Dünya tarixində elə liderlər var ki, onların fəaliyyəti bütöv bir xalqın taleyi ilə eyniləşir. Onlar xalqın düşüncə və yaşam tərzinə, milli ideologiyasına istiqamət verən şəxsiyyətlər kimi tarixə düşürlər. Onlar müstəqil qərarvermə bacarığı, strateji təfəkkürü və xalqla bağlılıqları ilə tarixi dönüş nöqtələrində öz millətləri üçün yolgöstərən olurlar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev də belə nadir və nüfuzlu şəxsiyyətlərdən biri idi. O, xalqın ümid yeri, dövlətçiliyin memarı və zamanın tələblərinə cavab verən tarixi şəxsiyyət idi. Bu səbəbdən biz onu haqlı olaraq “dövlətin, xalqın və zamanın lideri” adlandıra bilərik.
Ulu öndər Heydər Əliyevin liderlik fəlsəfəsinin əsas sütunlarından biri onun milli dövlətçilik ideologiyasıdır. O, Azərbaycanın tarixində dövlətçiliyin sistemli və davamlı şəkildə qurulmasına nail olmuşdur. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi vaxtdan başlayaraq, o dövrün reallıqları içində milli mənafeləri qoruyaraq respublikanın sosial-iqtisadi inkişafını təmin etməyə yönəlmiş siyasət həyata keçirməsi bunun bariz nümunəsidir. Onun rəhbərliyi ilə Azərbaycan keçmiş SSRİ miqyasında öncül respublikalardan birinə çevrildi. Bu dövr həm də gələcək müstəqilliyin zəmininin qoyulması baxımından olduqca həlledici idi.
1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan ağır bir böhran dövrünə qədəm qoymuşdu. Dövlətin əsas institutları iflic vəziyyətində idi, ölkə daxili çəkişmələrlə zəifləyir, torpaqları işğal altına düşür, xalq isə öz gələcəyinə inamını itirirdi. Məhz belə bir anda xalq öz xilaskarını yenidən Heydər Əliyev kimi tanınmış və sınaqlardan çıxmış liderdə gördü. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni parçalanmaq təhlükəsindən xilas etdi və dövlətçiliyin əsaslarını yenidən qurmağa başladı.
1993–2003-cü illər Azərbaycan tarixində sabitliyin, inkişafın və beynəlxalq nüfuzun artdığı dövr kimi yadda qaldı. Ulu öndər Heydər Əliyev bu onillikdə yalnız iqtisadi və siyasi islahatlar aparmaqla kifayətlənmədi, həm də milli ideologiyanın, hüquqi dövlət və vətəndaş cəmiyyətinin əsaslarını yaratdı. Yeni Konstitusiyanın qəbul edilməsi, milli ordunun formalaşdırılması, xarici siyasətdə balanslaşdırılmış kurs yürüdülməsi Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyasını təmin etdi. Xüsusilə 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın enerji təhlükəsizliyinin və müstəqil inkişaf xəttinin başlanğıcı oldu.
Ümummilli Heydər Əliyevin liderliyini fərqləndirən əsas cəhətlərdən biri də onun xalqla münasibətlərindəki səmimiyyət, etibar və açıq dialoq idi. Onun keçirdiyi hər bir görüş, çıxış və qərar xalqın maraqlarını ifadə edirdi. Müxtəlif bölgələrə səfərləri zamanı sıravi vətəndaşlarla birbaşa ünsiyyətdə olması, onları dinləməsi və problemlərinə yerindəcə reaksiya verməsi bunun bariz nümunəsi idi.
Liderlik yalnız bugünün problemlərini həll etmək deyil, həm də gələcəyi görmək və ona hazırlaşmaq bacarığıdır. Heydər Əliyev bu mənada zamanın lideri idi. O, XXI əsrdə Azərbaycanın qarşısında duran çağırışları öncədən müəyyən edir, dövlət strukturlarının, təhsil sisteminin, gənclərin və iqtisadiyyatın bu çağırışlara uyğun şəkildə formalaşdırılmasına çalışırdı.
Onun “Azərbaycan dünyaya inteqrasiya olunmalıdır, amma milli dəyərlərimizi itirmədən” fikri bugünkü strateji yol xəritəsinin əsasını təşkil edir. Dövlətin modernləşdirilməsi, neft strategiyası əsasında qeyri-neft sektorunun inkişafı, informasiya texnologiyalarının tətbiqi və gənclərin dövlət idarəçiliyində rolunun artırılması onun əsasını qoyduğu dövlət siyasətinin təzahürüdür.
Məhz bu uzaqgörənlik nəticəsində bu gün Azərbaycan müasir, sabit və dinamik inkişaf edən bir dövlətə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən bu siyasət bir daha sübut edir ki, Heydər Əliyevin müəyyən etdiyi yol, gələcək nəsillərin də yoludur.
Ulu öndər Heydər Əliyev təkcə iqtisadi və siyasi sahələrdə deyil, ideoloji sahədə də böyük irs qoyub. Onun təşəbbüsü ilə “Azərbaycançılıq” məfkurəsi formalaşdırıldı. Bu ideologiya etnik, dini və regional fərqləri aradan qaldıraraq vahid milli kimliyi ön plana çıxarırdı. Azərbaycançılıq ideologiyası bu gün ölkənin milli birliyinin, tolerantlıq ənənələrinin və sosial həmrəyliyinin əsasını təşkil edir. Bu ideologiyanın daşıyıcısı kimi Heydər Əliyev həm gənclər, həm ziyalılar, həm də siyasətçilər üçün örnəyə çevrildi. O, milli-mənəvi dəyərlərə bağlılığı, dövlətə və dövlətçiliyə sədaqəti, xalqla təmasdakı təvazökarlığı ilə ideal lider obrazı yaratdı.
Ulu öndər Heydər Əliyev təkcə dövrünün deyil, bütün dövrlərin lideridir. Onun fəaliyyətinə “ümummilli lider” statusu verilməsi də təsadüfi deyildir. Bu, xalqın ona verdiyi qiymətin və dəyərin təzahürüdür.
Məhz bu xüsusiyyətlərinə görə Heydər Əliyev liderlik anlayışının ideal formasına çevrilmişdir. Onun şəxsi nümunəsi liderliyin yalnız idarəçilik və qərarvermə deyil, həm də mənəvi məsuliyyət, əxlaqi bütövlük və strateji baxış tələb etdiyini göstərir.
Heydər Əliyev irsi bu gün də Azərbaycan dövlətçiliyinin əsas dayağı kimi yaşayır. Onun siyasi kursu davam etdirilir, ideyaları həyata keçirilir, xatirəsi unudulmur və xalqın yaddaşında yaşayır.
Əziz QASIMOV,
Naxçıvan MR Ali Məclisinin deputatı