Boşanmaların artması isə ciddi narahatlıq doğurur
Dünən Milli Məclisin növbəti plenar iclasında İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi təqdim edildi. Bununla yanaşı, bəzi qanunlara dəyişikliklər edildi və deputatların çıxışları dinlənildi.
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın 2025-ci ildəki fəaliyyəti ilə əlaqədar məruzəsində ombudsmanın ötən il üzrə fəaliyyəti, vətəndaş müraciətləri və gələcək prioritetlər öz əksini tapmışdı. Müvəkkil Səbinə Əliyeva bildirdi ki, məruzədə insan hüquqlarının müdafiəsi ilə bağlı 94 tövsiyə irəli sürülüb. Bu təkliflər uşaqlar, qadınlar, müharibə iştirakçıları və digər həssas qrupların hüquqlarının səmərəli qorunmasına yönəlib. Onun sözlərinə görə, ötən il daxil olan 42 mindən çox müraciət qanunvericiliyə uyğun araşdırılaraq cavablandırılıb.
Məruzə ətrafında ilk çıxış edən deputat Qüdrət Həsənquliyev Azərbaycanda vətəndaşların əsas narazılığının məhkəmə sistemi ilə bağlı olduğunu diqqətə çatdırdı. Q.Həsənquliyevin sözlərinə görə, insanlar məhkəmələrin qərarlarını ədalətsiz hesab edir və hüquqlarını bərpa edə bilmirlər: “Bu problem mütləq həllini tapmalıdır. Güclü və müstəqil məhkəmə sistemi olmadan ölkədə sosial ədalətin təmin olunması mümkün deyil. Heç bir ombudsman bu funksiyanı məhkəmələrin əvəzinə yerinə yetirə bilməz”.
Q.Həsənquliyev fevralın 28-da keçirilən İqtisadi Şuranın iclasında protokol qaydalarının pozulması halına diqqəti çəkdi. Onun sözlərinə görə, Ali Məhkəmənin sədri İnam Kərimov iclasda məhkəmə hakimiyyətinin statusuna uyğun sayılan yerdə – nazirlərlə bir sırada deyil – Baş nazirin yanında əyləşməli idi: “Məhkəmə sisteminin rəhbəri olan şəxs protokol baxımından daha uyğun mövqedə təmsil olunmalı idi. Baş nazirin yanında oturmalı olduğu halda, nazirlərlə bərabər oturmuşdu. Bu, yaxşı təəssürat yaratmır”.
Məhkəmələrdə illərdir davam edən süründürməçilik hallarına diqqət çəkən millət vəkili, xüsusilə sahibkarların öz hüquqlarını effektiv müdafiə edə bilməməsindən narahatlığını bildirdi. O, həmçinin daşınmaz əmlak sahəsindəki “vicdanlı alıcı” problemini kəskin tənqid atəşinə tutdu. Deputatın fikrincə, saxta sənədlər əsasında əmlakların üçüncü şəxslərə satılması nəticəsində həqiqi mülkiyyətçilər qanuni hüquqlarından məhrum olurlar. Sonda o, ombudsmanı məhz bu kimi sistemli problemlərə və məhkəmə ədalətinin bərpasına xüsusi diqqət yetirməyə çağırdı.
Komitə sədri Fazil Mustafa ölkədəki nikah və boşanma statistikasının narahatedici məqamlarına toxundu. Deputat son doqquz ayın göstəricilərinə əsaslanaraq bildirdi ki, qeydə alınan 40 min nikahdan 17 mini boşanma ilə nəticələnib. Xüsusilə Bakı şəhərində vəziyyətin daha acınacaqlı olduğunu vurğulayan deputat paytaxtda nikahların təxminən 56 faizinin dağılmasını ciddi sosial problem kimi qiymətləndirdi. Boşanma proseslərindəki aliment öhdəliklərinə də toxunan F.Mustafa bu məsələdə ədalət prinsipinin qorunmasının vacibliyini qeyd etdi: “Bir çox hallarda məsuliyyət əsasən kişinin üzərinə qoyulur və aliment öhdəliyi müəyyən edilir. Eyni zamanda, iddialar var ki, bəzi hallarda ailə qurulduqdan və övlad dünyaya gəldikdən sonra qadınlar tərəfindən məqsədli şəkildə boşanma təşəbbüsü irəli sürülür və aliment əldə etmək əsas motivə çevrilir”.
Beləliklə, müvafiq komitələrin rəyləri və aparılan müzakirələrdən sonra ombudsmanın illik hesabatı səsverməyə qoyularaq qəbul edildi. Daha sonra gündəlikdə duran növbəti məsələlərə keçid edildi. İlk olaraq, "Uşaq hüquqları haqqında" yeni hazırlanmış qanun layihəsi və sözügedən layihədən irəli gələrək digər məcəllə və qanunlarda dəyişikliklər müzakirəyə çıxarıldı. Bununla bağlı Mülki Prosessual, Ailə, Cinayət-Prosessual məcəllələrinə, "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Sosial xidmət haqqında", "Reklam haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında" və "Media haqqında" qanunlara dəyişiklik layihəsi müzakirəyə çıxarılaraq üçüncü oxunuşda qəbul edildi.
Parlament bir sıra digər mühüm qanunvericilik dəyişikliklərini də üçüncü oxunuşda qəbul etdi. Cinayət və Cinayət-Prosessual məcəllələrinə edilən dəyişikliklər Birləşmiş Millətlər Təşkilatının (BMT) Kibercinayətkarlığa qarşı Konvensiyasının ratifikasiyası ilə əlaqədar idi. Bundan başqa, İnzibati Xətalar Məcəlləsində elektron siqaretlərlə bağlı yeni cərimələr müəyyən edildi. Yeni qaydalar bu məhsulların istifadəsi, idxalı və ixracı ilə bağlı tələbləri sərtləşdirdi. Eyni zamanda, elektron siqaretlərin istehsalı, topdan və pərakəndə satışı, habelə satış məqsədilə saxlanılmasına görə məsuliyyət artırıldı. Deputatlar "Avtomobil nəqliyyatı haqqında" qanuna edilən dəyişiklikləri də təsdiq etdilər. Yeniliyə əsasən, ölkədaxili sifarişli sərnişin və yük daşımaları üçün icazə almaq istəyən sürücülərdən tələb olunan sənədlərin siyahısı genişləndirildi.
Qanunvericiliyin mövcud idarəetmə strukturuna uyğunlaşdırılması məqsədilə bir sıra qanun və məcəllələrə dəyişiklik layihəsi müzakirə edildi. MM-in Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyevin təqdim etdiyi sənədə əsasən, Nazirlər Kabinetinin silah və strateji materialların ixracı üzərində nəzarəti təşkil etmək səlahiyyəti ləğv olundu. Dəyişikliklərin əsas səbəbi 2012-ci ildə Müdafiə Nazirliyinin tabeliyindəki hərbi komissarlıqların ləğv edilərək, onların bazasında müstəqil mərkəzi icra hakimiyyəti orqanı olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması göstərildi. Sözügedən Xidmətin fəaliyyəti və təchizat qaydaları birbaşa Prezident fərmanları və müvafiq Əsasnamə ilə tənzimləndiyi üçün "Müdafiə haqqında" qanunun 6-cı maddəsindən bu səlahiyyətlərin hökumətə aid olmasını nəzərdə tutan bənd çıxarıldı. Eyni zamanda, Əmək, Cəzaların İcrası məcəllələrindən və digər aidiyyəti qanunlardan artıq fəaliyyət göstərməyən "hərbi komissarlıq" ifadələri kənarlaşdırıldı. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq ilk oxunuşda təsdiq edildi.
Bununla da parlamentin plenar iclası öz işini yekunlaşdırdı.
Tacir SADIQOV
XQ

