Qlobal enerji bazarlarında regional münaqişələrin kəskinləşməsi fonunda dalğalanmalar artıb. Hörmüz boğazından keçən təchizat marşrutları ilə bağlı narahatlıqlar səbəbindən daşınma xərcləri də bahalaşıb.
Qəza və hücum xəbərdarlıqları nəticəsində tanker sahibləri öz gəmilərini limanlardan çıxarmır, sığorta şirkətləri riskə görə öhdəliklərini azaldır. Bu da neftdaşıyan gəmilərin Hörmüz boğazından istifadə etməsinə mənfi təsir edir. Bunun fonunda hərbi qarşıdurmadan sonra yüzlərlə gəmi dənizə dəmir atıb. Tankerlər Fars körfəzinin iri neftçıxaran ölkələrinin sahilləri yaxınlığında açıq dənizdə qalıblar. Dünya mediasındakı məlumatlara əsasən, ən azı 150 tanker Hörmüz boğazına çatmadan açıq sularda lövbər salıb. Blokada olan tərəfdaş ölkələrdəki ixraclar ciddi təhlükə altındadır.
Dünya üzrə dizelin təxminən 10 faizi və aviasiya yanacağının 20 faizi məhz Hörmüz boğazından daşınır. Strateji əhəmiyyətə malik bu keçid nöqtəsi qlobal enerji bazarında sabitliyin əsas dayaqlarından biridir. Burada gəmiçiliyin təhlükəsizliyinə yönələn hər hansı təhdid yanacaq qiymətlərinə və inflyasiya göstəricilərinə dərhal təsir göstərir. Tam blokada baş verərsə, ölkələr mövcud ehtiyatlar hesabına tədarükü ən çoxu 25 gün davam etdirə bilər. Bu fakt boğazın iqtisadi və strateji əhəmiyyətini aydın şəkildə nümayiş etdirir.
İranın Hörmüz boğazına təsir imkanları qlobal enerji bazarına birbaşa təsir göstərən strateji alət rolunu oynayır. Dəniz nəqliyyatının məhdudlaşdırılması və ya nəzarət altına alınması neft, dizel və aviasiya yanacağının qiymətlərində dərhal dəyişiklik yaradır. Regionda qeyri-sabitliyin uzun müddət davam etməsi enerji idxalından asılı ölkələrə əlavə iqtisadi təzyiq göstərə, yanacaq xərclərini artıra və münaqişədə iştirak edən dövlətlərin strateji qərarlarını daha da mürəkkəbləşdirə bilər.
Nəzərə alsaq ki, qlobal neft tranzitinin 20 faizdən çoxu məhz buradan həyata keçirilir. Məhz bu səbəbdən Hörmüzdə yaranan hər hansı logistika problemi dünya bazarındakı yanacaq qiymətlərinə dərhal təsir göstərir. Hörmüzdəki hər hansı təhlükə qlobal yanacaq qiymətlərini dərhal silkələyir.
Qeyd edək ki, martın 2-si Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 8,9 faiz yüksəlib. Bakı vaxtı ilə saat 13:00-a olan məlumata görə, artım 6,5 dollar təşkil edərək bir barel üçün 79,37 dollara çatıb. Saat 03:02-yə olan məlumatlara görə, neftin qiyməti 2025-ci il iyunun 23-dən bəri ilk dəfə bir barel üçün 81,79 dollara satılıb. Norveçin “Rystad Energy” konsaltinq şirkətinin analitikləri “London ICE” birjasında “Brent” markalı neftin qiymətinin 20 dollara qədər sıçrayış edəcəyini proqnozlaşdırırlar.
Bununla yanaşı, martın 1-də Səudiyyə Ərəbistanı və Rusiyanın da daxil olduğu OPEC+ qrupu qiymət artımını yumşaltmaq məqsədilə gündəlik neft hasilatını 206 min barel artırmaq barədə razılığa gəlib. Bununla belə, bəzi mütəxəssislər bu addımın təsirinin məhdud olacağını bildirirlər. Digər tərəfdən, Çinin də məsələ ilə bağlı mövqeyi qətidir. “Xinhua” agentliyi Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninə istinadən bildirib ki, Hörmüz boğazı və ona bitişik sular malların və enerji daşıyıcılarının nəqli üçün mühüm beynəlxalq ticarət yollarıdır, bununla əlaqədar Çin müvafiq tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.
Onun sözlərinə görə, Çin tərəfləri münaqişənin daha da şiddətlənməsinə yol verməməyə çağırır, Yaxın Şərqdə sülh və sabitliyin təmin olunması üçün sülhün təşviqi və müharibələrin qarşısının alınması, həmçinin problemin dialoq və danışıqlar yolu ilə həlli istiqamətində beynəlxalq ictimaiyyətlə əməkdaşlığa hazırdır.
Azərbaycan neft ixracını əsasən Bakı–Tbilisi–Ceyhan kəməri ilə Qara dənizə çıxır və bu marşrut birbaşa Hörmüzə tam bağlı deyil. Buna baxmayaraq, dünya bazarındakı qiymət artımı Azərbaycana da əlavə gəlir gətirir. Xatırladaq ki, 2026-cı il büdcəsində bir barel xam neftin qiyməti 65 dollardan hesablanmışdı, halbuki fevralın ortasında “Azeri light” markalı neftin qiyməti artıq 70,36 dollar səviyyəsinə yüksəlmişdi. Martın 2-nə olan məlumata görə isə neftin bir barelinin qiyməti 72,75 dollar olub. Yəni ölkə büdcəsinin proqnozundan yüksək bazar qiymətləri ölkəmizə daha çox valyuta gəliri qazandırır.
Onu da bildirək ki, hazırkı qiymət sıçrayışının fundamental əsasları yoxdur. Neft hasilatı və qlobal təklif hələ ki, proqnozları ötür. Əsl problem boru kəmərləri ilə daşımada yaranmış risklərdədir. Gərginlik azaldıqca, qiymətlərin yenidən enməsi gözlənilir. Yəni indiki bahalaşma situasiya qısa çəkərsə, neft qiymətləri tədricən əvvəlki səviyyələrə enəcək. Lakin münaqişə uzun müddət davam edərsə, analitiklər neftin bir barelinin 90 dollar civarında tarazlaşa biləcəyini ehtimal edirlər.
Nəticə etibarilə, Hörmüz boğazındakı təhlükələrin artması dünya neft bazarlarında təchizatın qəfil azalması qorxusunu oyadır və bu, qiymətləri yüksəldir. Azərbaycan üçün bu, daha yüksək ixrac qiymətləri və əlavə valyuta gəliri mənasına gəlir. Lakin ekspertlər də vurğulayır ki, cari bahalaşma əsasən qlobal gərginlik və logistika risklərinə bağlıdır və gərginlik aradan qalxdıqdan sonra qiymətlər yenidən enəcək.
Zəfər VƏLİYEV,
enerji məsələləri üzrə ekspert
Məsələ təkcə Hörmüz boğazının bağlanması ilə məhdudlaşmır. Hələ 2022-ci ildə dünyanın aparıcı bankları və mütəxəssislər qlobal neft bazarına dair proqnozlarında təklifin artacağını, nəticədə, qiymətlərin aşağı düşəcəyini bildirirdilər. Lakin geoiqtisadi reallıq fərqli istiqamətdə inkişaf etdi. Hörmüz boğazının bağlanması ehtimalı iqtisadi baxımdan son dərəcə ağır nəticələr doğura biləcək amildir.
Artıq bir neçə ildir ki, real fiziki bazarlarda qeyri-müəyyənlik müşahidə olunur. 2014-cü ildən etibarən neft-qaz sektoruna yönələn investisiyaların azalması qlobal bazarda tarazlığın pozulmasına gətirib çıxarıb. Mövcud emal güclərinin konfiqurasiyasına uyğun xammal təchizatında problemlər yaranıb. Hörmüz boğazı ətrafında gərginliyin artması da məhz bu mövcud çətinlikləri daha da sürətləndirib.
Hörmüz boğazı yalnız bir dövlətin nəzarətində deyil. Onun dayaz hissəsi İranın, dərin hissəsi isə Omanın yurisdiksiyasına daxildir. Dünyada mayeləşdirilmiş təbii qazın (LNG) təxminən beşdə biri bu marşrutdan keçir. Bazarın belə təsirlənməsi daha çox Qətərdə istehsalın dayanmasından qaynaqlanır. Belə ki, Qətər ABŞ və Avstraliyadan sonra dünyada üçüncü ən böyük LNG ixracatçısıdır. Onun LNG istehsal gücü ildə 77 milyon tondur. Bu fakt göstərir ki, söhbət yalnız xam neftdən getmir – neft məhsulları və qaz tədarükü də ciddi risk altındadır.
Qarşıdurmanın coğrafiyasının genişlənməsi qiymətlərə birbaşa təsir göstərir. Hörmüz boğazı üzərindən hər gün dünya bazarlarına 21.5 milyon barel neft və neft məhsulları ixrac olunur, bunlardan 13 milyon ton xam neftdir. Bab əl-Məndəb boğazından Qırmızı dənizə gündəlik 4.9 milyon barel, Süveyş kanalından Aralıq dənizinə isə 4.1 milyon barel neft ixrac olunur. Hərbi əməliyyatlar bu gəmilərin hərəkətinə birbaşa təsir göstərir. Eyni zamanda, regiondakı emal gücləri də gündəlik xammal tələbatını ödəməkdə çətinliklərlə üzləşir.
İran və Oman istiqamətində yerləşən əsas neft ehtiyatları təxminən 243 milyon barel həcmində qiymətləndirilir ki, bu da qlobal istehlak baxımından cəmi 22–23 günlük təminata bərabərdir. Əgər Yaxın Şərqdə hasilat azalarsa, bu, qlobal enerji təhlükəsizliyi üçün ciddi təhdidə çevriləcək. Çünki dünya neftinin “ağırlıq mərkəzi” məhz bu regionda cəmləşib.
Böhranlardan sonra qiymətlərin müəyyən qədər də yüksəlməsi ehtimalı var. Alıcı ölkələr alternativ mənbələrə yönəlməyə çalışa bilərlər, lakin bu proses həm vaxt aparır, həm də böyük maliyyə və logistika xərcləri tələb edir. Üstəlik, yeni marşrutlara keçid baş verdikdən sonra əvvəlki tranzit xətlərinə qayıdış həmişə asan olmur. Hazırda qlobal dəniz daşımalarının həcmi gündə 76 milyon bareldən artıqdır və sığorta, fraxt və logistika xərclərinin artması qaçılmazdır.
Azərbaycan indiyədək 620 milyon tondan çox xam neft hasil edib və qlobal bazarda balanslaşdırıcı təchizatçılardan biri kimi çıxış edir. Tarazlıq qorunduğu halda emal müəssisələrinin gəlirliliyi sabit qalır. Lakin mövcud vəziyyət davam edərsə, bir sıra ölkələr gündəlik xammal təminatında çətinliklərlə üzləşə bilər. Bu ssenari 2020-ci illə müqayisədə daha kritik mərhələyə gətirib çıxara bilər. Qarşıdakı mərhələdə alternativ variantların axtarışı sürətlənəcək. Neftin qiymətində əlavə artım ehtimalı qalır.
N.ABDALOV
XQ



