XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan böyük təhlükələrlə - parçalanmaq, məhv olmaq, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Ölkədə dərin hakimiyyət böhranı, xaos və anarxiya hökm sürürdü. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davam edən işğalı, getdikcə gərginləşən iqtisadi-siyasi, sosial vəziyyət ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətdə qəti bir inam var idi ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir olan yeganə şəxsiyyət Heydər Əliyevdir. Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi həmin ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış Dövlət Müstəqilliyi kimi tarixi nailiyyəti məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi.
1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin aradan qaldırılmasına nail olundu. Ümummilli liderin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi.
Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarə etmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.
Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosialiqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, ilk olaraq Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha geniş miqyaslı islahatların aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlandı. Bir sözlə, 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi, bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi. Məhz Ulu Öndər Heydər Əliyevin siyasi varisi Azərbaycan Prezidenti İlham Əliyevin apardığı "Dəmir yumruq" siyasəti 30 il düşmən əsarətində olan torpaqlarımız 44 gün davam edən Vətən Müharibəsini Qələbə zəfəri ilə başa vurdu, ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət qalib gəldi. Məhz Ulu Öndər Heydər Əliyevin yenidən ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə müstəqilliyimiz əbədi oldu və bu gün Azərbaycan ilk Cümhuriyyətimizin taleyini yaşamadı. Azərbaycanın tarixinə Zəfər Gününün yazılması bu yolun uğurlu davamının, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ata vəsiyyətini yerinə yetirdiyinin təqdimatıdır. Əlbəttə ki, bütün bunların əsasında Ulu Öndərin hakimiyyətə qayıdışı ilə başlayan Milli Qurtuluş dayanır.
Fəzail İbrahimli
Milli Məclisin deputatı