Milli Məclis bəzi qanunlara dəyişiklikləri təsdiqlədi
Milli Məclisin dünənki plenar iclasının gündəliyinə 12 məsələ daxil edilmişdi. Gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl deputatlar cari mövzular ətrafında çıxışlar etdilər.
Deputat Qüdrət Həsənquliyev çıxışında sosial problemlərə toxunaraq son dövrlər gənclərin iş tapmaqda ciddi çətinliklərlə üzləşdiyini qeyd etdi. Bu baxımdan deputat yeni iş yerlərinin açılmasının vacibliyini vurğuladı: “Ölkəmizdə yalnız energetika sektoruna deyil, eyni zamanda, maşınqayırma və yüngül sənayenin inkişafına da investisiyalar yönəldilməlidir. Yeni iş yerlərinin yaradılmasına böyük ehtiyac var. Vətəndaşlar, xüsusilə gənclər iş tapmaqda problemlərlə üzləşirlər”. Q.Həsənquliyev 2023-cü ildən bəri ölkədə kənd təsərrüfatı istehsalında azalmanın müşahidə olunduğunu da diqqətə çatdırdı: “Daxili istehsalın zəifləməsi ərzaq məhsullarının idxalının artmasına səbəb olub. Mövcud vəziyyət kənd təsərrüfatına xarici investisiyaların cəlb edilməsini zəruri edir”.
Deputat Razi Həsənquliyev “Qaz təchizatı haqqında” qanuna dəyişiklik edilməsini təklif etdi. Onun sözlərinə görə, dəyişiklik təcili xarakter daşımalıdır ki, vətəndaşlar mülkiyyət sənədi tələb olunmadan yaşayış evlərinə qaz çəkə bilsinlər. Deputat mövcud yanaşmanı tənqid edərək bildirib ki, qaz xətti olduğu halda evlərin isidilməməsi məntiqsizdir: “Qaz göz qabağındadır, amma evin içi buz kimidir. Boru var, qaz var, amma evdə istilik yoxdur. Vətəndaşa deyirik ki, sənədin yoxdur, gözlə. Bəs o insan bu müddətdə necə yaşasın? Qışa deyək ki, bir az gözlə, uşağa deyək ki, üşümə? Yaşlı adama deyək ki, soyuğa dözsün? Bu, real həyatdan qopmuş yanaşmadır”.
Milli Məclisin deputatı Vüqar Bayramov ölkə başçısının yürütdüyü uğurlu daxili siyasətdən və bu prosesin Qarabağda nəticələrindən bəhs etdi: “Yalnız son 2 ildə dövlət büdcəsindən sosial istiqamətə 32,7 milyard manat vəsait ayrılıb. Bu il isə sosial istiqamətə 17,1 milyard manatın ayrılması nəzərdə tutulub. Dünən Prezidentin imzaladığı sərəncamla 1,1 milyona yaxın vətəndaşımızın pensiyaları artırıldı. Bütövlükdə, şanlı Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına dövlət büdcəsindən 22,1 milyard manat vəsait xərclənib. Artıq işğaldan azad olunan ərazilərimizdə 75 mindən çox vətəndaşımız yaşayır və çalışır”.
***
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı. İlk olaraq Azərbaycanın daha bir beynəlxalq konvensiyaya qoşulması məsələsi müzakirə edildı. İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə, həmçinin ağır cinayətlərə dair sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyasının təsdiqi haqqında qanun layihəsi müzakirəyə çıxarıldı.
Layihəni Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev təqdim etdi. O bildirdi ki, Konvensiyanın əsas məqsədi informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi, eyni zamanda, ağır cinayətlərə aid sübutların elektron formada toplanması, mübadiləsi və mühafizəsi üçün vahid hüquqi çərçivənin formalaşdırılmasıdır.
Qeyd edildi ki, sənəd 2025-ci il oktyabrın 25-də Hanoy şəhərində imzalanıb. Səsvermənin nəticələrinə əsasən, qanun layihəsi qəbul edildi və Azərbaycan BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasını ratifikasiya edən ilk ölkə oldu.
Daha sonra “Təhsil haqqında” qanuna dəyişiklik edilməsi məsələsi müzakirə edildi. Layihəyə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları dövrdə təhsil haqqı dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edildi.
“Patent haqqında” qanuna beynəlxalq təcrübəyə uyğun olaraq bir sıra yeni anlayışların daxil edilməsi təsdiqləndi. Qeyd edildi ki, insanın klonlaşdırılması üsulları və klonu, onun rüşeym xəttinin hüceyrələrinin genetik tamlığının modifikasiyası üsulları, eləcə də insan embrionlarının sənaye məqsədləri üçün istifadəsi patent obyektləri kimi qəbul edilməyəcək. Bununla yanaşı, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliyə əsasən, ölkədə asbestin istifadəsi qadağan edildi. Sənəd müzakirələrdən sonra üçüncü oxunuşda qəbul olundu. Eyni qaydada, Milli Məclis Əmək və Vergi məcəllələrinə, həmçinin “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlara edilən dəyişiklikləri ikinci oxunuşda qəbul etdi.
Cinayət və Cinayət-Prosessual məcəllələrinə edilən dəyişikliklərə əsasən, cinayət mühakimə icraatı zamanı prosessual sənədlərin elektron formada tərtib edilməsi, elektron qeydiyyatı və elektron dövriyyəsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək. Qeyd olundu ki, kağız daşıyıcıda tərtib olunması nəzərdə tutulan sənədlər gücləndirilmiş elektron imza və sertifikatlaşdırılmış elektron imza ilə göndərilə, saxlanıla və yoxlanıla biləcək.
“Media haqqında” qanuna nəzərdə tutulan dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərərçəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanmasına yalnız həmin şəxslərin və onların qanuni nümayəndələrinin yazılı razılığı ilə yol veriləcək. Media subyekti və jurnalist tərəfindən bu kateqoriyaya aid şəxslərin şəxsiyyəti ilə bağlı hər hansı məlumatın onların və qanuni nümayəndələrinin yazılı razılığı olmadan yayılması qadağan ediləcək. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
Milli Məclis “Uşaq hüquqları haqqında” yeni qanun layihəsini birinci oxunuşda qəbul etdi. 8 fəsil, 63 maddədən ibarət qanun layihəsinə əsasən, uşaq öz gəlirlərinə (o cümlədən aliment, təqaüd, pensiya, müavinət və s.), vərəsəlik və ya hədiyyə yolu ilə əldə etdiyi əmlaka, habelə onun vəsaiti hesabına əldə olunmuş digər əmlaka mülkiyyət hüququna malik olacaq. Eyni zamanda, hər bir uşağın şəxsi və ailə həyatının sirrinin qorunması hüququ təsbit edilir. Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, uşağın şəxsi və ailə həyatına müdaxilə qadağan ediləcək.
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, uşaq izlənilə, video və foto çəkilişinə, səs yazısına və digər oxşar hərəkətlərə məruz qoyula bilməz. Həmçinin uşaqların yazışmalarının, telefon danışıqlarının, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatlarının sirrinin qorunmasına təminat veriləcək.
Bundan başqa, uşaqlara aid fərdi məlumatların dairəsi, eləcə də həmin məlumatların toplanması, emalı, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən ediləcək.Yeni qanun layihəsi uşağın doğumdan sonra qeydiyyatı, ad və vətəndaşlıq hüquqlarını sistemləşdirir. Layihəyə əsasən, hər bir uşağın doğumu Ailə Məcəlləsinə uyğun qeydiyyata alınır və qanunda nəzərdə tutulan istisnalar xaricində Azərbaycan vətəndaşlığı əldə edir. Uşağa ad, ata adı və soyadın verilməsi valideynlərin razılığı əsasında həyata keçirilir, razılıq olmadıqda isə məsələ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Valideynlər olmadıqda və ya atalıq müəyyən edilmədikdə ad və soyadın verilməsi xüsusi qaydalarla tənzimlənir. Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edildi.
“Kinematoqrafiya haqqında” qanuna edilən dəyişikliyə əsasən, xarici prodüserləri Azərbaycan ərazisində film istehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək. “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlara edilən dəyişiklərə görə, ödənişli avtomagistrallarda yol hərəkəti üçün maksimum sürət 130 km/saat müəyyən edilir. Hər iki qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edildi.
Bununla da, Milli Məclisin plenar iclası sona çatdı.
Tacir SADIQOV
XQ

