlər səbəbindən hərbi-texniki razılaşma ilə siyasi kompromis arasında ciddi məsafə mövcuddur. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstem Umerov bildirib ki, təhlükəsizlik parametrləri və mümkün qərarların icra mexanizmləri müzakirə olunub, bəzi məsələlər dəqiqləşdirilsə də, əlavə razılaşdırma tələb edən istiqamətlər qalır.

Qərb mediasında danışıqların ilk günü ilə bağlı skeptik mövqe üstünlük təşkil edir. Xüsusilə “Axios” siyasi danışıqların dalana dirəndiyini yazmışdı. Buna baxmayaraq, hərbi istiqamətdə əldə olunan nisbi irəliləyiş prosesin tam iflasa uğramadığını göstərir. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski danışıqları “ağır, lakin işgüzar” kimi xarakterizə edib və yeni raundun yaxın vaxtlarda keçiriləcəyini bildirib ki, bu da tərəflərin dialoqu davam etdirmək niyyətində olduqlarını göstərir.

Strateji baxımdan mövcud mənzərə belə qiymətləndirilə bilər: hərbi-texniki səviyyədə atəşkəsin monitorinqi üzrə konturlar formalaşır və ABŞ-ın iştirakı prosesə beynəlxalq legitimlik elementi əlavə edir. Lakin siyasi səviyyədə ərazi, təhlükəsizlik zəmanətləri və sanksiyalar kimi fundamental məsələlər üzrə ortaq mövqe yoxdur. Bu isə Cenevrə prosesinin hələlik müharibənin yekun siyasi həll mərhələsinə keçid deyil, mümkün atəşkəs arxitekturasının ilkin modelinin qurulması mərhələsində olduğunu göstərir. Davamlı və ədalətli sülh üçün tərəflərin yalnız hərbi mexanizmlər deyil, siyasi kompromis üçün də real iradə nümayiş etdirməsi əsas şərt olaraq qalır.

Səbuhi MƏMMƏDOV
XQ

Siyasət