Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası başa çatıb.
Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin iclas iştirakçılarına müraciətini oxuyub. (Müraciət qazetimizin bugünki sayında dərc olunub).
Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova vurğulayıb ki, ailə anlayışı türk coğrafiyasında sədaqət və fədakarlığın simvoludur. Onun sözlərinə görə, Qarabağ Zəfərindən sonra 2615 ailə, yəni, 10 min 233 vətəndaş işğaldan azad edilmiş ərazilərə köçürülüb. 2026-cı ilin sonuna qədər 34 min 500 ailənin, o cümlədən 140 min vətəndaşın köçürülməsi nəzərdə tutulub.
Daha sonra iclas çərçivəsində nazirlərin görüşü baş tutub.
Görüşdə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev türk dövlətlərinin yaşıl iqtisadiyyat, turizm, təhlükəsizlik, ekoloji layihələr və bir çox digər sahədə birgə fəaliyyətlərini genişləndirməyin vacib olduğuna diqqət çəkib. Baş katib bu sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin bölgəmizin davamlı inkişafı və rifahı baxımından mühüm əhəmiyyət daşıdığını deyib.
Türkiyə ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş qadınların sosial proseslərdə fəal iştirakının müasir dövrün əsas çağırışlarından biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, qadınların sahib olduqları bilik, bacarıq və liderlik keyfiyyətləri bu gün regional və qlobal miqyasda ümidverici həllərin ortaya çıxmasına səbəb olur. Beynəlxalq səviyyədə qadın liderlərin ön plana çıxdığını müşahidə edirik.
Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin Gənclik və Ailə İşləri Komitəsinin sədri Kayrat Kambarov türk dövlətləri olaraq bizi birləşdirən dərin mənəvi köklərin, ortaq tarix və ailə dəyərlərinin bu gün də fəaliyyətimizin əsasını təşkil etdiyinə diqqət çəkib. O qeyd edib ki, qadınlara hər sahədə dəstək vermək cəmiyyətin sağlam inkişafının ayrılmaz hissəsidir. Qadınlar yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin 51 faizini təşkil edirlər. Onların sosial, iqtisadi və siyasi həyatda fəal iştirakı gələcəyimiz üçün son dərəcə vacibdir.
Qırğızıstanın əmək, sosial təminat və miqrasiya nazirinin müavini Kıyal Januzakova bildirib ki, qadınların inkişafı və sosial siyasətdə inklüziv yanaşmalar prioritet hədəflərimizdəndir. Onun sözlərinə görə, əlilliyi olan şəxslərin hüquqlarının qorunması istiqamətində də mühüm nailiyyətlər qazanılıb.
Özbəkistanın əmək və yoxsulluğun azaldılması naziri Rano Turdiboeva qeyd edib ki, qadınlar tarixən ailə ocağının təməlini formalaşdıran, onu qoruyan və gələcəyə daşıyan əsas sütunlardan biri olub. Müasir dövrdə isə qadınların rolu yalnız ailə ilə məhdudlaşmır, onlar cəmiyyətin hər bir sahəsində, xüsusilə idarəetmədə və ictimai həyatda fəal şəkildə təmsil olunurlar.
Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Halbibi Taçjanov ailə və sosial siyasət sahəsində görülən işlər, qadınların cəmiyyətdəki rolu və sosial müdafiə tədbirləri barədə ətraflı məlumat verib.
Şimali Kipr Türk Respublikasının əmək və sosial müdafiə naziri Sadık Qardiyanoğlu isə qeyd edib ki, Azərbaycanda keçirilən bu iclas, qadınların və ümumilikdə cəmiyyətin gələcəyi üçün əməkdaşlıq və həmrəylik içində çalışdığımızın bariz nümunəsidir.
Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclasının yekununda Kommünike qəbul olunub.
Sonda təşkilata üzv dövlətlərin nümayəndələri tərəfindən türk dövlətlərinin milli atributlarından ibarət sərgiyə baxış keçirilib.
Z.HÜSEYNOVA
XQ