Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib

post-img

Aprelin 24-də Milli Məclisin sədri, 102 saylı Şəmkir şəhər seçki dairəsindən millət vəkili Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, videoqəbulda spiker Şəmkir şəhərindən, həmçinin rayonun Düzqışlaq, Təzəkənd və Mahmudlu kəndlərindən olan seçicilərin bir sıra məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Müraciətlərdə əksini tapan bəzi məsələlər yerli xarakterli olduğundan baxılması üçün İcra Hakimiyyəti nümayəndələrinə istiqamətləndirilib. Digər bir qisim müraciətlərin araşdırılması üçün aidiyyəti orqanlara sorğular göndərilib, vətəndaşlara ətraflı izahat verilib.

Görüşdə seçicilərə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin prioritetləri haqqında da məlumat verilib, müvafiq dövlət proqramları çərçivəsində regionlarda, o cümlədən Şəmkir rayonunda həyata keçirilən bir sıra işlər diqqətə çatdırılıb. Xüsusilə, qeyd olunub ki, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mərkəzində ölkə vətəndaşları dayanır və həyata keçirilən tədbirlər xalqımızın maddi rifah halının daha da yaxşılaşdırılması məqsədlərinə xidmət edir.

Spiker Sahibə Qafarova görüşdə vətəndaşlara Milli Məclisin qanunvericilik fəaliyyəti, həmçinin parlament diplomatiyasının daha da genişləndirilməsi istiqamətində atılan addımlar haqqında da məlumat verib.

Siyasət