Azərbaycan-Pakistan münasibətləri dostluğun, qardaşlığın və strateji tərəfdaşlığın nümunəsidir. Ölkələrimiz hər zaman bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüb. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycanda dövlət səfərində olması da bu faktı təsdiqləyir.
Bu sözləri Milli Məclisin deputatı, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Səbinə Salmanova deyib.
Deputat bildirib ki, Azərbaycan-Pakistan əməkdaşlığında dost ölkələrimizin bir-birinin haqq işini fəal şəkildə müdafiə etməsi xüsusi yer tutur:
“Azərbaycanın ərazilərini işğal etdiyinə görə Pakistan bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayan və bu ölkənin müstəqilliyini tanımayan dövlətlərdən biridir. Bu illər ərzində müxtəlif vaxtlarda Pakistan Prezidenti, Baş naziri, parlament və digər dövlət qurumları, eləcə də ordu rəhbərliyi, ictimai və siyasi xadimlər Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyən və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəkləyən, dövlətimiz və xalqımızla həmrəy olduğunu əks etdirən müvafiq qətnamələr qəbul edib, bəyanatlar yayıblar. Pakistan Senatı 2022-ci ildə Xocalı soyqırımını pisləyən qətnamə qəbul edib”.
“Onu da qeyd edim ki, istər işğal dövründə, istərsə də 44 günlük Vətən müharibəsi və ondan sonrakı proseslərdə Pakistan Azərbaycana daim dəstəyini nümayiş etdirib. Vətən müharibəsinin başlandığı ilk gündən qardaş Türkiyə ilə yanaşı, Pakistanın da Azərbaycanın yanında olduğuna, siyasi və mənəvi dəstək göstərdiyinə bütün dünya şahidlik etdi. Məhz bunun nəticəsi idi ki, Azərbaycanın, Türkiyənin və Pakistanın bayraqları hər yerdə birgə dalğalanırdı. Bu, dostluğun, qardaşlığın təqdimatı idi”, - S.Salmanova sözlərinə əlavə edib.
Parlamentari vurğulayıb ki, Azərbaycan bütün məsələlərdə, o cümlədən Cəmmu və Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyir: “Ölkəmizin Cəmmu və Kəşmir məsələsi ilə bağlı prinsipial mövqeyi bu problemin beynəlxalq hüququn norma və prinsipləri, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşılmaqla sülh yolu ilə həllinin dəstəklənməsinə əsaslanır”.
İşçi qrupun üzvü nəzərə çatdırıb ki, Azərbaycan-Pakistan münasibətlərinin bugünkü inkişafında qarşılıqlı səfərlər və imzalanan sənədlər əhəmiyyətli rol oynayır:
“Ölkələrimiz arasında əməkdaşlıq perspektivləri kifayət qədər genişdir. İki dost dövlət müdafiə, təhlükəsizlik, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər. Eyni zamanda Heydər Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi bir sıra humanitar və xeyriyyə xarakterli layihələr də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə kimi dəyərləndirilir. Ümumilikdə hesab edirəm ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana dövlət səfəri zamanı imzalanmış sənədlər də böyük əhəmiyyətə malikdir və qarşılıqlı əməkdaşlığın daha da güclənməsinə böyük töhfələr verəcək”.