III məqalə
İki çevriliş cəhdi və “Əsrin müqaviləsi”
II məqalədə vurğuladığımız üç faktor – azərbaycanlılıq (mənəvi-psixoloji faktor), azərbaycançılıq (ideoloji məfkurə) və multikulturalizmin Azərbaycan ənənəsi (sosial birlik modeli) kompleks halında maraqlı toplumsal effekt yaratdı. Qısa müddətdə Azərbaycan cəmiyyəti dövlətin və ölkənin taleyi ilə bağlı prinsipial məsələlərdə birləşdi. Bu birliyin təməlində, yuxarıdakı üç faktordan göründüyü kimi, tarixi-mənəvi, ideoloji və sosial-siyasi məqamlar dayanırdı. Bu o deməkdir ki, ulu öndər Heydər Əliyev keçən əsrin 90-cı illərində cəmiyyətin birliyini yaratmaqla həm identikliyi, həm də dövlət quruculuğunda milliliyi ön plana çıxarmağı məharətlə bacardı.
Bizim mövzu üçün əhəmiyyətli olan məqam ondan ibarətdir ki, bu mürəkkəb prosesdə cəmiyyətin identikliyində (sosial identikliyin tərkib hissəsi kimi) siyasi identikliyin azadlıqsevərlik kontekstində qabardılması əsas yer tutdu. Yəni cəmiyyətin birlik identikliyinə dayanan siyasi identiklik müxtəlif komponentləri özündə birləşdirdi. Azərbaycan cəmiyyəti müstəqillik mərhələsində ilk dəfə olaraq özünün “siyasi kimliyi”nin konkret obrazını yarada bildi. Bu, tarixi bir dəyişiklik idi.
Düşündürücüdür ki, həmin dəyişiklik üç hadisənin yekun nəticəsi olaraq xalqın müstəqillik təcrübəsinin bir forması kimi reallaşdı. Politoloji baxımdan bu, mühüm özəllikdir. Bu prosesin dövlət identikliyi üçün olduqca prinsipial əhəmiyyəti olan hüquqi təsbiti yeni Konstitusiyanın qəbul edilməsində gerçəkləşdi. Bununla Ulu Öndər müasir dövrdə müstəqil dövlətin formalaşmasında baza rolunu oynayan identikliyi bütün şərtləri nəzərə alaraq sivil formada reallığa çevirdi.
Həmin yolu ölkə iki çevriliş cəhdini yaşamaqla keçdi. 1994-cü və 1995-ci illərdə iki dövlət çevrilişinə cəhd siyasi identikliyin sınağı və dövlətçilik fəlsəfəsinin keyfiyyətcə dəyişməsi mərhələsinin praktiki təcrübə forması olaraq təsəvvür edilə bilər. Çünki hər iki cəhdin qarşısı praktiki fəaliyyətdə xalq-lider həmrəyliyinin təmin edilməsi sayəsində alındı. Heydər Əliyev xalqa səsləniş etdi və milyonlar öz liderini dəstəklədi.
Bu, bütün dünyaya Azərbaycan cəmiyyətinin siyasi identiklikdə milli maraqları və müstəqilliyi hər şeydən önəmli hesab etdiyinin ilk ciddi siqnalı idi. Lider başda olmaqla xalq hər iki cəhdin qarşısını öz birliyi və həmrəyliyindən qaynaqlanan Vətən və müstəqilliksevərlik vasitəsi ilə aldı.
Maraqlıdır ki, çevriliş cəhdlərindən biri 1994-cü ilin 20 sentyabrında imzalanmış “Əsrin müqaviləsi”ndən çox keçməmiş (1994-cü il oktyabrın 2-də), digəri isə 1995-ci ilin martında oldu. Deməli, çevriliş cəhdləri Azərbaycanın dövlət kimi müstəqil geosiyasi seçim etməsinin qarşısını almaq üçün olmuşdu. Həmin anlamda “Əsrin müqaviləsi” müstəqil siyasətin rəmzi kimi dövlətçilik tarixində mühüm rol oynamışdır.
Nəhayət, cəmiyyətin birliyi və dövlət kimliyinin hüquqi təsdiqlənməsi aspektində 1995-ci il 12 noyabr Konstitusiyası böyük rol oynadı. Konstitusiyada yazılmışdır ki, “Azərbaycan xalqı özünün... suveren hüququndan istifadə edərək, təntənəli surətdə... niyyətlərini bəyan edir”. Həmin niyyətlər sırasında cəmiyyətin və dövlətin identikliyi üçün həlledici olan aşağıdakı tezislər vardır: “Vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq; xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq; ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək” (digər iki niyyət haqqında öncəki məqalələrdə yazmışıq).
Beləliklə, 1995-ci il Konstitusiyası faktiki olaraq xalqın siyasi identikliyi ilə müstəqil dövlətin identikliyini eyni məzmun kontekstində müəyyən etmişdir. Bu məqam müasir mərhələdə Azərbaycan cəmiyyətinin azadlıqsevərliyinin və müstəqil dövlətçiliyinin siyasi, geosiyasi və hüquqi təsdiqidir!
1995–2003-cü illər
Bu mərhələ müasir müstəqillik tarixində xalqın siyasi identikliyinin dövlətin müstəqilliyi və suverenliyi üçün nə dərəcədə böyük əhəmiyyət kəsb etməsi təcrübəsi baxımından çox önəmlidir. Zahirən bizə adi görünən bir sıra olaylar, əslində, dərinlərdə gedən və Azərbaycan xalqının öz kimliyini sübut etməsi bağlılığında prinsipial əhəmiyyət daşıyan məqamlardır. Onların bir qisminə nəzər salaq.
“Əsrin müqaviləsi” neft strategiyasının birinci mərhələsi idi. Bunun davamı kimi neftin ixrac marşrutlarının müəyyən edilməsi gəlməli idi. Onun üçün isə dünyanın nüfuzlu enerji şirkətlərinin Azərbaycana sərmayə qoymasını təmin etmək gərək idi. Dünyanın Azərbaycan xalqının siyasi kimliyinə tam əmin olması əsasında bu proses uğurla aparıldı. Burada ulu öndər Heydər Əliyevin siyasi-diplomatik məharəti və sarsılmaz qətiyyəti həlledici rol oynadı. Bütün maneələrə baxmayaraq (onlar haqqında kifayət qədər yazılmışdır) Azərbaycan xalqı və dövləti neft strategiyasını davamlı həyata keçirdi. Azərbaycanda qısa müddətdə bütövlükdə yeni olan iqtisadi infrastruktur yaradıldı. Artıq 2003-cü ilə lider-cəmiyyət-dövlət birliyi tam təmin edilmişdi.
Bu, həmin müddətdə Azərbaycan rəhbərliyinin ABŞ, Avropa, Rusiya, Çin və Türkiyə istiqamətlərində apardığı xarici siyasətlə daxili siyasətin əsas məqamlarının ahəngdarlığı sayəsində mümkün olmuşdu. Azərbaycan rəhbərliyi həmin müddətdə sonradan mükəmməl surətdə inkişaf etdirilən əməkdaşlıq platformalarının, beynəlxalq təşkilatlarla səmərəli əlaqələrin, müxtəlif istiqamətlərdə kommunikativ dəhlizlərin yaradılmasının təməlini yaratdı. Paralel olaraq, cəmiyyətdə həmrəyliyin dinamik inkişaf etdirilməsinin istiqaməti dəqiqləşdi. Həmin müddətdə 1991-ci ildə Naxçıvandan başlayan “həmrəylik hərəkatı”nın sosial, mənəvi, mədəni, siyasi və ideoloji fenomen kimi formalaşması başa çatdı. Xalqın və dövlətin identikliyinin ahəngdarlığı baxımından bu prosesin əhəmiyyəti böyükdür.
Cəmiyyətin identikliyi və həmrəylik
Müasir dövrdə həmrəylik hərəkatı 1989-cu ildə Naxçıvanda SSRİ-İran sərhəd qurğularının sökülməsi ilə başladı. 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyev dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Bu hadisə sonradan bütövlükdə Azərbaycan cəmiyyətinin siyasi, ideoloji, mənəvi birliyinin inkişafında çox mühüm rol oynadı.
2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu, Azərbaycan Respublikasında dövlət siyasətinin yeni bir istiqaməti idi. Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. İndi Diasporla İş üzrə Dövlət Komitəsi adlanır. 2002-ci ilin dekabrında azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında qanun qəbul edildi.
Bütün bu addımların əsl mahiyyətini Ulu Öndərin aşağıdakı fikirlərindən aydın görmək olar. Heydər Əliyev xaricdə yaşayan azərbaycanlılara etdiyi müraciətlərin birində ifadə edirdi:
“Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".
Bu fikirlərdə böyük bir dövlət xadiminin məharətlə “xalqın həmrəyliyi” ideyasını “xalqın siyasi identikliyinə” transfer etməsinin əsas məqamları izah olunur. Həmin məqamlardan görünür ki, Azərbaycan toplumunun birlik modelinin əsasını – 1) Azərbaycan dövlətçiliyinə, 2) Azərbaycan xalqının dilinə, dininə, milli-mənəvi varlığına hörmət və onların qorunması təşkil edir. Eyni zamanda, bu əsasların fonunda Azərbaycan cəmiyyətinin ümumbəşəri dəyərlərə hörməti də prinsipial əhəmiyyət kəsb edir.
Ümummilli liderin tezislərində cəmiyyətin identikliyinin müstəqil və suveren Azərbaycan Respublikası dövlətinin identikliyi çərçivəsində vacib olduğu xüsusi vurğulanır. Yəni Heydər Əliyev cəmiyyətin identikliyi ilə dövlət identikliyinin vəhdəti nümunəsini yaratmışdır.
Milli ideya və cəmiyyət identikliyi
1993-cü ildən cəmiyyətdə başlayan proseslərdə başqa bir mühüm faktor mütləq nəzərə alınmalıdır. Həmin faktor milli ideyanın cəmiyyət identikliyində aparıcı yerə çıxarılması ilə bağlıdır. Bu addımın siyasi əhəmiyyəti milli ideyanın faktiki olaraq siyasi identikliklə müstəqil və tam suveren dövlət identikliyi arasında birləşdirici rol oynaması ilə əlaqəlidir. Bununla milli ideya azərbaycanlılığı, azərbaycançılığı və multikultural dəyərləri özündə ehtiva edən mühüm siyasi-ideoloji fenomen kimi dövlət quruculuğu prosesinə üzvi surətdə daxil edildi.
1993-cü ildə milli ideyanın ərazi bütövlüyünün bərpası məzmununda müəyyən edilməsi coğrafi bütövlüklə siyasi, mənəvi, mədəni və ideoloji bütövlüyün təmini arasında sıx əlaqə yaratmaq imkanı meydana gətirdi. Ərazi bütövlüyünün bərpası kimi milli ideya Azərbaycan cəmiyyətinin identikliyinin aparıcı faktoruna çevrildi.
Bu məqam bütövlükdə müasir mərhələdə müstəqillik, suverenlik və cəmiyyət identikliyi arasında münasibətlərin qurulması baxımından yeni hadisədir. O, Azərbaycanda cəmiyyət və dövlət identikliyinin qarşılıqlı əlaqələrinin ümumi semantik sərhədlərini strateji aspektdə dəqiqləşdirməyə yardım edə bilər.
2003-cü ildən sonra Azərbaycanın vurğulanan istiqamətdə topladığı təcrübə sonuncu tezisi əsaslandırmağa imkan verir. Məsələnin bu aspektinə XXI əsr Azərbaycan dövlətçiliyi tarixində xüsusi yeri və rolu olan II Qarabağ müharibəsindəki qələbə kontekstində nəzər salmaq faydalı olar. Vətən müharibəsindəki zəfər həm cəmiyyətin özünüidentifikasiya etməsi, həm də onun müstəqil və suveren dövlət identikliyi ilə vəhdət təşkil etməsi baxımından prinsipial əhəmiyyət kəsb edir.
Cəmiyyət identikliyinin bu mərhələsi birbaşa Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır. Həmin məsələ yeni tarixi mərhələnin başlaması kontekstində xüsusi nəzəri və praktiki əhəmiyyət daşıyır. Onun üzərində geniş dayanmaq lazım gəlir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru