Konstitusiyanın cəmiyyətin inkişafındakı rolu əvəzsizdir. Konstitusiya hüquqi dövlətin formalaşması, vətəndaşların hüquq və azadlıqlarının qorunması, habelə hakimiyyət balansının yaradılması üçün əsasdır. Bundan başqa, Konstitusiya cəmiyyətin və dövlətin davamlı inkişafı üçün mühüm əhəmiyyət kəsb edən bir sıra əsas funksiyaları yerinə yetirir. Bu ali qanunun əhəmiyyətini nəzərə alaraq müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası da 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmişdi. İndi bu tarixi hadisədən 30 il ötür.
1995-ci ildə xalqımız dövlətçilik ənənələrinə sədaqətini nümayiş etdirərək bütün cəmiyyətin, hər bir insanın rifahının təmin edilməsi, ədalətin, azadlıq və təhlükəsizliyin bərqərar olması arzusu ilə keçirilən ümumxalq səsverməsi yolu ilə Konstitusiyamızı qəbul etdi. Konstitusiyanın qəbulu cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklərə yol açdı, insan hüquq və azadlıqlarının müdafiəsi üçün əlverişli şərait yaratdı, həyatımızın bütün sahələrinin inkişafına təkan verdi.
Konstitusiya ilə milli ideologiyanın vəhdətindən danışan ümummilli lider Heydər Əliyev çıxışlarında vurğulamışdı ki, milli ideologiyamız ilk növbədə dövlətimizin Konstitusiya normalarından, xalqımızın tarixi keçmişindən, milli və mənəvi dəyərlərindən, ölkəmizin bu günü və gələcəyi ilə bağlı adət-ənənələrdən asılı olmalıdır.
Göründüyü kimi, bu yanaşmanın nəticəsidir ki, ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış azərbaycançılıq ideologiyası və onun məzmununu təşkil edən əsas prinsiplər ölkə Konstitusiyasında konkret formada öz əksini tapmışdır. Eyni zamanda, müasir dövlətimizin hüquqi-siyasi əsasını qoymuş Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqlarına geniş yer verilməsi Azərbaycan dövlətinin demokratik ənənələrə sadiqliyini təsdiq edir. Əsas qanunda öz əksini tapan müddəaların üçdə birinin insan hüquq və azadlıqları ilə bağlı olması da Azərbaycanın ümumbəşəri dəyərlərə və ölkənin davamlı demokratikləşməsinə mütləq bağlılığının əyani təcəssümüdür. Beləliklə, Əsas Qanunun qəbulundan keçən 30 il ərzində Azərbaycan dövlətinin diqqəti respublika həyatının bütün sahələrinin ona uyğunlaşdırılmasına və ondan irəli gələn əsas tələblərin həyata keçirilməsinə yönəlmişdir.
Azərbaycanın ərazi bütövlüyünü bərpa edən İkinci Qarabağ müharibəsindəki Qələbə, eləcə də ölkəmizin dövlət suverenliyini tamamilə bərpa edən antiterror tədbirləri sayəsində Azərbaycan Respublikasının Əsas Qanununun hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün torpaqlarımızda bərpa edildi, Konstitusiyanın ölkəmizin bütün ərazisində tətbiqi təmin olundu. Bu baxımdan Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin mühüm və tarixi əhəmiyyəti var.
Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında misilsiz xidmətlərindən biri olan Konstitisiyamızın qəbul edilməsinin 30-cu və böyük qələbəmizin 5-ci ildönümündə ölkə başçısının müvafiq sərəncamı ilə Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi alqışa layiqdir.
Azərbaycan Konstitusiyasının və suverenliyinin ən qüdrətli təminatçısı kimi Prezident İlham Əliyev məlum sərəncamı ilə 2025-ci ilin dövlətçiliyimiz üçün daha bir zirvənin fəth ediləcəyinin anonsunu vermiş oldu. Bu günə qədər başladığı bütün işləri uğurla tamamlayan və bütün vədlərini yerinə yetirən lider kimi tarixdə imza qoymuş Prezident Azərbaycanı möhtəşəm gələcəyə doğru aparmaqdadır.
Rəşad Mahmudov,
Milli Məclisin deputatı