İndi Azərbaycan nə etməlidir?
Ehtiyatlı optimizm. Bu ifadəni Rusiya baş nazirinin müavini Aleksey Overçuk ölkəsinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasına münasibəti kontekstində dilə gətirib. Yəni, o bildirib ki, Moskva prosesə ehtiyatlı optimizmlə yanaşır.
Ümumən, Bakı–İrəvan münasibətləri hazırda elə bir durumdadır ki, hər iki tərəf bir-birindən ehtiyatlanır və bu, müəyyən mənada, təbiidir. Birincisi, söhbət otuz ildən artıq davam etmiş münaqişənin başa çatmasından gedir. İkincisi, 44 günlük müharibədən sonrakı zaman kəsiyində də Azərbaycan və Ermənistan arasında etimad mühiti yaranmadı. Üçüncüsü, obrazlı desək, hələ qaysaq bağlamamış yaralar var. Yəni, tam normallaşma vaxt alacaq. Sülh müqaviləsi mətnində nəzərdə tutulanların da, avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamədə əksini tapanların da reallaşması üçün zaman amili önəmlidir.
Hər bir halda, Azərbaycan və Ermənistan barış sazişini paraflamaqla sülh yolunda böyük addım atıblar. Bütövlükdə dünya ictimaiyyətinin mövqeyi belədir. Etiraf edək ki, Rusiyada da bu barədə düşünənlər az deyil. Overçukun vurğuladığı ehtiyat məntiqi isə həmişə aktualdır. Hərçənd, bu məntiqi vurğulayan yoxdur. Çünki heç kəs ümumi ab-havaya xələl gətirmək istəmir. Hər kəs yaxşı anlayır ki, Moskva birdən-birə qurulmayıb. Deməli, başlıca məqsəd “Moskvanı qurmağa” çalışmaqdır. Azərbaycan və Ermənistan, eyni zamanda, Cənubi Qafqazda yeni düzən formalaşdırmağa çalışır. Hər iki ölkə cəmiyyətində bununla bağlı fikirlərin sayı artmaqdadır və optimizmə əsas verən məhz budur. Elə isə sual yaranır: Hazırda ehtiyat dedikdə ən çox yada düşən nədir? Heç şübhəsiz, ağla Rusiya gəlir.
Əlbəttə, Bakı və İrəvan arasında həllivacib məsələlər də var. Ancaq tərəflər fundamental məqamlar ətrafında razılığa gəliblər və bu onların imzaları ilə təsdiqlənib. Azərbaycan imzasına sadiqdir. Ötən illərin təcrübəsinə diqqət yetirsək, Ermənistanın yolundan sapma ehtimalı var. O zaman daha bir sual yaranır: Necə ola bilər ki, Ermənistan sülh sazişindən imtina etsin?
***
Sualı təkcə biz vermirik. Yada salaq ki, ötən ayın sonunda Prezident İlham Əliyevdən müsahibə götürən Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalının müxbiri də eyni məqamı gündəmə gətirmişdi: “Kiçik bir sualım var. Bu münasibətdən sonra Siz Azərbaycanın etməyə çalışdığının qarşısını almaq üçün Rusiyanın hər hansı bir hərəkətə əl atacağından qorxmursunuz? Mən coğrafiyanı, dəhliz və sair məsələləri nəzərdə tuturam”.
Prezident İlham Əliyevin cavabını da xatırladaq: “Onların (Rusiyanın – red.) Ermənistanda hərbi bazası və bir neçə min nəfərdən ibarət hərbi heyəti var. Eyni zamanda, Ermənistanın İran və Türkiyə ilə sərhədi Rusiya sərhədçiləri tərəfindən qorunur. Azərbaycan torpağında bir nəfər də rus əsgəri yoxdur. Beləliklə, Ermənistanda nə baş verə bilər, mən bunu bilmirəm. Lakin mən bu mənfi ssenari haqqında düşünmək istəmirəm”.
***
Ermənistanda Rusiya meyilli müxalifət də var. O müxalifət ki, baş nazir Nikol Paşinyan administrasiyasını Azərbaycanla sülhə görə qınayır. O müxalifət ki, onun rəsmi İrəvanın indiyədək barış yolunda axsaqlıq nümayiş etdirməsində “rolu” var. Ona görə Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Vaşinqtonda imzalanmış sənədin əhəmiyyətinə izah verərkən bunları demişdi: “Əgər onlar (Ermənistan – red.) bizim ərazi bütövlüyümüzü tanımaqdan imtina etsələr, biz də onların ərazi bütövlüyünü tanımaqdan imtina edəcəyik. Burada kim qazanacaq, kim uduzacaq? Məncə, bu, ritorik sualdır. Ona görə hesab edirəm ki, Ermənistanın istənilən gələcək hökumətində kifayət qədər müdriklik, ağlabatan yanaşma olacaq ki, Vaşinqtonda razılaşdığımızı şübhə altına almasın. Bir daha qeyd edirəm ki, bu, iki dövlət arasında razılaşmadır. Bu, Paşinyan ilə mənim razılaşmamız deyil”.
***
Dövlətimizin başçısı əbəs yerə Ermənistandakı rus hərbi mövcudluğundan da danışmaz, “bu, Paşinyan ilə mənim razılaşmamız deyil” də deməz. Belə qənaətə gəlirik ki, hazırda sülhü təhdid edən faktor dedikdə yada düşən məhz Rusiyadır və ölkənin, belə demək mümkünsə, anti-sülh ampluası yalnız bu yazı əsnasında gəlinən nəticə deyil. Ümumən, bir sıra ekspertlər Azərbaycan-Ermənistan sülhünün Rusiyanın Cənubi Qafqazdakı mövqeyini sarsıtdığı düşüncəsindədirlər. Niyə bu düşüncədədirlər? Çünki Rusiya ictimaiyyətində təmsil olunan ayrı-ayrı şəxslər bildirirlər ki, Bakı və İrəvan ABŞ-la birləşərək, Kremli Cənubi Qafqazdan sıxışdırır və istər-istəməz Moskvanın müqavimət göstərəcəyi tezisi gündəmə gəlir. Bəs olmazdımı ki, bütün bunlar barədə söz açılmayaydı? Görünür, olmazmış.
***
Məsələ ondadır ki, ötən beş ildə Qərbin müxtəlif platformalarında Azərbaycan-Ermənistan danışıqları aparılıb və Rusiya həmin danışıqların nəticələrini şübhə altına almağa çalışıb. Ölkə rəsmiləri, bir qayda olaraq, belə bir fikir irəli sürüblər ki, Qərb platformalarında əldə ediləcək razılaşma fundamental mahiyyət daşıya bilməz. Niyə daşıya bilməz, suala tutarlı cavab olmayıb, yalnız ümumi ifadələri görmüşük.
Ancaq Rusiya tərəfinin haqlı çıxdığını da deyə bilərik. Amma necə? Məsələn, 2022-ci ilin oktyabrında Praqada baş nazir Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bildirmişdi. O, mövqeyini bir daha 2023-cü ilin yayında Brüsseldə təkrarlamışdı. Amma çifayda. Çünki Qarabağda erməni separatizmi qalırdı, “Artsax”, “Artsax” deyib ortaya düşənlər özlərini müstəqil dövlət sayırdılar, bölgədə Ermənistanın on minə yaxın hərbçisi də var idi. Üstəlik, Qarabağda Rusiya hərbçiləri də mövcudluqlarını saxlayırdılar və manevr siyasəti yürüdən erməni iqtidarı, loru dildə desək, bir əldə iki qarpız tutmağa çalışırdı.
Paşinyan administrasiyası həmin vaxt həm Qərbə xoş gələn anti-Rusiya xətti yürüdür, həm də Kremlin erməni sevgisinə siyasi sərmayə yatıraraq elə zənn edirdi ki, sülhməramlı rus kontingentinin bölgədə qaldığı müddətdə Azərbaycan cəsarət edib hücuma keçə bilməz. Lakin hər şey Silahlı Qüvvələrimizin 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə puça çıxdı. Ermənistan real danışıqlara məhz bundan sonra başladı. Daha doğrusu, başlamaq məcburiyyətində qaldı.
***
Deməli, Qərblə yanaşı, Rusiya amili də imkan vermirdi ki, rəsmi İrəvan düzgün məcrada addımlasın. Digər tərəfdən, axı həmin Rusiyanın rəhbər şəxslərinin Qarabağın statusu məsələsinin həllinin sonraya saxlanılması kimi açıqlamaları xatirimizdədir. Hiss olunmuşdu ki, Moskva ötən otuz ildə olduğutək münaqişəni donmuş hala gətirmək istəyir. Üstəlik, Qarabağdakı rus hərbçiləri, sanki, yerli erməni əhalini himayə edirlər. Onlar özlərini haylara şirin satmaq üçün dəridən-qabıqdan çıxırdılar. Hətta əsəblərimizin Qarabağın birbaşa Rusiyanın ixtiyarına keçməsinə dair cəfəngiyyatlarla da tarıma çəkildiyi vaxtlar oldu.
Bir sözlə, Rusiya, Rusiya, Rusiya. Ölkə 2020-ci ildən sonrakı müddətdə real sülh üçün heç nə etmədi. Həm bəzən Ermənistan buna imkan tanımadı, yəni Moskva İrəvanla bacarmadı, həm də, Kreml böyük ölçüdə, münaqişə məntiqini qorumağa çalışdı. Azərbaycan üçün isə başlıca vəzifə öz prinsiplərini qəbul etdirmək idi ki, istəyinə çatdı. İndi Rusiyanın bəzi dairələrinin yanaşması, təxminən, ondan ibarətdir ki, ölkəmiz İrəvanla birbaşa danışıqlar aparmaqla, Moskvaya qarşı düz hərəkət etməyib. Belələri, Rusiyanı böyük qardaş qiyafəsində görməli olduğumuzu düşünəcək qədər dərin psixozun təsirindədirlər. Halbuki, Azərbaycan Rusiyanın regiondakı maraqlarına hər zaman ehtiramla yanaşıb. Ancaq Prezident İlham Əliyevin bildirdiyi kimi, “münasibətlərin korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür. Biz yalnız konstruktiv və hüquqi şəkildə cavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik”.
***
Sonda onu da deyək ki, Azərbaycan cəmiyyətinin Rusiyadan gözləntisi cənab Overçukun təbirincə desək, ehtiyatlı optimizm deyil. Çünki Moskvanın qeyri-adekvat siyasəti sayəsində indi optimizm üçün ehtiyatlılıq paradiqması fərqli assosiasiyalar doğurur, səmimi təsir bağışlamır, təfriqə təmayülünü daşıyır və güman edirik, bu barədə söz açdıq. Daha yaxşı olar ki, hazırda rəsmi Moskva Bakı-İrəvan normallaşmasına, ümumən, toxunmasın və Azərbaycanla münasibətləri qaydaya salmağa diqqət yetirsin. Hesab edirik ki, məhz bu amil onun həm də Azərbaycanla Ermənistan arasında sülhün qərarlaşmasına böyük və real töhfəsi olar. Bakı-Moskva münasibətlərindəki gərginliyin aradan qalxmasının isə bir yolu var ki, o da 2024-cü ilin dekabrında Rusiya səmasında vurulmuş “Azərbaycan Hava Yolları”na məxsus təyyarəyə görə məsuliyyətin müəyyənləşməsi, bu amansız cinayəti törədənlərin qanun qarşısında cavab vermələri, həlak olanların ailələrinə və zərərçəkənlərə təzminatın ödənilməsi, ümumən, dəymiş zərərin qarşılanmasıdır. İndi biz optimist damarımızı işə salaraq Rusiyadan bunları gözləyir, ölkənin böyüklük göstərəcəyinə inanırıq. Güman edirik ki, inamımız və gözləntimiz boşa çıxmaz.
Ə.RÜSTƏMOV
XQ