“Orta güc”ün qətiyyəti

post-img

Azərbaycan Avropa İttifaqı “dağlarını aşır”

Avropa Siyasi Birliyinin mayın 16-da Albaniyada keçirilmiş növbəti – sayca 6-cı sammiti Azərbaycanın beynəlxalq aləmlə əməkdaşlıq xəttinin nəinki “köhnə qitə”də, ümumən dünya miqyasında qəbul edildiyinin təsdiqi baxımından yadda qaldı. Başqa sözlə desək, sammit ölkəmizin balanslı siyasət mövqeyinin qlobal fayda kasuzunu vurğuladı. Tam əminliklə deyə bilərik ki, bu nəticə Prezident İlham Əliyevin diplomatik məharətinin, səriştə və bacarığının təntənəsidir.

ASB sammiti göstərdi ki, Azərbaycanın xarici aləmdəki nüfuzu artmaqdadır. Elə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın Prezident İlham Əliyevlə Tiranada Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen ilə birgə görüşməsi hər şeyi deyir. Nəzərə alaq ki, üçlükdə görüş təklifi məhz Aİ rəsmilərindən gəlmişdi. Belə münasibət müştərəkliyi son dərəcə vacibdir. Çünki zaman-zaman Aİ strukturları daxilində Azərbaycana yanaşmada ikitirəliklər, hətta üçtirəliklər olub. Avropa Parlamentinin timsalında bunun hələ də qaldığını deyə bilərik. Qurum anti-Azərbaycan yönümlü qərəzindən və ermənipərəstliyindən qalmır.

Bəli, Azərbaycanın “Orta güc” ampluası təminatdır. Söhbət mühüm tərəfdaşlıq təminatından gedir. Tərəfdaşlıq inamdan qaynaqlanır. Deməli, ölkəmizin artan nüfuzunu şərtləndirən “Orta güc” mövqeyi təkcə coğrafi amillə əlaqədar reallıq deyil. Çünki tərəfdaşlıqda başlıca təminat etimaddır. Tirana sammiti Avropanın Azərbaycana yanaşmasındakı etimadın yüksəkliyini göstərdi.

Əlbəttə, mövcud nəticəyə heç də birtərəfli prizmadan yanaşıla bilməz. Birdən-birə heç nə olmur. Avropada hər şeyi yaxşı görürlər. Məsələn, Azərbaycanın Çinlə əməkdaşlıq xəttindəki dinamikanı dərk edirlər. Prezident İlham Əliyevin Çində yüksək səviyyədə qarşılanması da diqqətdən yayınmır. Dünyanın super güclərindən biri ilə münasibətlərimizdəki rəvanlıq özündə ölkəmizin Avropa ilə Asiyanın nəqliyyat qovşağında yerləşmə reallığını dividendə çevirmək potensialını daşıyır. Potensial isə elə-belədən formalaşmır. Bu, rasionallığın və praqmatikliyin bəhrəsidir.

Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin siyasi xarakteri mürəkkəb coğrafi şəraitdə yerləşən ölkəmizin tutduğu xəttə yeni keyfiyyətlər qazandırır. Geridə qalan atların güllələndiyi zamanda yaşayırıq. Bir halda ki, həmin Ursula Fon der Lyayen Tiranadakı çıxışında “qlobal düzən qlobal özbaşınalığa çevrilib” deyir, başqa cür düşünməyə əsas yoxdur. Deməli, hər kəs, daha doğrusu, hər bir tərəf yalnız öz mənfəətini düşünür. Yəni, ASB-nin kluarlarındakı səmimilik jestlərinin, belə demək mümkünsə, gülüş və nəzakət mübadilələrinin sərt tərəfləri də var.

Bəli, indiki durumda arxayınlaşmaq, ehtiyatı əldən vermək qətiyyən olmaz. Beynəlxalq aləmlə, habelə Avropa ilə münasibətlərin stabillik xətti yetərli sayıla bilməz. Yeni inkişaf trayektoriyaları tapmaq mütləqdir ki, gerilik, ləngimələr olmasın, adekvatlıq qorunsun. Dünyanın sürətlə dəyişən reallıqları fonunda maraq və mənafelərin daim uzlaşdırılmış diapazonda saxlanılması, habelə uzlaşma nöqtələrinin artırılması şərtdir. Bunun üçün isə diplomatik tonu yüksək fazada saxlamaq lazımdır. Azərbaycan dövlətinin apardığı siyasət özündə məhz vurğuladığımız immunitet üstünlüyünə malikdir. Ölkəmizin Tirana uğuru da bundan irəli gəlir.

Azərbaycan “Orta dəhliz” layihəsi və “yaşıl enerji” təşəbbüsləri ilə regional və qlobal inteqrasiya baxımından önəm daşıyır. Önəmin müxtəlif təzahürləri var və onlar özünü həm Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi K.Kallasın Azərbaycana bir müddət əvvəlki rəsmi səfəri gedişində, həm də Aİ Şurasının prezidenti A.Koştanın 2025-ci ilin yanvarında Prezident İlham Əliyevə zəngində, tərəflər arasındakı telefon danışığının məzmununda göstərdi. Bu yerdə istər-istəməz, Aİ Şurasının əvvəlki prezidenti Ş.Mişelin timsalında Aİ-nin Azərbaycanla təmas gündəliyinə diqqət yetirmək lazımdır. Gündəlik əsasən Bakı-İrəvan münasibətlərinin tənzimləməsi ilə bağlı idi.

Əslində, söhbət həqiqi vasitəçilikdən yox, Aİ-nin müxtəlif diplomatik üsullarla ermənipərəstlik xətti yürütməsindən gedirdi. Daha doğrusu, Fransanın qurumu həmin xətt üçün, bir növ, alətə çevirməsindən. Lakin hazırda yaşananlar göstərir ki, Aİ Azərbaycana ölkəmizin Ermənistanla münasibətləri kontekstində yanaşmaqdan uzaqdır. Bu məqamın özü Bakının son dərəcə böyük diplomatik uğuru kimi qiymətləndirilə bilər.

Ümumən, ASB-nin Tirana Sammiti həm də onu göstərdi ki, Prezident İlham Əliyevin çoxvektorlu və uğurlu xarici siyasət konturları öz bəhrəsini Azərbaycanın regional aktorluğunu vurğulayan məqamlarda göstərir. Belə təəssürat var ki, mövcud trayektoriyada Ermənistan, bütövlükdə erməni amilinə yer yoxdur. Başqa sözlə desək, bu amil taleyin ümidinə buraxılmış vəziyyətdədir. Mövcud məqamı erməni ekspert cameəsi də vurğuladı, Ermənistandakı revanşist və şovinist kəsim də. Yəni, rəsmi İrəvanın qarşısında duran başlıca vəzifə Bakı ilə dil tapmaqdır. Başqa yol yoxdur.

Hazırda Azərbaycan ilə Aİ arasındakı münasibətlər gündəliyini nəqliyyat, xüsusilə Transxəzər – Orta Dəhliz marşrutu üzrə daşımalar, Xəzər və Qara dəniz hövzələrini birləşdirən yaşıl enerji dəhlizinin yaradılması layihəsi, Azərbaycanın Aİ-yə üzv ölkələrə qaz ixracı və enerji sahəsində əməkdaşlıq məsələləri təşkil edir. Bu Koştanın dövlətimizin başçısına haqqında söz açdığımız telefon zəngindən də göründü, Kallasın Bakıya səfərindən də, Tiranadakı üçlü təmasdan da.

Özü də yada salaq ki, Kallas İrəvana Bakıdan yollanmışdı. Bunun özü üzərində dayanılmalı məqamdır. Çünki, bir qayda olaraq, avropalıların ölkəmizə Ermənistandan və Gürcüstandan sonra təşrif buyurmalarına dair yazılmamış, sırf təəssübkeşliyə əsaslanmış qayda var. Azərbaycan Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində qaydalar və stereotiplər dəyişib. Nəticədə bu gün ölkəmiz Cənubi Qafqazın həm də təəssübünü çəkən aktora çevrilib.

Üstəlik, məsələ təkcə “təəssüb” sözünün hərfi mənasında deyil. Azərbaycan region üçün məsuliyyət daşıyan tərəfdir və bu cəhət rəsmi Bakıya öz oyun qaydalarını diktə etmək üçün fürsət verir. Deməli, hazırda Ermənistan qarşısında dayanan başlıca vəzifə həmin qaydalara uyğun fəaliyyət göstərmək, bağlanmış avantürizm kitabını açmağa cəhd göstərməməkdir. İrəvan nəzərə almalıdır ki, Azərbaycan o kitabın bağlandığını bəyan edirsə, bunun özü böyük lütfdür. Elə Avropanın müxtəlif dairələri, o cümlədən Fransa da durumu belə görməlidirlər.

Sonda ASB-nin Tirana Sammiti fonunda ümumiləşdirmə apararaq deyə bilərik ki, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu və aktiv diplomatik fəaliyyəti fonunda ölkəmizin Aİ ilə münasibətlərində yeni mərhələyə keçidin şahidiyik. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın prinisipial mövqeyinin gücləndiyini bir daha, özü də dolğun şəkildə ortaya qoyur. Sübut olunur ki, bütün kənar təsir cəhdlərinə baxmayaraq, Azərbaycanın Avropa ilə əlaqələri qarşılıqlı maraq əsasında inkişaf etməkdədir. Ən başlıcası isə hər iki tərəf bundan dərin məmnunluq duyur. İnanırıq ki, hazırkı məmnunluq gələcəkdə özünü daha zəngin çalarlarda göstərəcək.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət