İrəvanın hansını seçəcəyi hələ də məyyən deyil
Az qala, bütün dünya Azərbaycan Ermənistan arasında sülh mətninin razılaşdırılmasını alqışlayır. Hətta vaxtilə münaqişənin həllində vasitəçi statusunda olan, amma, əslində, onu konservləşdirmyə çalışan üç ölkə – ABŞ, Rusiya və Fransa da tezliklə sülh sazişinin imzalanmasını arzulayırlar. ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, bu, hər iki ölkə üçün Prezident Trampın möhkəm sülhə dair baxışlarına uyğundur, onilliklər boyu davam edən münaqişənin səhifəsini çevirmək üçün bir fürsətdir. O, durumdan məmnunluğunu “indi sülhə nail olmaq, müqaviləni imzalamaq, ratifikasiya etmək və Cənubi Qafqaz xalqları üçün yeni tərəqqi dövrünü açmaq vaxtıdır” formasında ifadə etməyi də unutmayıb.
Maraqlı və təəccüblü yanaşmadır. Bəli, Ermənistana silah verənlər həm də sülhdən danışırlar. Axı, bu iki məfhum – hərb və sülh bir “qazana” sığmır. Görünən odur ki, sadaladığımız üç gücdən ikisi Ermənistanı sürətlə silahlandırmaq planını işə salıblar. Məqsədləri bəllidir: ermənilər məğlubiyyətin acısını tez unutsunlar, hərbi dəstəyi hiss etsinlər, tək qalmadıqlarına əmin olsunlar. Bu isə hərbi-siyasidən daha çox psixoloji nüansdır. Bunların məğlub ordunu “reanimasiya”dan çıxarmaqdan ötrü sülhlə manipulyasiya etmək kimi ikiüzlü gedişləri də varmış.
Üç gündə atəşkəs rejimini səkkiz dəfə pozan Ermənistan rəsmi Bakının buna eti razlarına bəyanatla cavab verib. Əvvəlcə Azərbaycan Müdafiə Nazirliyinin bəyana tına diqqət yetirək: “Martın 18-i saat 22:20dən martın 19-u saat 01:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod, Yuxarı Şorca və Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan yenidən fasilələrlə atəşə tutub”.
İndi də son üç gündə Ermənistan müdafiə nazirliyinin martın 18-də dərc etdiyi Azərbaycanın “dezinformasiyalarının” səkkizinci təkzibinə fikir verin: “Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan silahlı qüvvələrinin bölmələrinin sərhəd zonasının şərq hissəsin də yerləşən Azərbaycan mövqelərini atəşə tutması ilə bağlı bəyanatı reallığa uyğun gəlmir”. Ardınca xatırladılır ki, Ermənistan baş nazirinin ofisi atəşkəs rejiminin pozulması hallarının və ya bu barədə məlumatların araşdırılması üçün Ermənistan–Azərbaycan birgə mexanizminin yaradılmasını təklif edib. Lakin Azərbaycan hələlik bu təklifə cavab verməyib”.
Aydın məsələdir ki, Bakı İrəvanın yalan və təxribatçı bəyanatına cavab verməli idi və verdi də. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan baş nazirinin ofisinin sərhəddə atışmalar və digər anti-Azərbaycan iddiaları ilə bağlı bəyanatını şərh edib. Şərhdə deyilir ki, Azərbaycan Ermənistan baş nazirinin ofisinin Azərbaycana qarşı tamamilə əsassız iddialarla yanaşı, yerdəki reallıqları və sərhədyanı bölgələrdə atışma faktlarını təhrif edən bəyanatını qətiyyətlə rədd edir. Ermənistan hərbi qulluqçularının açıq təxribatlarına son qoyulmasının sabitlik üçün zəruri şərt olduğu xatırladılan şərhdə bildirilir ki, İrəvanın xoşməramlılıq nümayiş etdirmək, bu cür təxribatlara son qoymaq əvəzinə, mücərrəd və praktiki olaraq qeyri-mümkün təklifləri Azərbaycan ərazilərinin 30 ilə yaxın işğalı müddətində olduğu kimi, heç bir əsası yox dur: “Bu, Minsk qrupu həmsədrlərinin işğala son qoymağa çağırmaq əvəzinə, irəli sürdüyü təklifləri xatırladır”.
“Əgər Ermənistan hökuməti, Baş nazirin ofisinin də bəyan etdiyi kimi, sülh gün dəmini rəhbər tutursa, o zaman sərhədyanı ərazilərdə, hücum silahlarının yerləşdirilməsi də daxil olmaqla, kütləvi hərbiləşmənin Ermənistanın belə bir gündəliyinə necə xidmət etdiyi barədə izahat verməsi yerinə düşərdi”– deyilən XİN rəsmisinin şərhində Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi barədə Azərbaycanın prinsipial mövqeyi bir daha diqqətə çatdırılır, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyi vurğulanır. Konkret fakt, sübut və diplomatik məntiqlə əsaslandırılmış şərhdə 30 ilə yaxın müddətdə tərəf olduğu beynəlxalq müqavilələr və silahlara nəzarət mexanizmləri çərçivəsində öhdəliklərini kobud şəkildə pozanın məhz Ermənistan olduğu diqqətə çatdırılır. Bu arqumentin qarşısında isə İrəvanın deməyə sözü olmamalıdır: “Azərbaycana qarşı təcavüz törədən, ərazilərimizin işğalı müddətində əksər hərbi texnikasını və silah sistemlərini ölkəmizin ərazisində yerləşdirməklə beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlədən ölkə kimi Ermənistanın belə mexanizmlərdən danışmağa mənəvi haqqı yoxdur”.
İndi isə mövcud vəziyyətə kənar müşahi dəçinin gözü ilə baxmağa çalışaq. Mənzərə nədən ibarətdir? Ermənistan–Azərbaycan sərhədində vəziyyət yenidən pisləşib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatlarına görə, Ermənistan ordusunun bölmələri sərhədin, demək olar ki, bütün perimetri boyu – Gorus rayonunun cənub istiqamətindən Basarkeçərin şimal sektorunadək Azərbaycan mövqelərini atəşə tutur. Əgər şərti sərhəddə silahlı təxribatlar belə davam edərsə, Azərbaycan istər-istəməz sərt cavab tədbirləri görməli olacaq. Sülhə çağırışların səsləndiyi indiki durumda sərhəddə eskalasiyanın yaranmasında kimlər maraqlıdır?
Sülh müqaviləsinin mətni üzərində işlərin başa çatdırılmasının Ermənistanda daşnak-revanşist və rusiyayönlü qüvvələrin kəskin reaksiyasına səbəb olduğu məlumdur. Baş nazir Nikol Paşinyanın opponentləri ermənilərin Qarabağa qayıdışı, separatçı liderlərin azad edilməsi, eləcə də haylar üçün “vacib” sayılan digər məsələlərə təminat verməyən sazişi kapitulyasiyaya bərabər tutaraq, onu sərt tənqid edirlər. Özlərini “Erməni diplomatlarının milli şurası” adlandıran qrup danışıqlar prosesinin “birtərəfli güzəştlər formatı”nda getdiyini bəyan edib. Onlar hakimiyyəti sazişin mətnini ictimaiyyətdən gizlətməkdə ittiham edirlər. Bu isə Ermənistan üçün əlverişsiz müddəalardan xəbər verir.
Daxili müxalifət – keçmiş prezidentlər Serj Sarkisyan və Robert Koçaryanın partiyaları da sülh sazişinə qarşı çıxırlar. Ermənistan Respublikaçılar Partiyası isə mətnin dərhal dərc olunmasını tələb edib. Guya, Paşinyanın əlində beynəlxalq təminat olmadan sazişi imzalamağa legitimliyi yoxdur. Paşinyanın ünvanına tənqidlər təkcə Ermənistanın özündən deyil, həm də erməni lobbisindən gəlir.
ABŞ-dakı Amerika–Erməni Milli Komitəsi də Paşinyanı birtərəfli güzəştlərdə ittiham edir. Beləliklə, Ermənistan hakimiyyəti həm ölkə daxilində, həm də xaricdə ciddi təzyiqlərə məruz qalıb. Yaranmış vəziyyətdə şərti sərhəddə gərginliyin artırılması diqqəti siyasi problemlərdən yayındırmaq üçün alət ola bilər. Sirr deyil ki, son bir neçə ildə Ermənistan Fransa, Hindistan və bir sıra digər ölkələrin dəstəyi ilə fəal şəkildə silahlanır. Sərhəd xətti təkcə müdafiə deyil, həm də hücum funksiyalarını yerinə yetirə bilən beton istehkamlarla möhkəmləndirilib.
Belə görünür ki, İrəvanda 2020-ci illə müqayisədə Ermənistan ordusunun xeyli güclənəcəyinə inam formalaşıb. Ola bilsin ki, daxildən və kənardan real təhdidlər lə üz-üzə qalmış Paşinyan iqtidarı silahlı qüvvələrin indi müqavimət göstərmək və təkcə hərbi hesablamalarla deyil, həm də si yasi məqsədlərdən irəli gələn lokal hücum planını gerçəkləşdirmək iqtidarında oldu ğunu düşünür. Axı güc nümayişi müxalifətin təzyiqləri fonunda hakim partiyaya öz reytinqini yüksəltməyə kömək edə bilər. Ermənistan rəhbərliyində, doğrudan da, belə bir fikir üstünlük təşkil edərsə, o zaman nəticələri həm Paşinyan hökuməti, həm də bütün Ermənistan cəmiyyəti üçün fəlakətli ola bilər.
Hətta nəzəri cəhətdən ehtimal etsək ki, Ermənistan Azərbaycana qarşı hansısa hərbi təcavüzə baş vura bilər, bu, beton divarı başla vurub dağıtmaq cəhdinə bənzəyər. Azərbaycan son illər hərbi büdcəsini dəfələrlə artırıb, ordusunu müasirləşdirib, onun döyüş qabiliyyətini gücləndirib. Bunu “hərb, yoxsa sülh”? – dilemması qarşısında qalan İrəvan isteblişmenti də yaxşı bilir. Onun gərginliyin artmasında nə qədər irəli gedəcəyini söyləmək çətindir.
Hay mətbuatının yaydığı məlumatlara görə, Ermənistan yeni aldığı silahları sərhədə toplayır. Bu, bir daha həmin silahların Paşinyan hakimiyyətinin dediyi kimi, müdafiə üçün deyil, hücum üçün olduğunu göstərir. Bəlkə Ermənistan sərhəddə törətdiyi təxribatlarla Azərbaycanın güc tətbiq etməsinə nail olmağa, sonra da bunu beynəlxalq arenaya “təcavüz” kimi üfürməyə çalışır? Hayların bu qəbildən olan ənənəvi informasiya müharibəsi taktikasını çox görmüşük və artıq bu təxribatlara reaksiyamızı də təkmilləşdir mişik. Hələlik şərti sərhəddə atəşkəsi atıcı silahlar pozur. Amma yaxın tarixin təcrübəsi göstərir ki, belə vəziyyətlərdə ağır silahlardan istifadəyə keçid eskalasiyanı sürətləndirə və böyüdə bilər. Əgər Ermənistanın təxribatları davam edərsə, Azərbaycan sərt cavab tədbirləri görməyə məcbur olacaq. Bu zaman ortaya çıxan tək sual lokal toqquşmalardan ciddi hərbi əməliyyatlara keçidin nə zaman baş verəcəyi ilə bağlı olacaq.
İmran BƏDİRXANLI
XQ
Ekspert rəyi
Rasim MUSABƏYOV , Milli Məclisin deputatı, politoloq
– Rəsmi İrəvan bəyanat verir ki, guya, Ermənistan ordusu tərəfindən atəşkəs rejimi pozulmayıb. Axı, Ermənistan hakimiyyətinin öz sərhədlərinə nəzarəti çox zəif dir. Qarabağdan çıxan ermənilər özləri ilə minlərlə avtomat, pulemyot, qumabaraatan aparıblar. Onlar mülki əhali adı altında həmin şərti sərhəd zolağında əllərində silah gəzirlər. İstisna etmirəm ki, beyinləri daşnak ideologiyası ilə zəhərlənmiş yeniyetmə dığalar sülh müqaviləsinin imzalanmasını Ermənistanın kapitulyasiyası kimi qəbul edirlər və onu pozmağa çalışırlar. Bir təpədən o biri təpəyə keçərək Azərbaycan istiqamətində atəş açırlar. Bu başıpozuq qüvvələrin hamısını nəzarət altında saxlamaq lazımdır. Ona görə sərhəddə baş verən insidentlərə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Sərhədin o üzündən kimin atəş açdığının bizim üçün heç bir fərqi yoxdur. Təxribatçı yeniyetmə də ola bilər, erməni hərbçisi də.
Fikrimizcə, belə insidentlər Paşinyana lazım deyil. O, tezbazar sülh müqaviləsini imzalamaq istəyir. Amma generalitet belə təxribatlara gedə bilər. Sadəcə, Ermənistan ordusu Azərbaycanla təmas xəttinə nəzarət etmək iqtidarında deyil. İndi sərhəddə nəzarət mexanizminin qurulması ilə bağlı Ermənistanın Azərbaycana hansısa təklifləri verməsi xüsusi məqsədə xidmət edir. İrəvan bu yolla Avropa İttifaqının müşahidə missiyasını Azərbaycan ərazisinə keçirməyi düşünür. Bu, baş tutmayacaq. Haylar xəyallara qapılmamalı, Azərbaycandan aldığı dərsləri yadlarına salmalıdırlar. Əgər növbəti təxribatda bizim tərəfdən kimsə xəsarət alsa, yaxud öldürülsə, bu halda sərt cəza tədbirləri qaçılmaz olacaq. Vəziyyəti o səviyyəyə çatdırmaqdan çəkinməlidirlər.
Ekspert rəyi
Fərhad MƏMMƏDOV,
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri
– Bizə elə gəlir ki, şərti sərhəddə törədilən təxribatlar sülh müqaviləsi ilə bağlı məsələ deyil. Bu durum ABŞ ilə Avropa İttifaqı tərəfindən Ermənistana göstərilən dəstəyin davam etdirilməsi ilə bağlıdır. Çünki insidentin miqyası elə də böyük deyil. İrəvanda çox yaxşı anlayırlar ki, sərhəddə “kiçik qələbə” ssenarisini gerçəkləşdirmək istəyirlərsə, bu halda Azərbaycanın ciddi cavab tədbirləri ilə üzləşə bilərlər. Yəni “kiçik qələbə”nin əvəzində böyük məğlubiyyətə uğramaq təhlükəsi var.
Belə bir planın mövcudluğuna inan mıram. Yalnız ağılsız siyasətçi bu barədə düşünə bilər. Nikol Paşinyan isə ən azı, özünüqoruma instiktinə malikdir. Belə təxribatların meydana gəlməsi, ilk növbədə, kənardan yardımın, dəstəyin koordinasiya olunmuş şəkildə alınmasına hesablanıb. Sual oluna bilər ki, nəyə görə?
Keçən ilin aprelində ABŞ və Avropa İttifaqı Ermənistana yardım məsələsini sistemləşdirdi. Bu fəaliyyəti bir-biri ilə koordinasiya edirlər. Mərkəzimiz bunu araşdırmışdı. Məlum oldu ki, bu məqsədlə sərf olunan maliyyə vəsaitlərinin hesabatın da göstərilir ki, Vaşinqtonun Ermənistana etdiyi yardımların, ayırdığı qrantların 50 faizdən çoxu birbaşa söz azadlığına və dövlət strukturlarında islahatlara yönəldilib. Eyni qaydada yardımları Aİ də edir. Amma daha çox infrastruktur layihələrin həyata keçirilməsinə. Paşinyan bunu bacarıb. İndi isə qlobal səviyyədə bu koordinasiya itib. Fəaliyyətin Ukrayna, İran, Yaxın Şərq is tiqamətlərində haçalanma baş verir. Ermənistan, o cümlədən USAD xətti ilə aldığı yardımlardan da məhrum olub. İrəvanın şərti sərhəddə eskalasiya yaratmaqda əsas məqsədi ABŞ-dan təhlükəsizliyini təmin etmək üçün yardım qoparmaqdır.