Ceyhun Bayramovun Münxen görüşləri

post-img

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

Görüşdə Azərbaycan–ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri, hazırda ATƏT-in üzləşdiyi çağırışlar, regional və beynəlxalq təhlükəsizlik məsələləri, bölgədəki mövcud vəziyyət, eləcə də Azərbaycan–Ermənistan sülh prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Avropada təhlükəsizliyin ciddi çağırışlarla üzləşdiyi hazırkı dövrdə beynəlxalq hüquq normalarının, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi prinsiplərin qeyd-şərtsiz tətbiqinin təşviq edilməsinin vacibliyi qeyd olunub.

Nazir postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə qarşı tərəfi məlumatlandırıb. İlk növbədə keçmiş işğal dövrünün qalıqları olan strukturların ləğvinin ATƏT-in fəaliyyətinin effektivliyi, habelə regional reallıqlara uyğun şəkildə işin təşkili baxımından vacibliyi vurğulanıb.

Azərbaycan–Ermənistan normallaşma prosesinin gedişatından bəhs edən nazir C.Bayramov, Ermənistan Konstitusiyasında və digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarının davam etdirilməsinin prosesə maneə olduğunu diqqətə çatdırıb.

***

Həmin gün xarici işlər naziri Ceyhun Bayramov Qvineya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq, Afrika inteqrasiyası və xaricdəki qvineyalılar naziri Morissanda Kouyate ilə də görüşüb.

Görüşdə iki ölkə arasında iqtisadiyyat, ticarət, təhsil, humanitar və s. sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Nazir Ceyhun Bayramov iki ölkə arasında qarşılıqlı səfər və təmasların ikitərəfli, habelə çoxtərəfli əməkdaşlıq perspektivlərinin müzakirəsinə töhfə verdiyini bildirib. Xüsusilə, təhsil sahəsində əməkdaşlığın, təqaüd və mübadilə proqramlarının gənclər, o cümlədən xalqlarımız arasında təmasların inkişafında mühüm rolu qeyd olunub. Regional və beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

***

Dünən xarici işlər naziri Ceyhun Bayramov Litva Respublikasının xarici işlər naziri Kestutis Budris ilə də görüşüb.

Görüş zamanı Azərbaycan və Litva arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, regional və beynəlxalq təhlükəsizlik mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə qarşı tərəfi məlumatlandırıb.

***

Xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Bavariyanın Avropa və beynəlxalq məsələlər üzrə dövlət naziri Erik Beysvenqer ilə görüşüb.

Görüşdə regional əməkdaşlığın perspektivləri müzakirə olunub. Tərəflər, həmçinin iqtisadiyyat və ticarət sahəsində əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.

Azərbaycanın XİN başçısı da "X" platformasında görüşlə bağlı paylaşım edib. Nazir qeyd edib ki, tərəflər Azərbaycanla Almaniyanın regionları arasında əməkdaşlığın möhkəmlənməsinə sadiq olduqlarını bildiriblər.

***

Həmin gün xarici işlər naziri Ceyhun Bayramov Münxendə Türkiyə xarici işlər naziri Hakan Fidanla da görüşüb. Bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım olunub.

Görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqlik tərəfdaşlığının bir sıra aspektləri, o cümlədən siyasi, təhlükəsizlik, iqtisadiyyat, kommunikasiyalar, eləcə də müxtəlif regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq gündəmdə olub. Nazir regiondakı son vəziyyət və Azərbaycan–Ermənistan sülh prosesi barədə də məlumat verib.

XQ





Son xəbərlər