“Sevgimizin yolları” İsrailə çatıb

post-img

“Mənim dostum Meir”i də özü ilə aparıb

İsraildə Azərbaycan rejissoru Rüfət Əsədovun 2 yeni ekran əsərinin – “Sevgimizin yolları” və “Mənim dostum Meir” filmlərinin təqdimatı olub.

“Sevgimizin yolları” filminin ilk təqdimatı sözügedən ölkənin Afula şəhərində baş tutub. Təqdimat mərasimi Diasporla İş üzrə Dövlət Komitəsinin və Afula şəhər Bələdiyyəsinin dəstəyi ilə keçirilib.

Qeyd edək ki, Azərbaycan əsilli aşkenazi yəhudisi və müsəlman azərbaycanlının əbədi məhəbbət hekayəsindən bəhs edən ekran əsərində, həmçinin İsrail və Azərbaycan xalqlarının dostluğu tərənnüm olunur. Filmin qəhrəmanları Mixail və Yeganə Salmanlar hazırda İsraildə yaşayırlar və hər ikisi Azərbaycan-İsrail xalqları arasında münasibətlərin daha da möhkəmlənməsinə əhəmiyyətli töhfələr verən diaspor fəallarıdırlar.

Filmin növbəti təqdimatı Qüdsdə “Yerusəlim şəhər kitabxanası” və “Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının” dəstəyi ilə keçirilib.

İsrailin Kiryat-Byalik şəhər Bələdiyyəsinin və “Sholumi” Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Rüfət Əsədovun “Mənim dostum Meir” filminin təqdimatı olub. Filmdə ölkəmizdə yaşayan dağ yəhudilərinin doğulub boya-başa çatdıqları Azərbaycana sonsuz məhəbbətləri, Vətənə bağlılıqları tərənnüm olunur. Həmçinin ekran əsərində dağ yəhudilərinin Azərbaycanda qorunub saxlanılan adət-ənənələrindən və milli-mənəvi dəyərlərindən bəhs edilir. Film Azərbaycanın İsmayıllı rayonunun Mücü-Həftoran kəndində yaşayan Meir Manaşirov haqqındadır.

Təqdimatın sonunda rejissora “Dağ yəhudiləri mədəni və tarixi irsinin qorunması” Mədəniyyət Mərkəzinin və Kiryat-Byalik şəhər Bələdiyyəsinin rəsmi minnətdarlıq məktubu təqdim olunub.

XQ

Mədəniyyət