Heydər Əliyev Bakıda yaşanan o müsibəti mütləq önləyərdi

post-img

Oljas Süleymenov 20 Yanvar hadisələri barədə

Bu yaxınlarda Almatıda UNESCO-nun nəzdində fəaliyyət göstərən Mədəniyyətlərin yaxınlaşması üzrə mərkəz tərəfindən keçirilən Beynəlxalq Forum Oljas Süleymenovun dərk olunmuş qarşılıqlı asılılıqlar fəlsəfəsinin təbliğinə həsr olunmuşdu. Tədbirin keçirildiyi Caspian Universitetinin iclas zalında hələ 1990-cu ildə Oljas Ömər oğlu “Sülhün tərəfdarları – nüvə silahına qarşı” adlı beynəlxalq konqres təşkil etməklə, planetin bütün nüvə əleyhdarlarını və sülhsevər qüvvələrini bir yerə toplamışdı. Sözügedən Forumun iştirakçıları isə onu sülh üzrə Nobel mükafatına ilk dəfə namizəd göstərmişdilər.

Həmin forumun ideyalarının inkişafı və təbliği işində Azərbaycanı təmsil edən mədəniyyət xadimləri yüksək fəallıq sərgiləmişdilər. Azərbaycanın xalq yazıçısı, səfir və tanınmış tarixçi-memuarist Elmira Axundova tədbirin mövzusuyla bağlı bir neçə analitik məqalə dərc etdirmişdi.

Türk Ədəbiyyat Vəqfinin “Türk dünyasının yaşayan Dədə Qorqudu” adlanan beynəlxalq ödülü Almatıda Oljas Ömər oğluna təqdim ediləndə Elmira Axundova qazax şairinə verdiyi dəyəri son dərəcə dəqiq və səmimi şəkildə belə ifadə eləmişdi: “Oljas Süleymenova biz nə hədiyyə eləsək, yenə də az olacaq. Çünki o, bizə daha çox şey bəxş edibdir”.

1990-cı il yanvarın 20-də Bakıda “Qara Yanvar” faciəsi törədilmişdi. Özünün yeni məqaləsində Oljas Süleymenov bu barədə söz açarkən, o vaxt cərəyan edən hadisələrdə iştirakını həyatının ən başlıca məqamlarından biri adlandırıbdır.

Bakıda Yanvar

…1990-cı ilin 20 yanvar günü mən Moskvadaydım. SSRİ Ali Sovetinin sessiyası qızğın şəkildə keçirdi. Axşamüstü otelə qayıdıb, yuxu həbi içdim, çünki həmin günlər güclü soyuqdəymədən əziyyət çəkirdim (hərarətim 39 dərəcəyə çatmışdı).

Gecə saat üçdə telefon zəngi məni oyatdı. Şəhərlərarası zəngə oxşayırdı. Dəstəyi qaldırdım. Səs uzaqdan və qırıq-qırıq gəlirdi. Dostum, Azərbaycan şairi Bəxtiyar Vahabzadə sanki haray çəkməyə çalışırdı: “Oljas! Tanklar Bakıya girib! Adamları şil-küt edirlər! Durma, gəl, qardaş!”

Bu imdad qarşılığında necə deyəydim ki, “bağışla, xəstəyəm, bu halda durub gələ bilmərəm”?!

Həblərimi içib, yır-yığışa başladım, maşın sifariş verdim və Azərbaycan SSR-nin nümayəndəliyinə yollandım. Qurumun qarşısındakı kütləni görüncə, birbaşa hava limanına getmək qərarına gəldim. Hamı çaşqınlıq içində idi. Bakıya uçuşlar ləğv olunmuşdu. Deputat mandatımın köməyi ilə hərbi-nəqliyyat təyyarəsində yer almağa, çətinliklə də olsa, imkan tapdım.

Bakıya endiyimiz vaxt gecə düşmüşdü. Baqajı olmayan bütün sərnişinlər təyyarənin gövdəsinə söykədilən nərdivanla aşağı enirdilər.

Şəhərə getmək üçün hər hansı nəqliyyat – avtobus, yaxud taksi – yox idi. Hərbçilər dadıma yetişdi və məni nisbətən yaxınlıqdakı metroya qədər apardılar. Bomboş eskalatorla aşağı endim. Metroda heç kəs yox idi. Vaqon qapılarına matəm nişanəsi sayılan qara lentlər bağlanmışdı. Mexaniki bələdçi bir-bir stansiyaları elan edirdi. Əvvəlki səfərlərim zamanı qaldığım mehmanxananın qarşısındakı meydanın və ona yaxın stansiyanın adları yadımda idi.

Qatardan çıxıb, yuxarı qalxdım. Küçələr kimsəsizdi. Komendant saatı idi. Patrul mənə yaxınlaşdı. Deputat vəsiqəmi təqdim elədim. Mehmanxanaya necə gedəcəyimi mənə izah etdilər.

Hündür və çoxmərtəbəli otelin fasadı başdan-ayağa şüşə ilə örtülüydü. Amma heç bir pəncərədə işıq yanmırdı. Şüşə qapını döydüm. Qarşı tərəfdə ahıl bir kişinin üzü zühur elədi və o: “Oljas bəy! Oljas bəy!” deyə mənə səsləndi… Son aylarda SSRİ Ali Sovetinin iclasları günlər uzunu televiziya ilə translyasiya olunurdu axı.

Sonra qapılar laybalay açıldı və oteldə çalışan bir dəstə qadın məni hərarətlə qarşılayaraq qucaqladı, sonra isə həyəcanla nəsə söyləyərək qalacağım nömrəyə qədər müşayiət etdi. Liftlər işləmirdi. Mən ikinci, yaxud üçüncü mərtəbədə bir nömrə istədim. Onlar əllərini yellədilər: “Olmaz! Yuxarı qatlar yaxşıdır!” Məni on birinci mərtəbəyə qədər ötürüb: “Buraya çıxmazlar!” – dedilər.

Nömrədə işığı yandırdılar. Döşəmədə bir neçə dənə avtomat gülləsi gördüm. “Burada hələ azdır! Alt mərtəbələrdə daha çoxdur. Meydanda durub, hər tərəfə güllə yağdırırlar. Hətta mehmanxanaya da!”.

Mənim üçün isti çay gətirdilər, feldşer Zakir Məmmədovu çağırdılar: o, hərarətimi salmaqdan ötrü sonradan bədənimi bir neçə dəfə spirtlə ovuşdurdu.

Səhəri gün mən Bakıda baş verənləri anlamağa çalışdım. Qaldığım nömrəyə hələ gecədən bəri gizlicə qonaqlar gəlməyə başlamışdı: aralarında filoloq-ərəbşünas, yaxın vaxtlara qədər dissident olan, indi isə Xalq Cəbhəsinin liderinə çevrilən və özünə “Elçibəy” təxəllüsünü götürən Əbülfəz Əliyev də vardı. Həmin günlər onu möhkəm axtarırdılar, çünki hakimiyyət dairələri məhz onu iğtişaşların baisi sayırdı.

Həmin gecə yanıma gələrkən o, məndən dəstək və müdafiə umurdu.

Ölkənin süquta uğradığı şəraitdə iqtidar uğrunda mübarizəyə dildən pərgar olan, “bircə sözüylə kütləni ayağa qaldırmağı bacaran” elmi işçilər də qoşulmuşdu. Gürcüstanda yazıçı Konstantin Qamsaxurdianın oğlu Zviad, Azərbaycanda isə Əbülfəz Əliyev məhz belələrindən idi. İlkin mərhələdə onlar hakimiyyətdə yaranan boşluqdan məharətlə yararlandılar. Nəticədə bu savadlı, yetkin natiqlər milli azadlıq hərəkatlarının başında durdular. Amma gələcəyə aparan yola bələd olmadıqlarından bu cür “siyasətçilərin” çoxusu xalqı uçurumun kənarına sürüklədi.

Bakıda artıq qan tökülmüşdü. “Xalq Cəbhəsi” əhalini şəhərdə barrikadalar qurmağa çağırırdı. Bir qədər sonra şəhərə girən tanklar o maneələri yerləbir etdilər, küçələrin kənarlarında saxlanan avtomobilləri əzib-keçdilər. Bəzilərinin içində hətta sərnişinlər də var idı...

Yerli MK-ya zəng edib, həm gəldiyimi, həm də baş verən hadisələrə münasibətimi - “Tanklar – şəhər nəqliyyatı deyillər!” şəklində bildirdim. (Daha sonra Moskvada, Ali Sovetin qapalı iclasında çıxış edərkən gördüklərim barədə əsl həqiqətləri açıb-söylədim, tank qruplarının fəaliyyətini isə “faşistsayağı” adlandırdım).

Elə həmin gün maşın göndərməklə, məni MK-ya apardılar. Böyük foyedə iki piyada bölük və dayaqlar üstə qurulan pulemyotlar vardı. Birinci katibin otağında İttifaq parlamentində yuxarı palatanın sədri Primakovu və müdafiə naziri, marşal Yazovu gördüm. Kabinetin sahibi isə istefaya getdiyindən orada deyildi, yeni rəhbər isə hələlik seçilməmişdi.

Orada toplaşanlarla danışdım. Bildirdim ki, deputat qrupunu təmsil edirəm və buradakı hadisələrlə bağlı öz həmkarlarıma məlumat verəcəyəm. Heç şübhəsiz, Primakov mənim rəsmi qaydada Bakıya ezam olunmadığımdan xəbərdar idi. Ancaq əmin idi ki, qayıdınca, mən çıxış edəcəyəm, öz müşahidə və qənaətlərimi bütün deputat korpusu qarşısında dilə gətirəcəyəm. Həm bütün ölkəyə, həm də bütün dünyaya car çəkəcəyəm.

Bildirdim ki, Elçibəy hazırda mənim nömrəmdədir: “O, mövcud şəraiti anlamaqda mənə yardım edir. Necə deyərlər, “birinci əldən” məlumatlar alıram”.

Primakov soruşdu:

– Xəbəriniz var ki, “Xalq Cəbhəsi”nin radikal qanadının rəhbərləri artıq həbs olunub?

– Əbülfəzin onlara aidiyyəti yoxdur və o, hansısa hərbi qarşıdurmaya əsla çağırış etməz. Adam dilçidir, ziyalıdır, demokratdır. Onun həbs olunmaması, əksinə, yaranmış vəziyyətin nizamlanması işinə cəlb olunması barədə təlimat verməyi sizdən xahiş edirəm.

– Yaxşı, onda qoy o, başqa bir nömrəyə keçsin və xəstə deputatımızın yerini dar eləməsin. Bir müddət burada işləyək, sonra birlikdə Moskvaya gedərik.

Mən mehmanxanaya qayıtdım. Bir qədər sonra Azərbaycan hökumətinin rəhbəri mənə zəng vurdu:

– Oljas müəllim, üç gündür qəzetlər çap olunmur. Jurnalistlər və nəşriyyat işçiləri işə çıxsalar da, heç nə eləmirlər. Hətta bu davranışa ad da tapıblar – “Bakı tətili”. Bizdə artıq nüfuzlu bir adam da qalmayıb. Heç kəsi dinləmirlər. Xahiş edirik, jurnalistlər və nəşriyyat işçiləriylə görüşəsiniz, çünki Sizə hörmət bəsləyirlər.

Nəşriyyatın ən iri sexinə gedib, çıxış etdim:

– Qəzetlər çıxmadığından xalq nələrin baş verdiyindən xəbərsiz qalıb. Dünyada ən ağlasığmaz şayiələr baş alıb, gedir. Əsl həqiqəti açıb söyləmək isə məhz sizin peşə borcunuzdur. Bu məsələdə heç kəs sizə maneçilik törətməyəcək, senzura da ləğv olunur.

Kütlənin arasından nüfuzlu bir çapçı önə çıxdı:

– Oljas bəy, buraya gəldiyiniz üçün Sizə minnətdarıq. Tanklar Bakının küçələrilə şütüyüb, başımıza od yağdıranda bizim şairlərin Moskvadakı ən məşhur yazıçılara müraciət etdiyindən biz də xəbərdarıq. Amma o şəxslərin hamısı özlərini dərhal “xəstəliyə” vurmuşdular. Siz isə həqiqətən xəstə olsanız da, durub, bura gəldiniz. Siz – bizim qardaşımızsınız, ona görə də çağırışınızı qəbul edəcəyik. Qəzetlər çap olunacaq. Təkcə “Azərbaycan kommunisti”ndən başqa. Çünki srağagün hamımız o partiyadan çıxmışıq.

Ona dedim:

– Ölkənizdəki həqiqi kommunistləri də, yaranmış bu çətin vəziyyətdən çıxış yolu tapacaq adamları da mən tanıyıram. Təəssüf ki, Heydər Əliyev burada deyil, yoxsa o, srağagünkü hadisələrin qarşısını mütləq alardı. Onları törədənlər də kommunist yox, sadəcə, partiya üzvü idilər. Və vecsiz üzvlər idilər. Həqiqi kommunistlər isə indi öz qəzetlərinin çapını gözləyirlər. O qəzet 20 Yanvar barədə, “Qara Yanvar” barədə onlara əsl həqiqəti çatdırmalıdır.

Sabahı gün səhər saatlarında telefonum zəng çaldı.

Azərbaycan hökumətinin başçısı yenə də xətdə idi:

– Sağ ol, əziz qardaşım! Bu gün bütün qəzetlər çapdan çıxıb. Hətta “Azərbaycan kommunisti” də. Öz səhhətiniz necədir? Növbəti xahişim isə televiziyanın fəaliyyətinin bərpasıyla bağlı olacaq. Xahiş edirəm!

Televiziya mərkəzinə yollandım. Jurnalistlər oradakı zalda toplaşmışdılar, ölkənin quru qoşunlarının komandanı, general Varennikov da orada idi. Çox yəqin, şəxsən onun göstərişinə əsasən iğtişaşlar amansızlıqla yatırılmışdı. Görünür, bu səbəbdən indi o, həmin zalda özünü xeyli naqolay hiss edirdi.

Qəzetlərin çapdan çıxmasından isə jurnalistlərin artıq xəbəri vardı.

Çıxışa başladım:

– Bəli, faciəli hadisələr yaşanıb və onlara gerçək qiyməti vermək sizin borcunuzdur. İlk şəhidlər torpağa tapşırılıb. Dünən respublikanın yeni rəhbəri seçilib, amma bu barədə qəzetlər də susub, televiziya da. Yeni birinci katibin çıxışıyla bağlı kaset əlinizdə olsa da, siz onu efirə verməkdən imtina edibsiniz.

Məndən sonra əsas fəallardan biri söz aldı:

– Yalnız Sizin çıxışınızın ardınca biz o kaseti efirə verə bilərik.

Dedim:

– Yox. Qonağın ev yiyəsindən qabaq söz söyləməsi heç yerinə düşməz.

Beləcə, Bakıda televiziya da öz fəaliyyətini bərpa elədi.

...1992-ci ildə Mütəllibovun istefasının ardınca Elçibəy prezident seçildi. Amma qısa müddətə. Artıq xalqın ən çətin problemlərin həllinə görə məsuliyyəti öz üzərinə götürəcək təşkilatçıya, siyasətçiyə ehtiyacı vardı, mitinqlərdə kütləni qızışdıran rəhbərə yox. Fəaliyyətindəki bır sıra yarıtmaz hallar ucbatından və daxildəki müxalif qüvvələrin təzyiqləri nəticəsində 1993-cü ildə Elçibəy həm öz postunu, həm də Bakını tərk etdi. Xalqı işıqlı gələcəyə aparacağını vəd edən bu adamın həmin gələcəyin harada olması barədə zərrəcə təsəvvürü yox idi.

Əgər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycan daha betər fəlakətlərlə qarşılaşacaqdı. Hər şey dərhal fərqli bir məcraya düşdü. Bir neçə ilin içində ölkə dirçəldi, gücləndi və öz lideri sayəsində inamlı, dinamik dövlətə çevrildi.

Əldə olunan bu nəticələri XXI yüzildə qorumaq və artırmaq missiyası Prezident İlham Əliyevin öhdəsinə düşdü. Onun uğurları isə Azərbaycanın bütün dünyadakı dostlarını həqiqi mənada birləşdirir.

Onun bu yaxınlarda qazax şairinə ünvanladığı sözlər də eyni ruhdadır: “Ölkəmizin ən çətin vaxtlarında siz Azərbaycan xalqının yanında olubsunuz... Biz bunu unutmur və yüksək dəyərləndiririk. Azərbaycan xalqı Sizi də, yaradıcılığınızı da sevir. Sərgilədiyiniz vətəndaş mövqeyi yüksək ehtirama layiqdir”.

Öz tarixi keçmişini bilən xalqın gələcəyi var. Mən bunun fərqindəyəm, çünki çətin saatlarda yanında olduğum Azərbaycan xalqı həyatda qalmaq uğrunda girdiyi sınaqdan üzüağ çıxdı və indi gələcəyə doğru irəliləyir.

Məhz çiyin-çiyinə və bir-birini dəstəkləyərək irəliləmək hesabına biz öz zirvəmizə yüksələcəyik. Bu qarşılıqlı asılılıq formulu həm ayrı-ayrı şəxsiyyətlərin, həm xalqların, həm də dövlətlərin həyat təcrübəsində özünü doğruldubdur. Biz yazarlar da təmsil etdiyimiz xalqların bunu dərk etməsinə yardımçı olmalıyıq.

Məhz o halda hazırda hamımızın arzuladığı sülh bərqərar ola bilər.

Oljas SÜLEYMENOV,
Qazaxıstanın Xalq şairi,
UNESCO nəzdində Mədəniyyətlərin yaxınlaşması üzrə Beynəlxalq mərkəzin direktoru
Tərcümə etdi: Azad Yaşar

Siyasət