Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti
ABŞ Demokratlar Partiyası qlobal səviyyədə ictimai rəyi nəzarətdə saxlamaq, öz siyasətinə uyğun təbliğat və təşviqat qurmaq üçün üçmərhələli strukturlar formalaşdırıb. Buraya ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən lokal statuslu media subyektləri, regional media subyektləri və transmilli media subyektləri daxildir. Lokal, regional və transmilli media subyektlərinin ələ alınıb Demokratlar Partiyasının siyasətinə tabe etdirilməsi prosesində USAID xüsusi rol oynayıb. Bu təşkilat “qrant” adı ilə media subyektləri, QHT və jurnalistlərə maddi vəsait ötürüb, onları özünün təsir dairəsinə salıb. Həmçinin ayrı-ayrı ölkələrdən fərdi jurnalistləri peşə kursları keçmək adı ilə təlimlərinə cəlb edib, onlara informasiya təxribatları törətmək bacarıqları aşılayıb.
Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın açıqlamalarından belə nəticə çıxır ki, USAID bu kontekstdə 700-ə yaxın media subyektini, 300-ə yaxın jurnalist təşkilatını, 6200 nəfərdən çox fərdi jurnalisti təsir dairəsinə salaraq idarə edib.
Maskın rəhbərlik etdiyi idarənin açıqladığı bu rəqəmlər şübhə doğurmur. Amma bu statistikanın bütöv mənzərəni əks etdirdiyini düşünmək də sadəlövhlük olardı. Məsələ ondadır ki, DOGE öz siyahısına yalnız media subyektlərini, jurnalistləri və jurnalist təşkilatlarını daxil edib. Amma USAID-in təbliğat və təxribat şəbəkəsinin tərkibi digər komponentləri də əhatə edir. Buna misal olaraq, agentliyin Cənubi Qafqaz regionunda quraşdırdığı kombinasiyanı nümunə göstərmək olar. Belə ki, USAID-in Cənubi Qafqaz regionunda tətbiq etdiyi regional statuslu mərkəzlərin çeşidi daha genişdir. Məsələn, burada “JAM-news.net” xəbər portalı, “OC media” (Open Caucasus Media) qismində ələ alınmış regional statuslu media subyektləri ilə yanaşı, həm də oxşar funksiyanın daşıyıcısı olan GIPA (Georgian Institute of Public Affairs) yaradılıb.
Bu media subyektləri, QHT, fond və institutların funksiyaları təkcə informasiya yaymaqla məhdudlaşmır. Onlar Qafqaz dövlətlərində ABŞ Demokratlar Partiyasının siyasətinə boyun əyən auditoriyanın formalaşdırılmasında, müvafiq kadrların seçilib müəyyənləşdirilməsində, yetişdirilməsində və yönləndirilməsində mühüm rol oynayırlar. Bu kontekstdə GİPA-nın fəaliyyəti xüsusilə diqqət çəkir.
Qafqaz Jurnalistika və Media İdarəetmə Məktəbi (GIPA-nın nəzdində mövcud olan 4 departamentdən biri) USAID-in siyasətinə alət olan yerli kadrların “təlim-tədris” ehtiyaclarını ödəyir. Məktəbdə təhsil almaq istəyən şəxslər yerli müxalifət partiyalarının təqdimatı əsasında əvvəlcə ABŞ-ın həmin ölkə üzrə səfirliyində “müsabiqədən keçirlər”. Bu müsabiqələr istisnasız olaraq USAID-in yerli təmsilçisinin iştirakı ilə baş tutur. Müsabiqədə səfirlik təmsilçisi ilə yanaşı, USAID nümayəndəsi də iştirak edir və zəruri şəxslərin seçilib müəyyənləşdirilməsinə nəzarət edir. Daha sonra “seçilmiş şəxslər” GIPA-ya göndərilirlər. Burada pulsuz təhsil və təqaüdlə təmin edilirlər. Bu təhsil üzrə təqaüd agentlik tərəfindən ödənilir.
GİPA-nın jurnalistika bölümündə təhsil alan “tələbələr” “OC media”da təcrübə keçir, informasiya emalı, informasiya manipulyasiyaları və informasiya təxribatları üzrə təkmilləşdirilirlər. “OC media” redaksiyasında çalışmaq onlar üçün təcrübə toplamaqdan başqa, həm də əlavə maliyyə mənbəyi rolunu oynayır. Tələbələr GIPA-da təhsil dövründə təqaüd, “OC media”da isə maaş və qonorarla təmin edilirlər. Onlar öz ölkələrindən nə qədər çox neqativ informasiya yazsalar, bir o qədər artıq qonorar qazanırlar.
“Açıq Cəmiyyət İnstitutu–Yardım Fondu” (Soros Fondu) da uzun illər ərzində GIPA tələbələri üçün xüsusi təqaüd proqramları reallaşdırıb. Tələbələri öz ölkələrindən neqativ informasiya yazmaq üçün stimullaşdırıb. Beləliklə, yetkinlik yaşlarından GIPA və “OC media” auditoriyalarına gətirilən “yerli milli kadrlar”ın burada beyinləri yuyulur. Onlar anti-milli ruhda yetişdirilirlər. İlk 2 mərhələdə – GIPA və “OC media” platformalarında özünü doğruldanlar növbəti mərhələdə digər instansiyalara göndərilərək, USAID maraqlarının təmin edilməsi üçün mübarizə aparırlar.
Ehtimal etmək olar ki, Maskın komandası növbəti mərhələlərdə bu məqamlara da diqqət ayıracaq, jurnalistlərin “təlim-təhsil proqramları” üçün USAID tərəfindən ayrılan vəsaitlərin də statistikasını açıqlayacaq. Həmin statistikaların açıqlanması fonunda USAID-in media imperiyasının daha bir istiqamət üzrə törətdiyi təxribatların mənzərəsi üzə çıxacaq.
Bu cür kəm-kəsirə baxmayaraq, Donald Tramp komandasının USAID barədə açıqladığı indiki hesabatlar da kifayət qədər orijinal faktlarla zəngindir. Məsələn, bu hesabat açıqlanmayana qədər yəqin ki, heç kim “The New York Times” , “Politico”, “Associated Press”, BBC, “Reuters”, “Frans-Press” kimi media nəhənglərinin USAID-dən “ianə” aldığını təsəvvür edə bilməzdi. Mask komandası USAID-lə yanaşı, bu media nəhənglərini də ifşa edir, onların gerçək simasını dünyaya göstərir. İndiyədək bu media subyektləri dünyaya ən “müstəqil”, ən “qərəzsiz” və “obyektiv” media qurumları kimi təqdim ediliblər. Hansı ki, Maskın son açıqlamaları bu media qurumlarının da USAID-dən maliyyə aldıqlarını, onun siyasətinə boyun əydikləri, təxribatçı kampaniyalarda iştirak etdikləri faktını ortaya qoyur. Bəlli olur ki, “The New York Times” USAID-dən təkcə bir il ərazində (2024-cü ildə) 3,1 milyon dollar, “Politico” 8 milyon dollar, “Associated Press” 19 milyon dollar, BBC 2,6 milyon funt-sterlinq, “Reuters” 9 milyon dollar, “Frans-Press” 447 min dollar vəsait alıb, onun layihələrini icra edərək, tapşırıqlarını yerinə yetiriblər.