O, nəyi və kimi suçlamaq istəyir?
Rusiyada “miqrant ovu” çərçivəsində azərbaycanlılara qarşı aparılan təqib kampaniyasının vüsət aldığı hazırkı dövrdə ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov maraqlı açıqlama verib. Daha doğrusu, o, Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumu çərçivəsində Azərbaycan–Rusiya münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Peskovun dedikləri, ilk baxışdan, müsbət qiymətləndirilə bilər. Məsələn, o, Azərbaycan–Rusiya münasibətlərindəki indiki gərginliyin aradan qalxacağına inandığını bildirib. Çox yaxşı, onsuz da heç bir ziddiyyət əbədi deyil. Digər tərəfdən, müasir müstəqillik illərində Bakı və Moskva arasında gərginliklər çox yaşanıb. Amma vəziyyətin indiki qədər yüksək fazasının olmadığını da vurğulamalıyıq...
Əlqərəz, D.Peskov bildirib ki, Azərbaycanda ruslara hörmətlə yanaşılması çox vacibdir. Məlumdur ki, ölkəmizdə rus millətinin mənsublarına münasibət Bakı–Moskva əlaqələrinin axarına əsasən müəyyənləşmir. Ümumən, MDB-də rus dili və rus millətinin təmsilçiləri üçün ən rəvan məkan ölkəmizdir və heç şübhəsiz, təkcə Peskov yox, Rusiyanın digər rəsmiləri, həmçinin, ölkə cəmiyyətinin ayrı-ayrı sferalarının təmsilçiləri də bunu gözəl bilirlər. Üstəlik, Azərbaycan rus məktəblərinin sayına görə də MDB-də lider statusundadır.
Elə isə Rusiya Prezidentinin mətbuat katibi nə demək istəyib? Doğrudanmı, o, fikirləri ilə ölkəmizi rus millətindən olanlara qarşı pozitiv münasibətinə görə təqdir edib? Halbuki, xüsusi təqdir ediləsi durum da yoxdur. Çünki ölkəmizdə yaşayan ruslar da Azərbaycan vətəndaşı statusundadırlar və onlara hansısa fərqli münasibət ola bilməz, heç vaxt olmayıb da. Həm də o səbəbdən ki, Azərbaycan Rusiya deyil...
Bəli, Azərbaycan Rusiya deyil. Burada digər xalqlar və etnik qruplar çox rahat şəkildə ömür sürürlər. İndiyədək ölkəmizdə hansısa milli və etnik zəmində qarşıdurma qeydə alınmayıb. Ona görə belə düşünmək olar ki, cənab Peskovun demək istədiyi başqadır. Bununla bağlı bəzi ehtimallarımızı diqqətə çatdıraq.
Baxın, mətbuat katibi Azərbaycanda ruslara münasibətin yaxşı olduğunu bildirər-bildirməz, Rusiyada da çox böyük Azərbaycan diasporunun yaşadığını xatırladıb. Amma xatırlatmaqla kifayətlənməyib. O deyib: “Azərbaycan diasporunun demək olar ki, bütün nümayəndələri qanuna tabe olan vətəndaşlarımızdır və burada layiqli hörmətə malikdirlər. Qanunları pozan vətəndaşlar qanunla məsuliyyətə cəlb olunurlar”.
Doğrudur, qanunları pozanlar milli mənsubiyyətindən asılı olmayaraq, məsuliyyətə cəlb olunmalıdırlar. Amma bir müddət əvvəl Yekaterinburqda Rusiya qanunlarının necə işlə(mə)diyini gördük. Mövcud istiqamətdə təfsilata varmaq niyyətindən uzağıq. Yəni, Peskov da daxil olmaqla, rus siyasi sisteminin və idarəçilik aparatının hüquq prinsiplərinə, insan haqlarına necə yanaşdığının əlavə təsvirinə lüzum yoxdur. Əslində, mətbuat katibi də fikirləri ilə həmin yanaşmanı ortaya qoyur. Loru dildə desək, təxminən belə: biz sizə qarşı qanunsuzluq edirik, siz etməməlisiniz. Yoxsa, Azərbaycandakı ruslarla Rusiyadakı azərbaycanlıları eyni müstəviyə qoymaq niyə yada düşsün ki?
Nə bilmək olar, bəlkə Peskov dolayısıyla vurğulayır ki, Rusiyada azərbaycanlılara münasibət pis olsa da, Azərbaycanda ruslara yanaşma yaxşı olmalıdır? Klassik imperiya kluarlarında yetişmiş siyasətçinin dilindən bu sayaq subliminal mesajın səslənməsi təəccüb doğurmamalıdır. Hər nə desən olar. Amma bir məqam da var. Daha dəqiq desək sual: Rusiya Krımı ələ keçirərkən və ya beynəlxalq hüquqla Ukraynaya məxsus digər ərazilərə qəsb reallaşdırarkən nəyi bəhanə etmişdi? Cavab birmənalıdır. Ölkə rəhbərliyi həmin ərazilərdə rusdilli əhaliyə himayədarlıq amilini qabartmış, işğalı, bir növ, arqumentləşdirmişdi.
Əlbəttə, demək istəmirik ki, hazırda Kreml Bakı–Moskva münasibətlərindəki gərginlik səbəbilə Azərbaycana qarşı özünün hərbi güc arsenalını işə salmaq barədə düşünür. Xeyr, bu, real deyil. Ancaq ölkənin ayrı-ayrı təbliğat dayaqları olan avantüristlər və anarxistlər ordusu məhz qəsbkarlıq çağırışları səsləndirir, hazırkı durumu, az qala, müharibə şəraiti kimi qiymətləndirirlər. Halbuki, Prezident İlham Əliyevin fikirlərinin hər birində məntiq var. Birincisi, AZAL-ə məxsus təyyarə Rusiya səmasında vurulub. Moskvaya faktı təsdiqləmək, konpensasiya ödəmək və günahkarları məsuliyyətə cəlb etmək qalır. Bunu edirmi? Yox! Nə üçün etmir, o da məlum deyil.
İkincisi, dövlətimizin başçısı ukraynalı jurnalistin sualını cavablandırarkən emosional notlara köklənmədi, reallığı açıqladı. Nəinki açıqladı, eyni zamanda, ölkəmizin timsalında nümunə çəkdi. İşğalla barışmamaq nümunəsi. Burada sadə məntiq var. Bir halda ki, Ukrayna beynəlxalq hüquqla tanınmış ərazilərə malikdir, deməli, həmin ərazilərə başqa dövlətin qoşunlarının daxil olması işğaldır. Məsələyə fərqli yanaşmaq mümkünsüzdür.
Məgər indiyədək Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyib? Ölkəmizin rəhbərliyi, şəxsən Prezident İlham Əliyev bunu hər zaman açıqlayıb. Deməli, dövlətimizin başçısının uzun müddət işğaldan əziyyət çəkmiş ölkənin lideri kimi təcavüzlə barışmamaq tövsiyəsində hansısa əlahiddəlik ola bilməz. Həm də ona görə ola bilməz ki, Azərbaycan işğalla barışmadığı üçün haqqına sahiblənib. Görəsən, Rusiyanın “prapaqanda siçovulları” bunu niyə fərqli təqdim edirlər?
Nə isə bu “siçovulların” nəyi və necə qələmə vermələri, qopardıqları vay-şivən heç bir önəm daşımır. Əsas məsələ Peskovun bildirdiyi və Moskvanın başqa məmləkətlərdəki rus təəssübkeşliyi məsələsidir. Bu “təəssübkeşliyin” Ukrayna ərazinə hücum üçün bəhanə olduğunu vurğuladıq. Elə isə Putinin sözçüsünün dediklərinə yenə pozitivlik pəncərəsindən yanaşaq. Yəqin Peskov demək istəyir ki, Rusiya hərbi hücuma əl atmayacaq, çünki Azərbaycanda ruslara münasibət yaxşıdır. İndi buna sevinəkmi, sevinməyəkmi? Vallah, Peskov da danışmağa söz tapmır.
Ə.RÜSTƏMOV
XQ