Sarsılmaz siyasi iradənin qələbəsi

post-img

Söhbət Azərbaycanın suverenliyinin tam bərpasından gedir

Vətən müharibəsində qazandığımız tarixi qələbəmizi böyük yazıçı Lev Tolstoyun “Hərb və sülh” romanındakı məntiqlə də əlaqələndirmək olar. Ədib əsərində müharibəni cəbhədə baş verən toqquşmanın əvəzinə, xalq iradəsinin yavaş-yavaş formalaşan, amma qarşısıalınmaz axını kimi təqdim edir. Tolstoya görə, tarixin axarını dəyişən hərəkətverici qüvvə zamanla yetişən ümumi iradədir. Müharibə isə, sadəcə, həmin iradənin üzə çıxdığı andır.

Tarixdə elə anlar var ki, onlar həm də milli dirçəlişin simvolu kimi yadda qalır. 44 günlük Vətən müharibəsi də məhz belə bir mərhələ oldu. Məhz həmin tarixi qələbəmiz bütün siyasi mifləri dağıtdı, illərlə formalaşdırılan “dəyişməz reallıqları” kökündən dəyişməyə müvəffəq oldu. İkinci Qarabağ müharibəsi zamanı hər gün irəli gedən ordu ilə birlikdə xalqın özünə inamı da yüksəlirdi. Şəhər-şəhər, kənd-kənd azad edilən torpaqlar bir-bir bizə geri qayıdırdı. Amma ölkəmizin uğurlarına kölgə salmaq istəyənlər də kifayət qədər çox idi.

Prezident İlham Əliyevin Ağdamda 2-ci yaşayış kompleksinin açılışında oraya köçən sakinlərlə görüş zamanı söylədiyi fikirlər də bu reallığı bir daha təsdiqləyir: “Bizi 44 gün ərzində dəfələrlə dayandırmaq istəyənlər min cür təzyiq, təhdid və təxribat törətməyə çalışırdılar və hətta törədirdilər. Bizi qorxutmaq, bizi dayandırmaq, bizim şanlı Zəfər yürüşümüzü yarımçıq qoymaq və münaqişəni əbədi etmək – bax, bizə qarşı olan qüvvələrin məqsədi bu idi. Təbii ki, 5 il keçəndən və biz 2023-cü ildə öz suverenliyimizi antiterror əməliyyatı nəticəsində tam bərpa edəndən sonra artıq bizə qarşı olan qüvvələr yeni reallıqla barışmağa məcbur idilər, biz onları məcbur etdik. O cümlədən bizim Qələbəmizi qəbul etməyənlər, bunu həzm edə bilməyənlər, ermənipərəst qüvvələr məcbur olaraq bugünkü reallıqlarla barışmalı oldular”.

Bəli, ordumuz irəlilədikcə, ona qarşı görünməz sədlər qurulurdu. Açıq və gizli təzyiqlər, siyasi təhdidlər, informasiya təxribatları... Bütün bu addımlar, sadəcə, bir məqsədə, ədalətsiz status-kvonu əbədiləşdirməyə xidmət edirdi. Amma xalqımızın iradəsi bütün mənfur ssenariləri pozdu. Azərbaycan anlayırdı ki, bu dəfə məsələ ləyaqət idi, dövlətçilik idi, gələcək nəsillərin taleyi idi. 44 gün ərzində baş verənlər isə artıq regionda yeni bir siyasi iradənin formalaşdığını göstərdi. Ölkəmiz öz gücünü siyasi uzaqgörənliklə, hüquqi əsaslarla, beynəlxalq reallıqları düzgün dəyərləndirmək bacarığı ilə nümayiş etdirdi. Proses əslində spontan deyildi. İllərlə aparılan məqsədyönlü siyasətin, ordu quruculuğunun, milli birliyin nəticəsi idi.

Zaman öz işini gördü. Müharibədən sonra yeni mərhələ başladı. Bəziləri elə zənn edirdi ki, qələbəni qəbullanmamaq, onu görməzdən gəlməklə reallıq dəyişəcək. Lakin onlar ədalətin gec-tez öz yerini tapacağını unudurdular. 2023-cü ildə keçirilən uğurlu antiterror tədbirləri də bunu bir daha təsdiqlədi və boş illüziyaları dağıtdı. Antiterror tədbirləri sübut etdi ki, dövlətimiz öz ərazisində keçmiş xunta rejiminin tör-töküntülərinin qanunsuz fəaliyyəti məsələsində kompromisə getmir.

Beləliklə, revanşist xəyallar puç oldu, paralel reallıq yaratmaq cəhdləri iflasa uğradı. Uğurlarımızdan sonra regionun siyasi mənzərəsi tamamilə dəyişdi. Qələbəni qəbul etməyənlər, onu həzm edə bilməyənlər məcbur oldular ki, faktlarla barışsınlar. Vaxtilə Bakıya meydan oxuyan ritorikalar söndü, hayların güvəndikləri silah-sursat, hərbi texnika Qənimətlər Parkının eksponatlarına çevrildilər. Əvvəllər Xankəndidə başqa iddialar səsləndirənlər bu gün tam fərqli cümlələr qurmağa məcbur oldular. Daha dəqiq desək, istintaq təcridxanasında çayını udumlayaraq törətdikləri əməllərin cəzasını çəkirlər.

Prezident İlham Əliyevin Ağdamda 2-ci yaşayış kompleksinin açılışında sakinlərlə görüşü zamanı tarixi unutmamaqla bağlı səsləndirdiyi fikirlər də dərin məna kəsb edir: “Yəni bu tarixi biz heç vaxt unutmamalıyıq. O acı günləri yaşayan yaşlı nəsil təbii ki, heç vaxt unutmayacaq. Gənc nəsil unutmamalıdır. Bundan sonra gələn nəsillər, gələcək nəsillər unutmamalıdır, bilməlidir. Bu tarix həm məktəblərdə, həm ali məktəblərdə, ailələrdə əzbər olmalıdır. Yəni bu, bizim şanlı Zəfərimizdir. Eyni zamanda, bundan sonra sülh içində, təhlükəsizlik içində yaşamaq üçün biz bu tarixi heç vaxt unutmamalıyıq”.

Doğrudan da, tarixi anların ən mühüm tərəfi onların yaddaşda necə qorunacağı məsələsidir. Çünki tarix öyrənilmək üçündür. Əgər bir xalq öz Zəfərini unudarsa, onun bədəlini mütləq ki, gələcək nəsillər ödəyəcək. Ona görə də bu hadisələr rəsmi mərasimlərin, bayram günlərinin mövzusu ilə yanaşı, məktəblərdə dərsə, gənclərin şüurunda milli kimliyin ayrılmaz hissəsinə çevrilir. Düzdür, yaşlı nəslin yaddaşından bu anların silinməsi mümkünsüzdür, çünki onlar itkinin canlı şahidləridir.

Amma gənc nəslin də unutmaması üçün əlimizdən gələni etməliyik. Onlar tariximizi hazır miras kimi qəbul etməməli, bilməlidirlər ki, azadlıq hansı sınaqlardan keçib, hansı təzyiqlər fonunda qazanılıb, hansı risklər bahasına əldə olunub. Məhz bu yaddaş sülhün əsas şərtidir. Paradoksal səslənsə də, sülh xatırlanaraq qorunur. Keçmişin dərslərini bilməyən cəmiyyət gələcəyini təhlükə altına ata bilər. Azərbaycan üçün sülh güclü dövlətçilik, təhlükəsizlik və tarixi şüur üzərində qurulan aktiv strategiyadır. Həmin strategiyanın mərkəzində isə unutmamaq prinsipi dayanır.

Bəli Qarabağ Zəfəri tarixi məntiqin nəticəsidir. Otuz il ərzində aparılan diplomatik mübarizə, dövlət quruculuğu, iqtisadi güclənmə, ordunun peşəkar səviyyəyə çatdırılması və milli yaddaşın qorunması görünməz, amma davamlı bir proses idi. Kənardan baxanlar bu səssiz hazırlığı bəzən zəiflik kimi qiymətləndirirdilər. Halbuki Tolstoyun romanında olduğu kimi, əsas dəyişikliklər pərdə arxasında baş verirdi. 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə isə uzun yolun qaçılmaz nəticəsi oldu.

Nəzrin ELDARQIZI
XQ

Siyasət