Böyük Britaniya müdafiə xərclərini artırır

post-img

Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkənin müdafiə xərclərinin 2027-ci ilə qədər ÜDM-in 2,5 faizinə çatdırılacağını elan edib.

AZƏRTAC xəbər verir ki, o, bu barədə Britaniya Parlamentinin İcmalar Palatasında çıxışı zamanı deyib. “Biz müdafiəyə ÜDM-in 2,5 faizini ayırmaq öhdəliyimizi yerinə yetirəcəyik, lakin bunu daha erkən həyata keçirərək 2027-ci ilə qədər bu səviyyəyə çatacağıq. Bu göstəricini bu parlament dönəmi boyunca qoruyacağıq”,- deyə o bildirib. Baş nazir əlavə edib ki, bu, 2027-ci ildən etibarən hər il müdafiəyə əlavə 13,4 milyard funt sterlinq xərclənməsi deməkdir.

Kir Starmer bildirib ki, müdafiə xərclərinin artırılmasını maliyyələşdirmək üçün xarici yardım büdcəsi azaldılacaq.

Baş nazir vurğulayıb ki, indiki dövr Britaniyanın birliyini tələb edir və təhlükəsizliyi təmin etmək üçün bütün resursları səfərbər etmək lazımdır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Siyasət