Ermənistan və havadarları hansı nəticəni çıxarmalıdırlar?
Prezident İlham Əliyev Macarıstana işgüzar səfəri çərçivəsində mayın 20-də Baş nazir Viktor Orbanla mətbuata birgə bəyanatında Bakı – İrəvan sülh prosesinə dair bir sıra vacib məqamları qabartdı. Daha doğrusu, dövlətimizin başçısı həmin məqamların üzərində dayanmaqla, ölkəmizin prinsipial mövqeyini bir daha vurğuladı. Rəsmi Bakının sülhə indiki konkret baxışı nədən ibarətdir, bu barədə söz açacaq, bəzi nüansların təhlilini verəcəyik.
Beləliklə, Azərbaycan lideri ölkəmizin müharibə apararaq, Ermənistanın 30 illik işğalına son qoyduğunu xatırlatdı. Hesab edirik ki, dövlətimizin başçısının bu fikri heç də ümumi ritorikadan irəli gəlmir. Prezident sülh prosesi baxımından sırf xronoloji ardıcıllığa söykənməkdən də uzaq idi və konkret mesaj verirdi. Mesajın nədən ibarət olduğunu sonda bildirəcəyik.
***
“Azərbaycan, eyni zamanda, dörd il yarım əvvəl müharibə aparan ölkə olmuşdur. Biz öz ərazimizdə müharibə aparmışdıq. Ermənistanın 30 illik işğalına son qoymuşduq. Düzdür, bizim müharibəmiz Rusiya – Ukrayna müharibəsi kimi 3 ildən çox yox, cəmi 44 gün ərzində aparılmışdır. Hər gün biz irəliyə gedirdik, bir addım geri atmamışdıq, ordumuzda bir dənə də olsun fərari olmamışdır. Ermənistan ordusunda isə onların özlərinin etirafına görə 12 min fərari olmuşdur”.
Bəli, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan öz ərazisində müharibə aparıb və qalib gəlib. Yəni, heç bir dövlətin ərazi bütövlüyünü pozmayıb, hansısa qonşusuna qarşı təcavüzkar niyyət güdməyib. Dünya birliyi mövcud məqamı nəzərə almalıdır. Digər tərəfdən, dövlətimizin başçısının Rusiya–Ukrayna müharibəsi fonunda müqayisə aparması da təsadüfi deyil. Hər kəsə yaxşı məlumdur ki, Avropa İttifaqı əvvəldən savaşı genişləndirmək istəmişdi. Qurum sülh naminə çalışmamışdır və prinsip etibarilə yenə eyni ampluadadır.
***
O zaman 44 günlük müharibənin ilk çağlarındakı vəziyyəti xatırlayaq. Avropanın müxtəlif institutları, o cümlədən ayrı-ayrı media orqanları Azərbaycanı, az qala, işğalçı kimi qələmə verirdilər. Elə təəssürat yaranırdı ki, sanki Ermənistan təcavüzə məruz qalan ölkədir. Bu sayaq yarıtmaz təqdimatlar havadan götürülməmiş, ermənipərəst mahiyyət daşıyan informasiya kirliliyi idarəolunan prosesə çevrilmişdi. Ortaya düşən “sülh göyərçinləri”nin məqsədi isə müharibəyə son qoymaq yox, onu daha qızğın müstəviyə çıxarmaq idi.
Bəli, həmin vaxt Rusiya – Ukrayna müharibəsinin hazırda aşkar olan mahiyyəti gündəmdə idi. Yəni, böyük ölçüdə Qərb Ermənistana dəstəyi Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması kontekstində görür, Azərbaycan hakimiyyətini ruspərəst qiyafəsində göstərərək reallığı təhrif edir, əsl həqiqətləri arxa plana atmağa, qlobal planlarını pərdələməyə səy göstərirdi. Yeri gəlmişkən, oxşar mənfi meyil 44 günlük müharibədən sonra da nəzərə çarpmışdı.
Lakin savaş günlərində Prezident İlham Əliyevin dünyanın media orqanlarına çoxsaylı müsahibələri, eləcə də ölkəmizdəki xalq-iqtidar vəhdəti dezinformasiya təmayüllərini və Azərbaycan cəmiyyətində nifaq yaratmaq cəhdlərini puça çıxardı. Müvafiq olaraq, ölkəmizin beynəlxalq miqyasdakı mənfi təqdimatının qarşısı alındı. Nəticədə müharibədə qalib gəlmək üçün Azərbaycana cəmi 44 gün yetdi.
Ancaq Ukraynada müharibə 3 ildən artıqdır davam edir və mövcud müstəvidə Aİ, ümumən kollektiv Qərb öz istəklərinə, müəyyən mənada, çatmağı bacarıb. Hər halda, Rusiyanın durumu qənaətbəxş sayıla bilməz. Tam əminliklə deyə bilərik ki, Azərbaycan 44 günlük müharibədəki qüdrəti və qətiyyəti ilə Cənubi Qafqazda Rusiya–Ukrayna müharibəsinin ssenarisinə oxşar “ssenarinin” gerçəkləşdirilməsinin qarşısını kəsdi. Dövlətimizin başçısının vurğuladığı ilk məqam, verdiyi mesajlardan biri məhz budur.
İkinci məqama keçid alaq. Prezident İlham Əliyev Macarıstanda 44 günlük müharibənin beynəlxalq hüquq çərçivəsində – BMT-nin Nizamnaməsi əsasında aparıldığını vurğuladı. “BMT-nin Nizamnaməsinin 51-ci maddəsində hər bir ölkənin özünümüdafiə hüququ var. Biz də bu hüquqdan istifadə edərək, uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdik və 2023-cü ildə öz suverenliyimizi tam bərpa etdik”, – deyən ölkəmizin liderinin Azərbaycanın müharibəni də düzgün aparması üzərində dayanmasında da bəlli mesaj payı var. Təxminən belə: qondardığınız bütün çətinliklərə və etdiyiniz təzyiq cəhdlərinə baxmayaraq, bizə heç bir maneə yarada bilmədiniz və istəyimizə çatdıq.
***
Üçüncü məqam. Məlum olduğu kimi, qalib gəldikdən sonra məğlub dövlətə sülh əlini uzatdı: “Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı onu deyə bilərəm ki, sülh danışıqlarının İkinci Qarabağ müharibəsindən sonra təşəbbüskarı da biz olmuşuq. Sülh müqaviləsinin mətninin müəllifi də biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib, təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib”.
Nəzərə alaq ki, Ermənistanın sülhə gəlməsi də heç də asan olmayıb. Qərbin bəzi dairələri 2020-ci ildən başlayaraq müharibə meydanında rüsvayçılıqla üzləşmiş ölkəni danışıqlar masasından qalib çıxarmaq istiqamətində cidd-cəhd göstərdilər. Hər vəchlə çalışdılar ki, rəsmi İrəvan üstünlüklər qazansın, itirilmiş mövqelərini geri qaytarsın. Ən əsası isə onlar Qarabağda erməni avantürizminin saxlanılmasına baş vurdular və istədilər ki, bölgə erməniləri üçün ayrıca beynəlxalq təminat mexanizmi formalaşsın. Elə bir mexanizm ki, gələcəkdə Ermənistanın Qarabağa ərazi iddiası irəli sürməsinə əsas yaratsın. Üstəlik, bu məqamı çox yaxşı xatırlayırıq: İkinci Qarabağ müharibəsindən sonra, Qərblə Rusiya arasında ermənilərə daha çox imtiyaz vədlərində, bir növ, rəqabət müşahidə olundu. Həmin rəqabətin simptomları bu gün də özünü göstərir. Amma...
***
Qeyd edək ki, Prezident İlham Əliyev bir müddət əvvəl Azərbaycanla Ermənistan arasında real danışıqların 2024-cü ilin əvvəlindən başladığını bildirmişdi. Yəni, dövlətimizin başçısı həmin vaxtadək Bakının İrəvana uzatdığı sülh əlinin geri çevrildiyini vurğulamışdı.
Məsələ ondadır ki, Ermənistan dəstək vədlərindən ruhlanıb illüziyaya qapılmışdı. İş o o yerə çatmışdı ki, 2022-ci ilin oktyabrında Praqada Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edən baş nazir Nikol Paşinyan 2023-cü ilin sentyabrın əvvəlində yerli mediaya müsahibəsində Qarabağdakı separatçı qurumu nəzərdə tutaraq bildirmişdi ki, “Qarabağın özünün seçkili hakimiyyəti var”.
Nəhayət, Ermənistanın bu sayaq hədsizliyi, həyasız davranışları, bəzi beynəlxalq dairələrin dəstəyi Azərbaycanın səbr kasasını daşırdı. Silahlı Qüvvələrimiz 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri həyata keçirərək, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Separatçı rejim isə tarixin zibilliyinə göndərildi. Ancaq Ermənistan yenə məkrindən qalmadı.
Rəsmi İrəvan Qarabağın erməni əhalisini tələm-tələsik bölgədən çıxartdı və bunu etnik təmizləmə kimi qələmə verdi. Antiterror tədbirlərindən sonrakı, təxminən, 3-4 ay müddətində erməni iqtidarı və onun havadarları var gücləri ilə çalışdılar ki, hayların bölgəyə qayıdışını sülh danışıqlarının predmetinə çevirsinlər.
Qətiyyətlə demək olar ki, Ermənistan rəhbərliyinin 2024-cü ilin əvvəlindən real danışıqlara üstünlük verməsi bütün bu “istəklərin” puça çıxmasından sonra oldu. Paşinyan və tərəfdarları Azərbaycana qarşı gedişlərinin nəticə verməyəcəyini anladılar. Əlbəttə, demək olmaz ki, Ermənistan hazırda real məcraya qədəm qoymuş sülh danışıqlarında pozitiv mövqe tutur. Heç vaxt da tutmayıb.
Məsələn, rəsmi İrəvan dəfələrlə sülh sazişinin yarımçıq şəkildə imzalanmasına çalışmışdı. Paşinyan və komandasının üzvləri, habelə xaricdəki havadarları əvvəl barış sazişi mətninin 13, sonra 15 müddəası razılaşdırıldıqdan sona bəyanat yayıb elə fon yaratmışdılar ki, sanki sənəd tez bir zamanda imzalana bilər. Hətta, mövcud fonda Azərbaycanın, guya, barış istəmədiyinə dair sərsəmləmələrin də şahidi olmuşduq. Yenə də məqsəd avantürizmi qorumaq, onun üçün tutacaq yerlər saxlamaq idi.
Nəhayət, 2025-ci ildə Ermənistan sülh müqaviləsinin bütün bəndləri üzrə Azərbaycanla razılığa gəlməyə məcbur oldu. İndi qalır rəsmi İrəvanın sazişin imzalanması üçün iki şərtimizi yerinə yetirməsi. Yeri gəlmişkən, Prezident İlham Əliyev Macarıstanda da həmin şərtləri bir daha açıqlayıb: “Qaldı ki, sülh müqaviləsinin bağlanmasına, burada iki əsas şərt var. Birincisi, Ermənistan konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası vardır. Bu, dəyişdirilməlidir. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bu, artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki, bu iki şərtimizi qəbul etmək istəmir. Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar. Çünki bu təkliflərdə qeyri-adi heç bir məsələ yoxdur”.
***
Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi mövcud coğrafiyanı sülh, sabitlik və inkişaf məkanı kimi görməkdə maraqlı və israrlıdır. Dayanıqlı və davamlı inkişaf naminə regionda avantürizmə heç bir şans olmamalı, hansısa fürsət verilməməlidir. Ölkəmizin iki şərti də məhz bu prinsipiallıqdan qaynaqlanır və dövlətimizin başçısının təbirincə desək, bunda heç bir qeyri-adilik yoxdur.
Sonda qeyd edək ki, Azərbaycan 44 günlük müharibədən sonra bütün maneləri aşaraq istəklərinə çatıb. Prezident İlham Əliyevin Macarıstanda Bakı – İrəvan münasibətlərinə dair əvvəldə barəsində söz açdığımız xronologiyanı diqqətə çatdırmaqla verdiyi ən böyük mesaj da elə budur. Yəni, ölkəmizin lideri həm Ermənistanın, həm də havadarlarının yadına indiyədək olanları salıb və Azərbaycana qarşı çıxmağın heç bir fayda gətirmədiyini yenidən vurğulayıb. İndi qalır, qarşı tərəfin nəticə çıxarması. Necə deyərlər, top Ermənistan tərəfdədir.
Ə.CAHANGİROĞLU
XQ