“İkili standart”ların başına enən “Dəmir yumruq” və yeni dünya nizamı
“Tarix heç zaman zəiflərin göz yaşlarına inanmır, o, yalnız güclü iradənin diktə etdiyi reallıqları qəbul edir. Biz ədaləti bərpa etmək üçün beynəlxalq hüququn gücünə güvəndik, lakin gördük ki, dünyada gücün hüququ hökm sürür. Buna görə də biz hüququmuzu gücümüzlə təmin etdik və bu gün dünya reallıqla hesablaşmaq məcburiyyətindədir”.
Prezident İlham Əliyevin konseptual yanaşması müasir Azərbaycan dövlətçiliyinin strateji xəttini və qlobal sistemdəki yerini müəyyən edən mühüm doktrinadır. Dövlət başçısının son bəyanatlarında əks olunan Cənubi Qafqazda formalaşan yeni geosiyasi arxitekturanın siyasi-hüquqi pasportudur. Müstəqillik tariximizin ən mürəkkəb və şərəfli səhifələrinin yekunu olan bu bəyanat, əslində, beynəlxalq münasibətlər sistemindəki ikili standartlara, riyakarlığa və ədalətsizliyə qarşı qalib gələn milli iradənin manifestidir. Prezidentin vurğuladığı dost və düşmən nisbəti Azərbaycanın illər ərzində apardığı mübarizənin nə qədər çətin və asimmetrik şəraitdə keçdiyini nümayiş etdirir. “Əfsuslar olsun ki, düşmənlərimiz dostlarımızdan bir neçə dəfə çox olub” fikri ölkəmizin qarşılaşdığı qlobal müqavimətin miqyasını göstərən acı həqiqətdir.
Mövcud mənzərə onu sübut edir ki, beynəlxalq siyasətdə dövlətin daxili gücü və liderin qətiyyəti həlledici amildir. Prezidentin qeyd etdiyi güclü iradə, siyasi addımlar və Silahlı Qüvvələrin qüdrəti triadası Azərbaycanın həm döyüş meydanında, həm də diplomatik masada qazandığı zəfərlərin təməl formuludur. Beş il öncə, 2020-ci ilin payızında qazanılan tarixi Zəfər düşmənin hərbi potensialını məhv etdi və işğal faktına son qoydu. Lakin bu, hələ yolun sonu sayıla bilməzdi. Suverenliyin tam və qəti bərpası üçün separatizmin kökünün kəsilməsi, ərazimizdə mövcud olan qanunsuz silahlı birləşmələrin ləğvi və konstitusiya quruluşunun bərpası zəruri idi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri məhz bu tarixi missiyanı tamamladı. Həmin əməliyyat “hərbi cərrahiyyə” dəqiqliyi ilə həyata keçirilməklə yanaşı, həm də yüksək siyasi cəsarət nümunəsi idi. Çünki həmin dövrdə Azərbaycana qarşı edilən xarici təzyiqlər, təhdidlər və sanksiya hədələri pik həddə çatmışdı. Lakin Azərbaycan Prezidenti bütün təzyiqləri neytrallaşdıraraq, milli maraqların tələb etdiyi addımı atmaqdan çəkinmədi. Nəticədə, separatçılıq yuvası darmadağın edildi və Azərbaycanın ərazi bütövlüyü üzərindəki suverenliyi mütləq xarakter aldı. Ondan sonra keçən iki il ərzində bütün beynəlxalq təşkilatlarda bu reallığın təsdiq olunması Azərbaycan diplomatiyasının növbəti uğurudur.
Prezident İlham Əliyevin müraciətindəki diqqətçəkən məqamlardan biri, şübhəsiz ki, ATƏT-in Minsk qrupunun və ona bağlı təsisatların rəsmən ləğv edilməsi ilə bağlıdır. Mənfur Minsk qrupu ifadəsi Azərbaycan xalqının quruma bəslədiyi inamsızlığın və qəzəbin dürüst ifadəsidir. Minsk qrupu fəaliyyət göstərdiyi dövr ərzində münaqişənin dondurulmasına, işğalın legitimləşdirilməsinə və Azərbaycanın ərazilərinin itirilməsi ilə barışmasına xidmət edən mexanizm rolunu oynamışdır. Həmsədrlərin “turist diplomatiyası”, mənasız səfərləri və nəticəsiz danışıqlar prosesi, regionda sülhün bərqərar olmasına mane olan əsas amillərdən biri idi. Azərbaycanın təkidli tələbi ilə bu ayın əvvəlində Minsk qrupunun tarixin arxivinə göndərilməsi, əslində, Qərbin regiondakı ənənəvi təsir alətlərindən birinin ləğvi deməkdir. Ermənistan tərəfinin beş il ərzində buna müqavimət göstərməsi İrəvanın hələ də revanşist xülyalarla yaşadığını, xarici qüvvələrin müdaxiləsinə ümid bəslədiyini və sülh prosesini uzatmaq taktikasından əl çəkmədiyini sübut edirdi. Lakin Azərbaycanın qətiyyəti qarşısında İrəvanın başqa seçimi qalmadı.
* * *
2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən və dünyanın diqqət mərkəzində dayanan sülh prosesi kollektiv Qərbin və ABŞ-ın Azərbaycanın regionda formalaşdırdığı yeni status-kvonu qeyd-şərtsiz qəbul etməsi deməkdir. “Bizim Qələbəmizin çox böyük və güclü möhürü” ifadəsi əldə olunan razılaşmanın miqyasını, əhəmiyyətini və tarixi dəyərini daha da vurğulayır. Bu möhür Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığının dünyanın aparıcı gücləri tərəfindən rəsmən tanınması və təsdiqi anlamına gəlir. Bununla da Azərbaycana qarşı yönəlmiş ərazi iddiaları, separatizm meyilləri və anti-Azərbaycan dairələrinin apardığı soyuq savaş kampaniyası rəsmən iflasa uğradı. Qlobal güclər anladılar ki, Cənubi Qafqazda Azərbaycanın maraqlarını nəzərə almadan heç bir layihəni həyata keçirmək, heç bir təhlükəsizlik arxitekturası qurmaq mümkünsuzdür. Azərbaycanla təhdid dili ilə danışmaq cəhdləri səmərəsizdir və regionda sabitlik yalnız rəsmi Bakı ilə bərabərhüquqlu tərəfdaşlıq əsasında mümkündür.
Prezidentin qeyd etdiyi soyuq savaş ifadəsi, son illərdə bəzi Qərb dairələrinin, xüsusilə Fransa və Avropa Parlamentindəki ermənipərəst qrupların Azərbaycana qarşı apardığı sistemli qarayaxma, təzyiq və diplomatik izolyasiya siyasətini dəqiq xarakterizə edir. Həmin qüvvələr Azərbaycanın qələbəsini həzm edə bilmir, insan hüquqları və demokratiya şüarları altında ölkəmizin daxili işlərinə qarışmağa cəhd edir və Ermənistanı revanşizmə təhrik edirdilər. Lakin Azərbaycanın qətiyyətli duruşu, Türkiyə ilə sarsılmaz ittifaqı və Qoşulmama Hərəkatındakı fəallığı bu planların reallaşmasına imkan vermədi. Avqust ayındakı razılaşma həmin anti-Azərbaycan koalisiyasının dağılması və Qərbin praqmatik maraqlarının ideoloji qərəzdən üstün gəlməsi deməkdir. Dünya anladı ki, Azərbaycan etibarlı tərəfdaşdır, enerji təhlükəsizliyinin qarantıdır və qlobal nəqliyyat sisteminin açar ölkəsidir. Belə bir ölkə ilə düşmənçilik etmək Qərbin öz strateji maraqlarına ziddir.
Mövcud reallıqların siyasi analizi göstərir ki, Azərbaycanın qələbəsi təkcə lokal xarakter daşımır, eyni zamanda, qlobal beynəlxalq münasibətlər sistemində presedent yaradır. Uzun illər ərzində dondurulmuş münaqişələrin həllinin mümkünsüzlüyü barədə formalaşmış stereotiplər Azərbaycanın nümunəsində darmadağın edildi. Qərb dairələri anladılar ki, Cənubi Qafqazda sabitlik istəyirlərsə, bu, Azərbaycanın ədalətli mövqeyini tanımaqla mümkündür.
Bu gün Azərbaycan cəmiyyəti qalib xalq psixologiyası ilə yaşayır. Bu psixologiya özünəinam, gələcəyə ümid və dövlətə bağlılıq hisslərini gücləndirir. Separatizmin ləğvi milli qürurun bərpası deməkdir. İllər boyu torpaqlarımızı ilhaq etməyə və iradəmizi qırmağa çalışanlar bu gün Azərbaycanın diktə etdiyi şərtləri qəbul etmək məcburiyyətindədirlər. Minsk qrupunun tarixin arxivinə getməsi həm də riyakar vasitəçilik institutunun iflasıdır. Bu, dünyaya bir mesajdır: əgər vasitəçi ədalətli deyilsə, onun mandatı da, fəaliyyəti də mənasızdır və gec-tez ləğv olunacaqdır.
Prezidentin çıxışı yeni dövrün başlanğıc anonsudur. Bu dövr quruculuq, inteqrasiya və strateji tərəfdaşlıq dövrüdür. Azərbaycanın dostları artır, düşmənləri isə zəifləyir və ya reallıqla barışır. Avqust razılaşması və Minsk qrupunun ləğvi prosesin hüquqi və siyasi yekunudur. Artıq Cənubi Qafqazda yeni status-kvo mövcuddur və bu status-kvonun müəllifi Azərbaycandır.
Yusif ŞƏRİFZADƏ
XQ

