Reytinq və reallıq: Paşinyana inam azalır, alternativ isə görünmür

post-img

Rəy sorğusu erməni cəmiyyətindəki ovqatı ortaya qoydu

ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) 2025-ci il iyunun 16-dan 25-dək Ermənistanda keçirdiyi ictimai rəy sorğusu maraqlı nəticələr üzə çıxarıb. Sorğunun nəticələrinə əsasən, baş nazir Nikol Paşinyanın reytinqində müəyyən eniş müşahidə edildiyi məlum olub. Hazırda Paşinyanın siyasi reytinqi 13 faizdir. Bu, əvvəlki sorğu ilə müqayisədə onun reytinqinin 3 pillə aşağı düşməsi deməkdir. 2024-cü ilin sentyabrında respondentlərin 16 faizi ona etibar etmişdi.

Bununla belə, Paşinyan Ermənistanda ən yüksək reytinqə malik siyasətçi olaraq qalır. İkinci yerdə 5 faiz reytinqlə xarici işlər naziri Ararat Mirzoyan, üçüncü yerdə isə 4 faizlə Robert Koçaryan dayanır.

Sorğunun nəticələrinə görə, Ermənistan əhalisinin 49 faizi ölkənin yanlış istiqamətə doğru getdiyinə əmindir. Eyni zamanda, rəyi soruşulanların 36 faizi ölkənin düzgün inkişaf etdiyinə inanır.

Sorğu hakim “Mülki müqavilə” partiyasının reytinqinin aşağı düşdüyünü göstərir. Əgər seçkilər gələn bazar günü keçirilsəydi, “Mülki müqavilə”yə ötən ilin sentyabrında olduğu kimi, seçicilərin 20 faizi yox, cəmi 17 faizi səs verərdi. Radikal revanşist kəsimin cəmləşdiyi “Hayastan” bloku 4 faizlə bu siyahıda ikinci yerdə dayanır. Respondentlərin 2 faizi R.Koçaryanın adını çəkib. Rəyi soruşulanların 61 faizi heç bir siyasətçiyə güvənmədiyini, 28 faizi isə 2026-cı ildə keçiriləcək parlament seçkilərində səs verməyəcəklərini qeyd edib.

Ermənistanda ən nüfuzlu ictimai institut respondentlərin 72 faizinin etibar etdiyi silahlı qüvvələrdir. İkinci yerdə Erməni Apostol Kilsəsi qərarlaşıb – 58 faiz. Maraqlıdır ki, ötən ilin sentyabrında keçirilmiş sorğu ilə müqayisədə EAK-ın reytinqi 10 faiz artıb.

Onu da bildirək ki, telefon vasitəsilə aparılan sorğuda Ermənistanın 1505 nəfər yetkinlik yaşına çatmış vətəndaşı iştirak edib. Onların arasında 2023-cü ildə Qarabağdan könüllü köçüb getmiş şəxslər də olub. Respondentlər siyahısına Ermənistan ərazisində altı aydan az yaşayanlar daxil edilməyib.

***

Sorğunun nəticələrinin şərhinə keçməzdən əvvəl qeyd etmək lazımdır ki, ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu tərəfindən keçirilmiş bu sorğunu etibarlı saymaq üçün bir sıra əsaslar mövcuddur. IRI ştatlarda fəaliyyət göstərən, dünyada demokratik institutların inkişafını dəstəkləyən nüfuzlu qeyri-kommersiya təşkilatıdır. İnstitut uzun illərdir müxtəlif ölkələrdə ictimai rəy sorğuları keçirir və bu sahədə geniş təcrübəyə malikdir. Onun tədqiqatları adətən metodoloji dəqiqlik və şəffaflıqla seçilir. Qurum keçirdiyi sorğular zamanı adətən metodoloji detalları, yəni, seçilmiş respondentlərin sayı, bölgüsü, yaş və cins balansı, sorğunun keçirilmə müddəti, sual formaları və səhv payı kimi göstəriciləri dərc edir. Bu isə ictimaiyyətə və mütəxəssislərə məlumatların etibarlılığını yoxlamağa imkan verir. Təşkilat sorğunu sifarişlə və ya birbaşa hansısa siyasi qüvvənin maraqları çərçivəsində deyil, müstəqil şəkildə keçirir. Bu isə nəticələrin qərəzli təqdim olunması ehtimalını minimuma endirir. IRI-nin daha əvvəlki illərdə Ermənistanda keçirdiyi sorğularla müqayisədə budəfəki nəticələrdə ciddi ziddiyyət və ya uyğunsuzluq yoxdur. Əksinə, reytinqdəki eniş tədrici dəyişiklik kimi görünür, bu da onun süni və ya manipulyativ xarakter daşımadığını göstərir.

Digər tərəfdən, Ermənistanın özündə müxtəlif siyasi analitiklər və təşkilatlar IRI-nin nəticələrinə istinad edir ki, bu da onların qəbul olunma səviyyəsini göstərir. Bütün bu amilləri nəzərə alaraq, IRI-nin Ermənistanda keçirdiyi sonuncu ictimai rəy sorğusunu etibarlı və obyektiv hesab etmək mümkündür. Əlbəttə, heç bir sorğu mütləq həqiqət deyil və yalnız meylləri göstərir. Lakin bu nəticələr ictimai əhval-ruhiyyə və siyasi dinamika barədə ilkin, əsaslı təsəvvür formalaşdırmaq üçün mühüm mənbədir.

***

Paşinyanın reytinqindəki enişinə gəldikdə isə bu, bir sıra siyasi, sosial-iqtisadi və psixoloji faktorların təsiri ilə izah oluna bilər. Cəmi bir il ərzində Ermənistan baş nazirinə ictimai etimadın 3 faiz azalması, sadəcə, bir rəqəm deyil, əhəmiyyətli tendensiyanın göstəricisidir. Ehtimal etmək olar ki, Paşinyanın Azərbaycanla sülh danışıqlarında göstərdiyi fəallıq, xüsusilə də ərazi bütövlüyü və sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı bəyanatları erməni cəmiyyətinin müəyyən hissəsində narazılıq yaradıb. Xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində son vaxtlar baş verən bir sıra hadisələr onu tənqidlərə hədəf edib. Halbuki, hökumət bu yanaşmanı regionda davamlı sülhün və sabitliyin bərqərar olması üçün vacib hesab edir.

Ermənistanda iqtisadi artım rəqəmləri müəyyən müsbət göstəricilərlə müşayiət olunsa da, əhalinin geniş təbəqələri bunu gündəlik həyatlarında hiss etmir. Qiymətlərin artımı və işsizlik kimi amillər insanların hakimiyyətə, o cümlədən birbaşa Paşinyana münasibətinə mənfi təsir göstərir. Bundan əlavə, son aylarda radikal müxalifət düşərgəsinin Paşinyana qarşı daha sistemli və ideoloji əsaslı kampaniya aparmasını da gözardı etmək olmaz. Müxalifət cəmiyyət arasında hakimiyyət əleyhinə təbliğatı “suverenlik və ərazi bütövlüyü”, “milli təhlükəsizliyə təhdidlər”, “tarixi irsin qorunması” kimi emosional dəyərlər üzərindən aparır. Bu isə Paşinyanın və onun siyasi komandasının nüfuzunun aşağı düşməsinə səbəb olur.

Son aylarda kilsə ilə hökumət arasında yaşanan açıq qarşıdurma da Paşinyanın reytinqinə mənfi təsir edən amillərdəndir. Kilsənin geniş nüfuzu və təsir imkanları, xüsusilə bölgələrdə onun mövqeyini tənqid edən mesajların cəmiyyətə daha asanlıqla çatmasına imkan verir. Bundan əlavə, bölgədəki geosiyasi qeyri-müəyyənliklər, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Rusiya ilə münasibətlərin zəifləməsi, Qərblə tam inteqrasiya prosesindəki tərəddüdlər Ermənistan cəmiyyətində sabitlik hissini zəiflədir. Bu isə birbaşa icra hakimiyyətinə, konkret halda, baş nazirə olan inamı sarsıdır. Nəticə etibarilə, Paşinyanın reytinqindəki 3 faizlik eniş statistik baxımdan kiçik görünsə də, siyasi baxımdan ciddidir. Bu dinamika həm daxili siyasətdə, həm də beynəlxalq platformalarda hökumətin mövqelərinə təsir edə bilər.

Bununla belə, sorğudakı reytinqində müəyyən enişə baxmayaraq, Paşinyan Ermənistanda hələ də ən çox dəstək alan siyasi fiqur olaraq qalır. Onun 13 faizlik reytinqi rəqibləri ilə müqayisədə üstün mövqeyini qoruduğunu göstərir. Bu, ölkədə alternativ liderliyin hələlik formalaşmadığını deməyə əsas verir. Keçmişdə qeyri-legitim prezident olmuş R.Koçaryanın 4 faizlik reytinq göstəricisi isə onun siyasi nüfuzunun ciddi şəkildə zəiflədiyini nümayiş etdirir. Toplumun Qarabağ klanı təmsilçilərinə inamsızlığı və onlara qarşı mənfi emosional fon hələ də qalmaqdadır.

Rəy sorğusunun nəticələri göstərir ki, Ermənistan cəmiyyətində gələcəyə dair nikbinliklə yanaşı, ciddi narazılıq hissi də mövcuddur. Respondentlərin yarıdan çoxunun ölkənin yanlış istiqamətdə hərəkət etdiyini düşünməsi, cəmiyyət daxilində ümumi narazılığın artdığını göstərir. Bu narazılıq həm sosial-iqtisadi, həm də siyasi səbəblərlə əlaqələndirilə bilər. Eyni zamanda, əhalinin 36 faizi mövcud kursa dəstək verir ki, bu da hökumətin müəyyən təbəqələr arasında razılıqla qarşılandığını göstərir. Belə bir nisbət hakimiyyət üçün həm çağırış, həm də dəyişiklik üçün imkan hesab oluna bilər.

Politoloq Ramiyə Məmmədova mövzu ilə bağlı XQ-yə şərhində bildirdi ki, Ermənistan daxilində gedən prosesləri nəzərə almaq lazımdır. Onun sözlərinə görə, sorğuda ən nüfuzlu ictimai institutların silahlı qüvvələr və EAK olması təsadüfi deyil: “Kilsənin arxasında dayanan qüvvələr özlərini erməni xalqına dost kimi sırıyan, əslində isə onun düşməni olan lobbiçilərdir. Biz kilsənin sırf xaricdən, necə deyərlər, qidalandığını, maddi və siyasi dəstək aldığı məlum faktdır. Keçmişdən gələn ənənələr, eləcə də Ermənistan cəmiyyətində kilsəyə vaxtaşırı gedənlərin çox olduğunu nəzərə alaraq onunla bağlı rəy sorğusunda belə bir nəticənin üzə çıxması təbiidir. Görünür, sadə insanlar kilsənin siyasi oyunlarından xəbərsizdir. Kilsə erməni cəmiyyəti ilə bağlı “beyinyuma əməliyyatını” yaxşı həyata keçirib. Din xadimi adlanan bu şəxslər uzun əsrlərdir ki, belə bir siyasət yürüdürlər. Paşinyan isə bu gün kilsəni siyasi proseslərdən kənarlaşdırmağa çalışır. Ona görə də Nikolun həm ölkə daxilində, həm də xaricdə düşmənlərinin sayı getdikcə artır”.

R.Məmmədova sorğunu keçirənlərin hansı qüvvələrə bağlılığının da tam aydın olmadığını vurğuladı: “Yəni, sorğunun nəticələrini şübhə altına almaq mümkündür. Ancaq şəxsi müşahidələrim göstərir ki, getdikcə Ermənistan baş nazirinə ölkəsində və xaricdə rəğbət artır. Hazırda onun ölkə siyasətçiləri arasında alternativi yoxdur. Burada Qarabağ klanının bağlı olduğu ölkənin də rolu var. Onlar erməni xalqını Paşinyana qarşı yönəltməklə qarışıqlıq yaratmaq istəyirlər. Son nəticədə bu qarşıdurmanın dövlət çevrilişi ilə nəticələnməsinə çalışırlar. Ancaq biz gördük ki, geniş xalq kütlələri radikalların arxasınca getmir. Başqa sözlə, Qarabağ klanı Paşinyana qarşı alternativə çevrilə bilmir”.

Politoloq onu da bildirdi ki, əgər Azərbaycanla sülh müqaviləsi imzalanarsa, Zəngəzur dəhlizi işə düşərsə, ölkəmizlə, Türkiyə ilə Ermənistan arasında sərhədlər açılarsa və bunun nəticələrini erməni xalqı gündəlik həyatında hiss edərsə, bu, Paşinyanın reytinqinin yüksəlməsi demək olacaq: “Normal insanlar başa düşürlər ki, Paşinyan hazırda doğru mövqe tutaraq ölkəsinin, xalqının maraqları, rifahı üçün çalışır. Ona görə də Paşinyanın iqtidardan getməsi, yaxud çevriliş yolu ilə devrilməsi az ehtimal olunur”.

Səxavət HƏMİD
XQ



Siyasət