“Qoca qitə” “Ehtiyac qul edər qəhrəmanı da” aqibətilə barışıb
Dünənədək Cənubi Qafqaz, Mərkəzi Asiya ölkələrinə qarşı çirkli kampaniyalar aparan Avropa İttifaqı (Aİ) bu gün əməkdaşlıqdan, enerji daşıyıcılarına dair birgə layihələrdən danışmağa başlayıb. Mərkəzi Asiyada “çağırılmamış qonaq” qismində peyda olan Aİ rəhbərliyi, əslində, bununla qərəzdən əl çəkdiyini və gücsüzlüyünü nümayiş etdirməkdədir. İntensivləşən təmasların nəticələri həm də ehtiyaclarını ödəmək variantları axtaran Aİ-nin Cənubi Qafqaz dövlətləri ilə münasibətlərinə praqmatik yanaşmanın zəruriliyini ortaya qoyur.
Bu məqamda Azərbaycan Prezidenti İlham Əliyevin üç il bundan əvvəl Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsindən danışarkən dediyi sözləri xatırlatmağa ehtiyac var: “Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq”.
Ötən əsrin 90-cı illərində dünyanın siyasi səhnəsinin qlobal oyunçuları Cənubi Qafqazda güclü iştiraka malik idilər. İntəhası, ilk baxışdan onlar regionda sabitlik və sülhə görə narahat görünürdülər. Axı ABŞ və NATO ölkələrinin Əfqanıstana irəliləməsinin arxasında məhz Mərkəzi Asiya ölkələri dayanırdı. Amma həmin Qərb sonralı dönəmdə Mərkəzi Asiyada sabitləşmə prosesinə heç bir şəkildə kömək etmədi. Əksinə, USAID və digər “yumşaq güc” strukturları bu ölkələrdə, demək olar ki, istənilən istiqamət və ehtiyatsızlığın “müxalifətinin” yaradılmasına və inkişafına sərmayə qoydular. Qlobal güclər Əfqanıstana maraqlarını itirəndən və müvafiq olaraq Mərkəzi Asiyanın işlərinə daha az müdaxilə etdikdən sonra region ölkələri problemlərin həlli yollarını özləri tapmağa başladılar.
2010-cu illərin sonlarından etibarən region ölkələri münaqişələrin həlli üçün hərbi vasitələrdən imtina edərək, keçmiş fikir ayrılıqlarını uğurla aradan qaldırdılar. Bunun sayəsində, məsələn, Avropada alovlanan qarşıdurma fonunda Mərkəzi Asiya ölkələri sərhədlərini təmizlədilər, son illərdə isə Özbəkistan, Qırğızıstan və Tacikistanın ticarət dövriyyəsi on dəfə artdı.
Aİ ehtiyaclarını ödəyəcək məkan axtarır
Sözümüzün mustafası ötən həftə Səmərqənddə keçirilən sammit və orada müzakirə olunan məsələlərlə bağlıdır. Sammitdə Aİ ilə Mərkəzi Asiyanın beş ölkəsi arasında dörd sahəyə diqqət yetirilərək strateji tərəfdaşlığın yaradılması elan edildi. Bunlar tranzit, kritik xammal, təmiz enerji və informasiya kommunikasiyalarına aiddir. İlk ikisi əsasdır və onların icrası ilə bağlı müəyyən suallar ortaya çıxır. Beləliklə, Aİ Transxəzər nəqliyyat dəhlizinə sərmayə qoymağa davam edir. Liberal Avropa elitaları Pekini ritual tənqid etməsinə baxmayaraq, yeni layihə avropalılar üçün əhəmiyyəti artan Aİ ilə Çin arasındakı məsafəni nəinki yarıya qədər qısaldacaq, həmçinin Mərkəzi Asiyadan və qonşu regionlardan həmin “kritik xammalı” daşımağa imkan verəcək. Bununla da bölgə “strateji tərəfdaşlığın” ikinci tərəfi olan Rusiyadan tədarükü əvəz edəcək. Keçən il Aİ bu marşrutun inkişafı üçün 10 milyard avro ayırdı. Əlbəttə, bazarlara və resurslara çıxışla bağlı həyati vacib marşrutların təhlükə altında olduğunu nəzərə alsaq, bu, böyük məbləğ deyil.
Səmərqənd Sammitində çıxış edən Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Brüssel Çinin “Kəmər və yol” layihəsinə zidd olaraq, açıq şəkildə təşviq edilən qlobal infrastruktur layihələri şəbəkəsini inkişaf etdirmək təşəbbüsü olan “Qlobal Gateway” proqramının həyata keçirilməsi üçün bölgəyə 12 milyard avro ayrıldığını bildirib. Amma bu da kifayət deyil, üstəlik, siyasi öhdəliklərlə müşayiət olunur.
Transxəzər Nəqliyyat Dəhlizinin cəlbediciliyi artıb
Ən vacib suallardan biri ondan ibarətdir ki, Aİ Mərkəzi Asiyadan tranziti necə təmin edəcək? O, Azərbaycan və Gürcüstanın iştirakı olmadan Xəzər marşrutu üzrə enerji resurslarını daşıya biləcəkmi? Axı, burada alternativ yollar yoxdur. İndi və yaxın gələcəkdə Aİ Azərbaycan və Gürcüstanın şimalından (Rusiya vasitəsilə) və ya cənubundan (İran vasitəsilə), sadəcə olaraq, yan keçə bilməyəcək. Bu vəziyyətdə Brüssel rəsmiləri təkcə Mərkəzi Asiya ilə deyil, həm də Cənubi Qafqazla bağlı siyasətlərinə yenidən baxılmasının qayğısına qalmalıdırlar. Daha dəqiq desək, Gürcüstana münasibətdə, bu, onun daxili işlərinə qarışmaqdan imtina etmək, habelə gürcü xalqının ləyaqətinə, dəyərlərinə və adət-ənənələrinə hörmət prinsipləri əsasında onun Avropaya inteqrasiyası üçün imkanlar yaratmaq deməkdir. Azərbaycanın timsalında isə bu, Aİ və onun üzvlərindən Ermənistandakı revanşist dairələrlə intriqalardan əl çəkməyi, Azərbaycan sərhədində kəşfiyyat missiyasını məhdudlaşdırmağı və Bakı ilə İrəvanın razılaşdırdığı sülh müqaviləsi layihəsinə yenidən baxılması cəhdlərini dayandırmağı tələb etməlidir. Bunun alternativi yoxdur. Çünki coğrafiya və iqtisadi maraqlar onlara başqa seçim imkanı vermir.
“Supergüclər” bölgədən çəkiləndən sonra...
Səmərqənd görüşü çərçivəsində baş tutan “üçlər”in zirvə görüşü əhəmiyyətinə görə “Mərkəzi Asiya–Avropa İttifaqı” Sammitindən heç də geri qalmırdı. Tacikistan, Qırğızıstan və Özbəkistan prezidentləri arasında ilk dəfə keçirilən üçtərəfli sammitdə ölkə başçıları sərhədlərin qovşağına dair saziş imzalayıblar. Tacikistanın Xücənd şəhərində təşkil edilmiş görüş, doğrudan da, əlahiddə əhəmiyyət daşıyırdı. Bu görüşdə Mərkəzi Asiya respublikalarının rəhbərləri vaxtaşırı gərginlik və hətta silahlı toqquşmalara səbəb olan problemləri müzakirə ediblər. Xatırladaq ki, Qırğızıstanla Tacikistan sərhədində sonuncu dəfə 2022-ci ilin sentyabrında irimiqyaslı toqquşma baş vermiş və yüzdən çox insan həlak olmuşdu. Bunun ardınca sərhədlərin demarkasiyası və delimitasiyasında sıçrayışlı addımlar atıldı. Bişkek və Düşənbə region ölkələri arasında ilk dəfə sərhəd danışıqlarına başlasa da, 2002-ci ildə fövqəldövlətlərin yaratdığı və dəstəklədiyi gərginlik, qlobal oyunçuların sonsuz intriqaları uğura kömək edə bilmədi.
Amma ötən həftə Xücənddə qırğızlarla taciklər öz aralarında əvvəlki iyirmi ildəkindən daha çox məsələni həll etdilər. 2022-ci il martın 13-də Qırğızıstan və Tacikistan qarşılıqlı sərhəd haqqında saziş imzaladılar. İndiki üçtərəfli sammit isə təkcə sərhəd məsələləri ilə məhdudlaşmırdı. Orada qəbul edilən Əbədi Dostluq haqqında Xücənd Bəyannaməsi üçtərəfli əməkdaşlığın genişləndirilməsinə çağırır. Və sammit başlamazdan əvvəl Qırğızıstan və Tacikistan prezidentləri Sadır Japarov və Emoməli Rəhmon ticarət-iqtisadi və enerji sahələrində əməkdaşlığa dair danışıqlar aparıblar.
Aİ-nin mərkəzi asiyalıları dosta çevirmək cəhdləri
Beləliklə, kənar məsləhətlərdən imtina edən Mərkəzi Asiya ölkələrinin öz problemlərini necə həll etdiyini görən Qərb dövlətlərinin onlara münasibətinin dəyişdiyini görürük. Bunu şərtləndıən amillərdən biri də Rusiyanın Qərblə uzun illər davam edən münasibətlərinin iflasa uğramasıdır. Bu gün avropalılar postsovet məkanında, Rusiyanın qonşuları arasında dost axtarışına başlayıblar. Təbii ki, Aİ ölkələrinin Mərkəzi Asiyaya marağı başadüşüləndir: Makron açıq şəkildə orada uran, Şolts isə neft və qaz axtarırdı. Birincisi bölgədə uğur qazanmasa da, almanlar, həqiqətən də, Rusiya neftinin bir hissəsini Qazaxıstandan tədarüklə əvəz etməyə nail olublar. Məhz bunun nəticəsində son illər Norveç və ABŞ-dan sonra Qazaxıstan Almaniyaya üçüncü neft tədarükçüsünə çevrilib.
Son yeddi ildə Mərkəzi Asiyanın 5 respublikası ilə Aİ arasında ticarət dövriyyəsi dörd dəfə artaraq 54 milyard avroya çatıb. Amma əsas odur ki, indi təmaslarda Qərbin xudpəsəndliyi azalıb. Yəni, Aİ üzvləri həmsöhbətlərinə mühazirə oxumaqdan, pul və resurslar vəd etməkdən, tərəfdaşlarını danlamaqdansa qarşılıqlı anlaşma mühitinə üstünlük verirlər. Onların “gürcü sindromu” burada keçmədi. Sağ təmalülçü “insan haqları” fəalları keçən il Aİ Qırğızıstanla böyük ticarət və əməkdaşlıq müqaviləsi imzalayanda qəzəblənmişdilər.
Səmərqəndin evsahibliyi etdiyi “Mərkəzi Asiya–Avropa İttifaqı” Sammitdə Aİ üzvlərinin radikal müdaxilədən uzaqlaşması nəzərə çarpdı. Tədbirdə Qırğızıstan, Tacikistan, Özbəkistan, Qazaxıstan, Türkmənistan liderləri və Aİ-nin yüksək səviyyəli rəsmiləri iştirak ediblər. Aİ artıq bu ölkələrlə münasibətlərə doqmatik yanaşmır, amma köhnə fanatizmin təzahürləri hələ də hiss olunmaqdadır. Bunu Aİ-nin yüksək rütbəli rəsmisinin “British Guardian”a verdiyi şərhdən görmək olar. Onun sözlərinə görə, “Biz orada nəyisə təbliğ etmək fikrində deyilik. Amma nə qədər çox dialoq və qarşılıqlı əlaqəmiz olsa da, bundan sonra bizə təsir edən hər şeyi dəyişdirə və təkmilləşdirə biləcəyimizə bir o qədər inanırıq”.
Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri son illər qazandıqları uğurlara Qərbdən və ya Şərqdən gələn xarici xeyirxahların köməyi sayəsində nail olmayıblar. Dünənədək “qlobal oyunçu”lar bu regiona qarşı açıq şəkildə müdaxilələr edir və onlara dağıdıcı ideyalar sırımağa çalışırdılar. Amma o dönəm arxada qaldı. Bu baxımdan Mərkəzi Asiya respublikaları, Azərbaycan və Gürcüstan artıq eyni yolun yolçularıdır...
Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı
– Hazırda dünyada yeraltı resurslar uğrunda ciddi mübarizə gedir. Avropa İttifaqının da enerji daşıyıcılarına ehtiyacı var. Rusiya–Ukrayna müharibəsi hələ davam etdiyindən Avropa ölkələri şimal qonşumuzdan əvvəlki kimi neft, qaz, eləcə də digər mineral resurslar əldə edə bilmirlər. Həmin enerji daşıyıcıları isə Qərb dövlətləri üçün son dərəcə vacibdir. Bu baxımdan, Mərkəzi Asiya ölkələri böyük potensiala malikdirlər. Məsələn, Qazaxıstan uran ehtiyatlarına görə dünyanın lider ölkələrindən biridir. Avropanın bir çox dövlətləri bu maddəyə böyük ehtiyac duyurlar. Çünki uran olmadan atom elektrik stansiyalarını işlətmək mümkün deyil. Məhz buna görə Mərkəzi Asiya ölkələrinə maraq artıb. Avropa təkcə enerji sahəsində deyil, digər məhsullar üzrə də ticarət əlaqələrini genişləndirməyə çalışırlar. Amma burada problem var: məhsullar Qərbə haradan daşınacaq? Bu problemin həlli Avropa İttifaqının diplomatik fəallığından asılıdır.
Səmərqənd sammitində əsas vurğu onun üzərində idi ki, Mərkəzi Asiyanın təbii sərvətlərinin Avropaya ancaq Xəzər üzərindən daşınması mümkündür. Ən yaxın coğrafiya Rusiya sayılsa da, bu ölkəyə qarşı sanksiyalar tətbiq edilib. Yeganə optimal variant Xəzər və Cənubi Qafqaz ölkələri üzərindən daşınmadır. Bu məsələ ilə bağlı Aİ Azərbaycanla danışıqları sürətləndirməlidir. Deməli, bu zaman Zəngəzur dəhlizinin əhəmiyyəti də artır. Ermənistan isə bu məsələni uzadır. İrəvan bir tərəfdən Aİ-yə yaxınlaşmağa çalışır. Bu günlərdə Hayastan parlamenti müvafiq sənədi qəbul etdi, prezident də imzaladı. Digər tərəfdən isə Azərbaycanla sülh sazişinin imzalanmasını, Zəngəzur dəhlizinin açılmasını uzadır. Yəni, əgər Aİ Mərkəzi Asiyanın təbii sərvətlərini Azərbaycan üzərindən əldə etmək istəyirsə, onda Ermənistana təsir göstərməlidir ki, o, Bakının əlavə iki şərtini tez yerinə yetirsin. Bunlar konstitusiyasında zəruri dəyişiklik və ATƏT-in Minsk qrupundan imtinadır. Bu maneələr aradan qaldırılarsa, Mərkəzi Asiyadan Avropaya nəqliyyat dəhlizi rahat işə düşəcək. Son nəticədə hamı udacaq.
İmran BƏDİRXANLI
XQ