IV MƏQALƏ
İlham Əliyev təcrübəsi (2003–2020-ci illər)
Prezident İlham Əliyevin siyasi təcrübəsini ümumi səviyyədə üç aspektin qarşılıqlı əlaqəsində dərk etmək olar: Birincisi, həmin təcrübənin Azərbaycan siyasi mədəniyyəti kontekstində öncəki nəsillərin təcrübəsinin davamı kimi. İkincisi, yeni siyasi nəsil üçün bu təcrübənin hazır fəaliyyət şərtləri və qaydaları nümunəsi kimi. Üçüncüsü, Prezidentin siyasi təcrübəsi yeni siyasi dəyərlər və normalar yaradan uğurlu fəaliyyət kimi.
Birinci aspekt Azərbaycanın liderlik ənənəsində siyasi varisliyi ifadə edirsə, ikinci aspekt XXI əsrin çağırışları fonunda Azərbaycanda uğurlu liderliyin ümumi siyasi kriteriyaları və qaydaları nümunəsinin yaradılmasını əhatə edir, üçüncü aspekt isə konkret olaraq yeni siyasi dəyərlər və normalara aiddir. Politologiya elmi prizmasında bu üç aspektin sintezi liderin fəaliyyət mühiti (siyasi mədəniyyət sistemi), fəaliyyətin əsas siyasi parametrləri (şərtlər və qaydalar) və həmin fəaliyyətin kreativliyi (liderin yaradıcı fəaliyyəti sayəsində yeni siyasi dəyərlər və normaların formalaşması) vəhdətini ifadə edir.
Lakin, zənnimizcə, vurğulanan faktorların vəhdəti də realpolitika müstəvisində siyasi təcrübənin mövcudluğunu tam əks etdirmir. Onlara cəmiyyət və dövlət naminə əldə edilən müsbət nəticələr də əlavə olunmalıdır. Çünki liderin fəaliyyət mühitində mövcud şərtlər və qaydalar praktiki olaraq yeni dəyərlər və normaların formalaşması ilə yekunlaşmırsa, siyasi təcrübə prosessuallığını itirir – o, fraqmentar formada müəyyən müddət mövcud olaraq qalır və sonra cəmiyyətin siyasi səhnəsindən silinir.
Deməli, siyasi təcrübə konkret müsbət nəticələri olan mürəkkəb və çoxəhatəli prosesdir. Vurğulanan şərtlər daxilində Azərbaycanın dövlət başçısı və lideri İlham Əliyevin 2003-2020-ci illəri əhatə edən fəaliyyətinə baxsaq, onun başlıca fərqləndirici keyfiyyətlərini müəyyənləşdirə bilərik.
Daxili birliyin təmini
XXI əsrin başlanğıcında Azərbaycan cəmiyyəti üçün daxili birlik (və ya toplumsal həmrəylik) çox aktual məsələ idi. Əslində, cəmiyyətdə həmrəylik və ümumiyyətlə, azərbaycanlıların həmrəyliyi məsələsi müstəqil dövlət quruculuğu üçün həmişə aktual olmuşdur. XXI əsrin başlanğıcını ona görə bu mövzuda xüsusi ayırırıq ki, birincisi, 2003-cü ildə Azərbayanda lider taleyin hökmü ilə dəyişdi, ikincisi, həmin dönəmdə qlobal geosiyasi dinamika olduqca mürəkkəb idi. Azərbaycanda İlham Əliyevin çox təcrübəli, məharətli və yüksək zəka sahibi Heydər Əliyevi necə əvəz edəcəyi məsələsi onda çoxlarına aydın deyildi. Bundan başqa, kənardan olan təxribat xarakterli təsirlər cəmiyyətdə Ulu öndərin formalaşdırdığı multikultural mahiyyətli birliyi poza bilərdi. Bu səbəbdən prezident kimi fəaliyyətə başlayan İlham Əliyevin siyasi etibar və etimadı qazanaraq, bütün cəmiyyəti sıx birləşdirməsi və dünya azərbaycanlılarının həmrəyliyini yeni səviyyəyə qaldırması aktual vəzifə idi.
Təcrübə göstərdi ki, Azərbaycan Prezidenti bu vəzifənin öhdəsindən tam gələ bilmişdir. Həmin faktı siyasi liderlər və tədqiqatçılar II Qarabağ müharibəsində Azərbaycanın möhtəşəm Qələbəsini təmin edən faktorlar sırasında xalqın birliyi və Prezident–Xalq həmrəyliyi kontekstində ayrıca vurğulayırlar. Bu zaman, İlham Əliyev birliyi təmin edən yeni siyasi dəyərlər və normalar da yaratmışdır. Məsələnin bu aspekti çox əhəmiyyətlidir.
Yeni siyasi dəyərlər
Həmin dəyərlər azərbaycançılıqla multikulturalizmin sintezində formalaşdırıldı. Onların motivəedici mexanizmini isə milli ideya təşkil etmişdir. Milli ideyanın “ərazi bütövlüyünün təmini kimi” həyata keçirilməsi prosesində azərbaycançılıqla multikulturalizmin qarşılıqlı münasibətlərində yaranan yeni siyasi dəyərlər İlham Əliyevin xidməti idi. O sırada yeni birləşdirci dəyərlər kimi müstəqil dövlətçiliyə bağlılıq duyğusunun tərbiyəsini və gənclərin milli kökə sədaqətini ifadə edən vətənsevərliyin daha da inkişaf etdirilməsini göstərə bilərik. Politoloji baxımdan maraqlıdır ki, bu iki mühüm faktorun reallaşmasında istiqamətverici və stimullaşdırıcı rolu Azərbaycan liderinin 2003-2020-ci illərdə var gücü ilə müxtəlif səviyyələrdə dövlətin müstəqilliyini müdafiə etməsi oynamışdır.
Onun bariz nümunəsi kimi, Prezident İlham Əliyevin Avropa İttifaqı ilə münasibətlərin inkişaf etdirilməsində tam müstəqil mövqe tutmasını göstərə bilərik. 2013-cü ildə İlham Əliyev Aİ-yə assosiativ üzvlüyü rədd edən təkliflər paketini Brüsselə təqdim etdi. O dönəmdə bir sıra postsovet respublikaları isə assosiativ üzv olmağa can atır və bunu yeganə düzgün seçim hesab edirdilər. Sonrakı illərdə baş verən hadisələr göstərdi ki, Azərbaycan lideri tam haqlıdır və indi assosiativ üzvlüyə can atan dövlətlər seçimlərini dəyişməyə çalışırlar.
Bu proseslərin fonunda azərbaycanlı gənclərin vətənsevərlik duyğuları da daim inkişaf etmişdir. Bu keyfiyyətin əyani təzahürü Vətən müharibəsində özünü tam göstərmişdir. Azərbaycan vətəndaşları olan gənclərimiz savaş meydanına, sözün həqiqi mənasında, axışdı. Təsadüfi deyildir ki, müharibənin gedişində bir nəfər də olsun Azərbaycan əsgəri fərarilik etmədi. Dünya hərb tarixində belə faktlara böyük önəm verirlər. Tam aydın oldu ki, XXI əsrdə azərbaycanlı gənclərin milli vətənpərvər və vətənsevər ruhda tərbiyəsi uğurlu olmuşdur.
Yeni siyasi normalar
Öncə “siyasi norma” anlayışının politoloji anlamına baxaq. Tərifə görə, siyasi normalar siyasi sistemdə siyasi subyektlərin iştirakını tənzimləyən və ümumi qəbul edilən davranış qaydalarıdır. Siyasi normalar elə kompleksdir ki, özlərində ümumi şüarları, konkret siyasi təklifləri, filosofların, siyasətçilərin və liderlərin ideyalarını ehtiva edirlər. Bura partiyaların və ictimai birliklərin proqramları və nizamnamələri də daxildir.
Siyasi normaları formal və qeyri-formal kimi iki qrupa ayırırlar. Formal qrupa, məsələn, qanunvericilik aid edilir. Qeyri-formal qrupa isə ənənələr, etik normalar, diplomatik etiket aid edilə bilər. Siyasi normalar siyasi mədəniyyət əsasında təmin edilə bilərlər. Filosoflar vurğulayırlar ki, siyasi normalar cəmiyyətin bütün sosial normalar sisteminə təsir edir.
Bundan başqa, siyasi normaların müxtəlif elementləri tarixi şəraitdən asılı olaraq daha da aktuallaşa bilərlər. 2003-2020-ci illərdə Azərbaycan siyasi mühiti üçün siyasi subyektlər arasında dialoq məsələsi çox aktuallaşmışdı. Bunun əsas səbəbi milli ideyanı reallaşdırmaq üçün bütövlükdə cəmiyyətin monolit güc kimi birləşmə ehtiyacı ilə bağlı idi.
Eyni zamanda, Azərbaycan cəmiyyətində bütün kəsimlər arasında həmrəyliyi və məqsəd vahidliyini pozmaq üçün müxtəlif istiqamətlərdən informasiya təsirləri azalmaq bilmirdi.
Bunlara görə, həm qanunvericilik, həm də qeyri-formal istiqamətlər üzrə siyasi normaların yeni şərtlərə uyğunlaşdırılması vacib məsələ idi. Siyasi idarəetmədə bu məqam vitse-prezidentlik institutunun təsis edilməsində əksini tapmışdır. Filosoflar bununla bağlı yazırlar ki, “...İnstitusional islahatlar ölkədə milli dövlət idarəetmə sisteminin zamanın dəyişən hədəf və tələblərinə uyğun qurulmasını zəruri edir. İslahatlar institusional qurumların, dövlət və hakimiyyət sisteminin dəyişən tələb və çağırışlarına uyğun mexanizmlərini şərtləndirir”.
Siyasi normaların qeyri-formal aspekti də çox əhəmiyyətlidir. İlham Əliyev 2003-2020-ci illərdə Azərbaycanda siyasi liderlik ənənəsinə yeni çalarlar əlavə etdi. Siyasi münasibətlərdə etik normaları yeniləşdirdi və özünəxas diplomatik etiket nümunəsi yaratdı. Bu faktorların hər biri üzrə faktlar kifayət qədərdir.
Siyasi liderlik ənənəsində İlham Əliyev siyasi qüvvələrin birləşdirilməsi istiqamətində çox səmərəli addım atmışdır. Artıq 2020-ci ilə ölkənin bütün siyasi qüvvələri vahid məqsəd ətrafında birləşmişdi – Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək məsələsində eyni mövqedə idilər. Bunu II Qarabağ müharibəsindəki Qələbəyə müxalif siyasi qüvvələrin verdikləri qiymət aydın göstərir. Onların hər biri qələbəni Prezident İlham Əliyevin şəksiz uğuru hesab etdilər və buna görə də fəaliyyətlərini tənzimləməyə çalışdılar.
Burada siyasi normaların yeniləşməsi baxımından müasir dövr üçün çox maraqlı bir proses özünü göstərdi. Azərbaycanda fəaliyyət göstərən bir neçə müxalif siyasi partiya özünü buraxdı. Onların hər biri bunun eyni səbəbini göstərdi: Azərbaycan milli ideyanı reallaşdırdı, ölkənin ərazi bütövlüyünü və suverenliyi tam bərpa etdi. Partiyaların yaranmasında əsas məqsəd məhz bu olduğuna görə, artıq fəaliyyətə ehtiyac qalmır. Bu, həqiqi mənada siyasi normalarda yeniləşmə idi. Onun bir neçə əlamətini göstərə bilərik:
Birincisi, siyasi partiyalar 2003–2020-ci illərdə addım-addım həyata keçirilən daxili siyasətin tam uğurlu olduğunu və nəticədə ümumilikdə siyasi mədəniyyətin və onun daxilində siyasi normaların dəyişdiyini qəbul etmişlər.
İkincisi, bu prosesdə İlham Əliyevin təşəbbüsü ilə başladılan siyasi dialoqu yeni siyasi norma kimi tam qəbul etmişlər.
Üçüncüsü, bunların əsasında artıq İlham Əliyevə siyasi rəqib olmağın mənasını görmürlər. Çünki Azərbaycan liderinin cəmiyyətdə və dünyada nüfuzu o dərəcədə yüksəkdir ki, ona alternativ olmaq imkanlarının yoxluğunu etiraf etmişlər.
Dördüncüsü, bu siyasi norma yeniləşməsi XXI əsrdə perspektivli ola biləcək siyasi qüvvələrin Azərbaycanda formalaşması imkanlarının mövcudluğu baxımından vacib prosesdir. Həmin prosesdə də yenilik yeni siyasi qüvvələrin İlham Əliyev siyasətinə alternativ olmaqda deyil, siyasi varislik əsasında onu yeni şərtlərlə inkişafı zərurətini qəbul etməklə bağlıdır.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru