Soydaşlarımızın yenilməz iradəsi düşməni azğınlaşdırmışdı
2020-ci il sentyabrın 27-də başlayan II Qarabağ müharibəsi Azərbaycan tarixində dönüş nöqtəsi oldu. 30 ilə yaxın müddətdə davam edən işğala son qoymaq məqsədilə aparılan hərbi əməliyyatlar nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Lakin müharibə zamanı Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi cinayətlər, xüsusilə də dinc sakinlərə və mülki infrastruktur obyektlərinə qarşı yönələn hücumları beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə düşdü.
Ermənistan tərəfi döyüş meydanında Azərbaycan Ordusunun üstünlüyü qarşısında tab gətirə bilmirdi, buna görə də təmas xəttindən uzaqda yerləşən şəhər və rayonları hədəf alırdı. Bu hücumların əsas məqsədi, görünür ki, Azərbaycan cəmiyyətində təşviş yaratmaq, hərbi-siyasi qərar qəbul edən dairələrə təzyiq göstərmək və diqqəti cəbhə xəttindən yayındırmaq idi. Lakin bu cür davranışlarla beynəlxalq humanitar hüquq, xüsusilə də 1949-cu il Cenevrə Konvensiyaları ciddi şəkildə pozulurdu.
Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Goranboy və digər yaşayış məntəqələri müxtəlif vaxtlarda raket atəşinə tutuldu. Ən dəhşətlisi isə odur ki, bu hücumların bəzilərində “Skad” (Elbrus), “Smerç” və digər ağır artilleriya və ballistik raketlərdən istifadə olundu. Məsələn, Gəncəyə atılan raket zərbələri nəticəsində onlarla insan həyatını itirdi, yüzlərlə mülki şəxs yaralandı, çoxsaylı yaşayış evləri və obyektlər dağıdıldı. Eyni zamanda, Bərdə şəhərinə kasetli bombalı hücum nəticəsində çox sayda mülki şəxs həyatını itirdi. Bu isə beynəlxalq hüquqa görə qadağan olunmuş silahların istifadəsi faktı idi.
Azərbaycan bu hücumlarla bağlı dəfələrlə beynəlxalq təşkilatlara, o cümlədən BMT, ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciətlər etdi. Hücumlar zamanı həyatını itirən vətəndaşların şəkilləri, zərər çəkmiş evlər və infrastrukturun görüntüləri geniş şəkildə mediada yayıldı, Ermənistanın törətdiyi hərbi cinayətlər sənədləşdirildi. Azərbaycanın Baş Prokurorluğu bu faktlarla bağlı cinayət işləri açdı və beynəlxalq müstəvidə hüquqi proseslər başlatdı.
Müharibə zamanı mülki obyektlərin hədəfə alınması təkcə etik və humanist prinsiplərin pozulması deyildi, həm də beynəlxalq hüquq normalarına zidd hərəkətlər idi. Silahlı münaqişə zamanı hərbi və mülki hədəflər arasında fərq qoyulmurdu. Bu fərqə riayət etməyən tərəf isə təəssüf ki, Ermənistan idi. Həmin dövrdə bu faktlar yalnız Azərbaycanın yox, həm də bir çox beynəlxalq insan hüquqları təşkilatlarının hesabatlarında da yer almışdı.
Bu hadisələr bir daha onu göstərdi ki, Ermənistan dövləti müharibə aparmaq əvəzinə terror metodlarına əl ataraq günahsız insanlara qarşı vəhşiliklər törətməkdən çəkinmədi. Bu, Azərbaycan xalqının iradəsini sarsıtmaq məqsədi daşısa da, əks nəticə verdi – xalq daha da birləşdi, mübarizə əzmini artırdı və haqq savaşında qalib gəldi.
Azərbaycan Ordusu isə respublikamızın suverenliyi və ərazi bütövlüyünün qorunması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə özünü müdafiə hüququ çərçivəsində ölkəmizin ərazilərini beynəlxalq hüquqazidd olaraq işğal etmiş Ermənistan silahlı qüvvələrinin legitim hərbi hədəflərini zərərsizləşdirmək istiqamətində əməliyyatlar həyata keçirirdi.
Silahlı qüvvələrimizin savaş meydanında atdığı bütün addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsindən irəli gələn hüquqlar çərçivəsində icra edilirdi. Ordumuzun apardığı hərbi əməliyyatlar gedişində Ermənistanın illərdən bəri özünün işğalçı siyasətini ört-basdır etmək məqsədilə beynəlxalq ictimaiyyətə sırımağa çalışdığı guya münaqişənin Azərbaycan Respublikasının keçmiş Dağlıq Qarabağ bölgəsinin erməni əhalisinin öz müqəddəratını təyinetmə uğrunda mübarizəsi olduğu, Ermənistan bu münaqişədə tərəf kimi iştirak etmədiyi kimi qondarma tezislər tamamilə iflasa uğradı.
Ermənistanın işğalçılıq siyasətinin əsası olan etnik təmizləmə, soyqırımı və digər ağır müharibə, eləcə də insanlıq əleyhinə cinayətlər nəticəsində 750 mindən çox dinc azərbaycanlının hüquq və azadlıqları kobud şəkildə pozuldu. Eyni zamanda, Azərbaycan Ordusunun işğal edilmiş ərazilərdə mülki insanları və mülki infrastrukturu hədəfə aldığı, Türkiyə silahlı qüvvələrinin Azərbaycan tərəfindən hərbi əməliyyatlarda iştirak etdiyi və Yaxın Şərqin bəzi münaqişəli bölgələrindən muzdluların respublikamız tərəfindən əməliyyatlara cəlb edildiyi kimi əsassız və cəfəng iddialar isə sübuta yetirilmədi.
Azərbaycanın əzəli-əbədi torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində işğalçı ölkənin silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilən zaman düşmən savaş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarımızdakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçdi. Azərbaycanın yaşayış məntəqələrini müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər törətdi, mülki şəxsləri vəhşicəsinə qətlə yetirdi, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurdu.
Vətən müharibəsinin xronikasını nəzərdən keçirəndə aydın görünür ki, 44 günlük savaş dövründə işğalçı Ermənistan Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonları ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutdu.
2020-ci il sentyabrın 27-də Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Elbrus Qurbanovun evinə top mərmisi atmaqla 5 nəfərlik ailəni tamamilə məhv etdi. Oktyabrın 4, 5, 8, 11 və 17-də raket və ağır artilleriya hücumları nəticəsində Gəncədə 26 nəfər həyatını itirdi, 175 nəfər yaralandı, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi.
Bütün bunlarla bərabər, Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumları nəticəsində Bərdə rayonunda 29 nəfər həlak oldu, 112 nəfər yaralandı, bu coğrafiyada yerləşən çox sayda mülki infrastruktur obyektləri dağıdıldı. Yeri gəlmişkən, Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak oldu, 454 mülki vətəndaş yaralandı, ümumilikdə, 13 min 360 yaşayış və qeyri – yaşayış sahəsi, 346 nəqliyyat vasitəsi, 1018 fermer təsərrüfatı zərər çəkdi.
Vətən müharibəsinin xronikasından o da aydın olur ki, 2020-ci ilin 27 sentyabr – 10 noyabr müddətində Ermənistan münaqişə zonasından kənarda yerləşən Tərtər, Ağcabədi və Goranboy rayonlarını qadağan edilən və son dərəcə təhlükəli olan fosfor bombalarından 5 dəfə istifadə etməklə müxtəlif vaxtlarda atəşə tutdu. İşğalçı ordu İkinci Qarabağ müharibəsində “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq genişmiqyaslı dağıntılara səbəb olan müharibə üsullarından istifadə etməklə əhalinin və ya döyüşlərdə iştirak etməyən mülki şəxslərin sıx yaşadıqları Füzuli, Tərtər rayonlarını atəş altında saxladı.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdi. Ordumuzun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız insanları hədəfə almaqla müharibə cinayətləri törətdi.
Onu da qeyd edək ki, Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarında genişmiqyaslı minalama prosesi həyata keçirib. Bununla da 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini, Avropa Konvensiyasının müvafiq maddələrini, beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozub.
Minalı bölgələr insanların həyatı üçün təhlükə yaratmaqla yanaşı, torpaqlardan səmərəli istifadə işinə də mane olur. Xeyli müddətdir ki, ərazilərin minalardan təmizlənməsinə baxmayaraq, mütəmadi olaraq baş verən mina partlamaları nəticəsində mülki vətəndaşların xəsarət almaları və həlak olma faktları çoxalır.
Sonda qeyd etmək lazımdır ki, müharibə yalnız cəbhədə döyüşən hərbçilərin savaşı deyil, həm də beynəlxalq hüquq çərçivəsində aparılmalı olan bir prosesdir. Ermənistan II Qarabağ müharibəsi zamanı dinc əhalini və mülki infrastrukturu hədəf almaqla bu hüquqi prinsiplərə hörmətsizlik etdi.
Vaqif BAYRAMOV
XQ