Avropada ayrılan yollar

post-img

Aİ-nin rəqabət qabiliyyəti içəridən “pas atıb”

Avropa İttifaqının mövcud siyasi və iqtisadi mənzərəsinə dərindən nəzər saldıqda Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin üzv dövlətlər arasında konsensusun əldə edilməməsi nəticəsində qitənin rəqabət qabiliyyətinin sarsıla biləcəyinə dair son xəbərdarlığı bürokratik bəyanat hesab edilməməlidir. Əksinə, səsləndirilən fikir İttifaqın gələcək taleyini müəyyən edən mühüm strateji diaqnoz kimi qiymətləndirilməlidir.

Hazırkı məqamda sözügedən bəyanatın aktuallığı hər zamankindən daha kəskin xarakter daşıyır. Asiya və Şimali Amerika qitələrində texnoloji sıçrayışların baş verdiyi dövrdə “qoca qitə”nin qarşısında duran əsas çağırış daxili parçalanma, qərar qəbuletmə mexanizmlərindəki ləngimələr və milli eqoların kollektiv maraqları üstələməsidir.

Ursula fon der Lyayenin rəhbərliyi altında formalaşan və iddialı şəkildə “Geosiyasi Komissiya” adlandırılan strukturun fəaliyyəti dövründə Mario Draginin rəqabət qabiliyyətinə dair hazırladığı və hələ 2024-cü ilin sentyabrında təqdim edilən hesabatı, həmçinin Enriko Lettanın Vahid Bazarın gələcəyinə dair təhlilləri İttifaqın iqtisadi immunitetinin nə dərəcədə zəiflədiyini aydın şəkildə ortaya qoydu. Bu sənədlərdə əks olunan faktlar sübut edir ki, Avropa sənayesi okeanın o tayındakı rəqibi ABŞ və Şərqdəki nəhəng Çinlə müqayisədə məhsuldarlıq baxımından ciddi şəkildə geri qalır. Lakin problemin kökündə siyasi iradənin çatışmazlığı dayanır.

İttifaq daxilindəki fikir ayrılıqları struktur xarakterli çatlardır. Şimalın fiskal intizam tərəfdarı olan “qənaətcil” hökumətləri ilə Cənubun daha çox investisiya və ortaq borclanma tələb edən yanaşması arasındakı uçurum strateji qərarların qəbulunu mümkünsüz edir. Fon der Lyayenin “konsensusun olmaması” ifadəsi məhz Brüsseldəki danışıqlar masalarında illərdir həllini tapmayan, lakin qlobal rəqabətdə Avropanı geri salan iflic vəziyyətinə işarədir.

Mario Draghi tərəfindən hazırlanan strateji sənəddə açıq şəkildə bəyan edilmişdi ki, Avropa iqtisadiyyatının rəqabət qabiliyyətini bərpa etmək naminə illik əlavə olaraq minimum 800 yüz milyard avro investisiyaya ehtiyac duyulur. Ancaq nəhəng maliyyə vəsaitinin hansı mənbələrdən, hansı mexanizmlər vasitəsilə cəlb ediləcəyi məsələsi hələ də qızğın mübahisələrə səbəb olur. Üzv dövlətlərin milli büdcələrindən əlavə vəsait ayırmaq istəməməsi, eyni zamanda, ümumavropa səviyyəsində yeni maliyyə alətlərinin yaradılmasına qarşı çıxması investisiya aclığı yaradır.

Sənaye bazasının aşınması prosesi göz qabağındadır. Enerji daşıyıcılarının qiymətindəki volatillik və ABŞ-la müqayisədə enerji xərclərinin dəfələrlə yüksək olması Avropa sənayesinin "bel sütunu" sayılan kimya, metallurgiya və avtomobil sənayesi kimi enerji tutumlu sahələrin rentabelliyini aşağı salır. Nəticədə, sənaye müəssisələrinin istehsalı azaltması və ya daha ucuz enerji resurslarına, habelə daha əlverişli vergi mühitinə malik regionlara köçürülməsi yəni de-industrializasiya prosesi sürətlənir. Qeyd olunan tendensiya uzunmüddətli perspektivdə Avropanın texnoloji suverenliyini itirməsi və sadəcə qlobal oyunçuların istehsal etdiyi mallar üçün nəhəng istehlakçı bazarına çevrilməsi təhlükəsini yaradır.

Digər mühüm məqam Enriko Lettanın hesabatında vurğuladığı "Vahid Bazar" anlayışının genişləndirilməsi zərurətidir. Malların sərbəst dövriyyəsi təmin edilsə də, maliyyə, enerji və telekommunikasiya sahələrində milli sərhədlər hələ də qalın divarlar kimi mövcuddur. Hazırda Avropada iyirmi yeddi fərqli tənzimləmə rejimi, iyirmi yeddi fərqli kapital bazarı və çoxsaylı milli maneələr fəaliyyət göstərir. Qeyd olunan bürokratik əngəllər startapların böyüyərək qlobal miqyaslı şirkətlərə çevrilməsinin qarşısını alır.

Avropada yaranan innovativ ideyalar kommersiyalaşmaq və böyümək üçün lazım olan kapitalı tapmaq məqsədilə okeanın o tayına üz tutur. Avropalıların illik yüz milyardlarla avro həcmində qənaət vəsaitinin Amerika kapital bazarlarına axması və orada Amerika şirkətlərini maliyyələşdirməsi faktı vəziyyətin nə qədər paradoksal olduğunu nümayiş etdirir. "Kapital Bazarları İttifaqı"nın yaradılması istiqamətindəki danışıqların illərdir nəticəsiz qalması, məhz milli hökumətlərin maliyyə sektoru üzərindəki nəzarəti və suverenliklərini bölüşmək istəməməsindən qaynaqlanır. Ursula fon der Lyayenin xəbərdarlığı inteqrasiya prosesinin baş tutmaması halında Avropanın maliyyə cırtdanına çevriləcəyini proqnozlaşdırır.

Siyasi fraqmentasiya məsələsi iqtisadi problemlər qədər dərindir. Son illərdə keçirilən seçkilər, Avropa siyasi landşaftının parçalandığını, ənənəvi mərkəzçi koalisiyaların zəiflədiyini və populist qüvvələrin yüksəlişini nümayiş etdirdi. İttifaqın “mühərriki” sayılan Berlin və Paris oxundakı daxili siyasi qeyri-sabitlik, Brüsseldə cəsarətli və strateji qərarların qəbul edilməsinə mane olur. Milli maraqların ümumavropa maraqlarından üstün tutulması tendensiyası miqrasiya, büdcə müzakirələri və xarici siyasət məsələlərində vahid mövqe sərgiləməyi müşkülə çevirir.

Yekdillik prinsipinin hələ də xarici siyasət və vergi kimi həssas sahələrdə qüvvədə olması dövlətin bütün prosesi bloklamasına, hətta şantaj aləti kimi istifadə etməsinə imkan verir. “İxtisaslı səsçoxluğu” prinsipinə keçid təklifləri suverenliklərini itirmək istəməyən kiçik dövlətlərin kəskin müqaviməti ilə üzləşir. Nəticədə, Ukraynadakı münaqişənin davam etdiyi, Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə Avropa İttifaqı çevik reaksiya verə bilmir.

Müdafiə sənayesinin inteqrasiyası həyati əhəmiyyət kəsb etsə də, burada da konsensus problemi özünü qabarıq göstərir. Üzv dövlətlər müdafiə satınalmalarını milli şirkətlərdən və ya ABŞ-dan etməyə üstünlük verirlər. Birgə silah istehsalı layihələri milli qürur, sənaye proteksionizmi və qarşılıqlı etimadsızlıq səbəbindən ləngiyir. İyirmi yeddi fərqli ordunun, silah sistemlərinin mövcudluğu resursların səmərəsiz istifadəsinə gətirib çıxarır. Əgər müdafiə sahəsində səylər birləşməsə, Avropa nəinki qlobal oyunçu ola bilməyəcək, hətta sərhədlərinin təhlükəsizliyini təmin etməkdə aciz qalacaq.

Əgər Ursula fon der Lyayenin bəyanatındakı qorxulu ssenari reallaşarsa, yəni konsensus əldə edilməzsə və zəruri islahatlar həyata keçirilməzsə, qarşıdakı illər üçün proqnozlaşdırılan hadisələr kifayət qədər bədbin xarakter daşıyır. İlk növbədə, “iqtisadiyyatın ləng aqoniyası” prosesi dərinləşəcək. Struktur islahatlarının aparılmaması Avropanın qlobal iqtisadiyyatdakı payının tədricən, lakin dönməz şəkildə azalmasına səbəb olacaq.

Nəticə etibarilə, Ursula fon der Lyayenin sözləri Avropa siyasi elitasına ünvanlanmış son ultimatum xarakteri daşıyır. Texniki həll yolları bəllidir, resurslar mövcuddur, çatışmayan yeganə element siyasi cəsarət və qarşılıqlı etimaddır. Avropa liderləri klassik “məhbus dilemması” ilə üz-üzədirlər. Ya qısamüddətli, dar çərçivəli milli maraqları qurban verərək uzunmüddətli kollektiv qazanc əldə edəcəklər, ya da fərdi maraqları üstün tutaraq birlikdə uduzacaqlar.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət