Vətən müharibəsinin xronikası: 1 oktyabr

post-img

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi 30 illik işğala son qoyan şanlı Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Zəfər marafonunun 5-ci günü

• Oktyabrın 1-də Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Belarus Prezidenti Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurma ilə bağlı yaranmış vəziyyətlə maraqlanıb.

Dövlətimizin başçısı məlumat verərək bildirib ki, Ermənistanın sentyabrın 27-də səhər saatlarında başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqelərimiz şiddətli ağır artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində bu günə kimi hərbi qulluqçularımız, 17 mülki şəxs həlak olub, 50-dən çox mülki şəxs yaralanıb, 200-dən çox ev dağıdılıb. Buna cavab olaraq Azərbaycan tərəfi əks-hücum əməliyyatlarını həyata keçirir.

Prezident İlham Əliyev qeyd edib ki, artıq Ermənistan ərazisindən də Azərbaycan mövqeləri atəşə tutulur ki, bu da qəti şəkildə yolverilməzdir. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistanın hərbi təcavüzünə son qoyulmalı və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.

Dövlətimizin başçısı onu da bildirib ki, Ermənistan tərəfi şüurlu şəkildə danışıqlar prosesini pozur və hərbi təxribatlara rəvac verməklə yanaşı, danışıqlar prosesinə də böyük zərbə vurur.

• Vətən müharibəsinin beşinci gününün sonunadək düşmən bütün cəbhə boyunca tutduğu mövqelərdən və ərazinin mühüm sahələrindən geri çəkilməyə məcbur edilib. Ermənistan ordusunun müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən dəqiq atəşlə məhv edilib. Vətən müharibəsi başladığı gündən düşmənin 200-dək tank və digər zirehli texnikası, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatanları, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan çox avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi sıradan çıxarılıb.

Hərbi informasiya mərkəzində keçirilən brifinqdə daha sonra məlumat verilib ki, Azərbaycan Ordusunun apardığı qətiyyətli əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir. Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazilərdəki düşmən mövqelərinə gecə ərzində bölmələrimiz tərəfindən sarsıdıcı artilleriya zərbələri endirilib. Ermənistan silahlı qüvvələrinin bölmələri isə Ermənistanın ərazisindən cəbhəboyu Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini, Füzuli rayonunun Horadiz şəhərini, Goranboy, Tərtər və Ağdam rayonlarını yenidən artilleriya atəşinə tutub.

Əməliyyatın beşinci gününün sonunadək düşmənin canlı qüvvəsi, hərbi və döyüş texnikası baxımından xeyli sayda itkisi var. Düşmən bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib. Ermənistan ordusunun müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən dəqiq atəşlə məhv edilib.

Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov xüsusilə bildirib ki, Ermənistan mətbuatında guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterin vurulması və İran ərazisinə düşməsi barədə yayılan məlumatlar yanlışdır və əsassızdır. Hərbi Hava Qüvvələrimizə məxsus bütün aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir.

“Dünən məlumat verildiyi kimi, Ermənistan ordusunun alay komandiri və onun müavini Azərbaycan Ordusunun bölmələrinin dəqiq artilleriya atəşi nəticəsində məhv edilib. Alayın köməyinə gələn düşmənin əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib. Əsgəri şərəf, şücaət və şöhrət rəmzi olan döyüş bayrağını döyüş meydanında atıb qaçan düşmən bir daha acizliyini nümayiş etdirib. Döyüş bayrağını qoruya bilməyən ordunun iki yolu var. Ya ərazimizi tərk etməli, ya da yerində məhv olacaq. Qələbə bizimlədir!”, – deyə polkovnik-leytenant Anar Eyvazov bildirib.

• Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Baş Prokurorluğun mətbuat xidmətindən bununla bağlı vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək, ümumilikdə, mülki əhalidən 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, 19 nəfər isə həlak olub.

Bundan başqa, Ermənistan hərbi birləşmələri əhalinin kompakt olduğu məntəqələri – rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini, yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 169 evə, həmçinin 40 mülki obyektə külli miqdarda ziyan vurulub. Eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə salınıb, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bütün zəruri tədbirlər görüləcək.

• Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayaraq əks-hücum əməliyyatları nəticəsində işğaldan azad etdiyi ərazilərdən ilk görüntülər yayılıb. Görüntülərdə Azərbaycan Silahlı Qüvvələri hərbçilərinin artıq həmin ərazilərdə möhkənləndiyi əks olunub. Kadrlardan görünür ki, ərazilərdə məhv edilən düşmənin xeyli sayda texnikası, silah-sursatı qalıb. Hazırda Azərbaycan Ordusu işğal altındakı digər ərazilərin azad edilməsi istiqamətində əməliyyatları davam etdirir.

Xatırladaq ki, uğurlu əks-hücum nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad olunub. Ağdərə rayonu istiqamətində və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən düşmən postları darmadağın edilərək, bir sıra strateji yüksəkliklər nəzarətə götürülüb.

• Ermənistan ordusunun bölmələri Tərtər şəhərini, Ağdamın Gül Baharlı kəndini, Füzulinin Horadiz şəhərini və Arayatlı kəndini, Goranboy rayonunun Tapqaraqoyunlu kəndini, Aşağı Ağcakənd qəsəbəsini və digər yaşayış məntəqələrini ağır silahlardan atəşə tutublar. Bu müharibə cinayətləri nəticəsində onlarla ev və infrastruktur obyekti dağılıb, yaxud ziyan çəkib.

Mustafa KAMAL
XQ



Siyasət