Paşinyanın “erməni hamiləliyi” ritorikası

post-img

Baş nazirin parlamentdəki çıxışına sözardı

Ermənistan baş naziri Nikol Paşinyan son illər ona ünvanlanan suallara məxsusi şəkildə cavab verməsi ilə diqqət çəkməkdədir. Təbii ki, Nikolun əsas məqsədi bütün irad və tənqidləri kənarlaşdırıb özünü təmizə çıxarmaqdır və əsasən buna çalışır. Onun Qarabağla bağlı ölkə parlamentində üzləşdiyi suala münasibəti də belə deməyə əsas verir.

Paşinyan “Dağlıq Qarabağ respublikası” adlı “dövlətin” olmadığını bir daha təkrarlayıb. Deyib ki, bu “respublika” özünü müstəqil adlandırsa da, onu heç kəs tanımadı: “Bizə dost və dost olmayan ölkələr də bu haqda danışırlar. Lakin heç biri tanımayıb. Üstəlik, (bizi – red.) satqınlıqda ittiham edirlər. Mən deputat olanda dedim ki, Qarabağ müstəqil dövlət deyil, Qarabağ Azərbaycandır. Dedilər xeyr, Qarabağ Azərbaycan deyil. Dedim ki, Qarabağ Ermənistandır, dedilər xeyr, Ermənistan da deyil. Yaxşı, Qarabağ Azərbaycan deyil, Ermənistan deyil, müstəqil deyil, bəs onda nədir? Hər kəs 9 ay hamilə qala bilər. Amma 9 aydan sonra nəsə baş verməlidir: ya uşaq doğulmalıdır, ya da doğulmasa, daşıyıcının ölümünə səbəb olacaq, yaxud qeysəriyyə ilə doğulacaq. Yəni, nəsə olmalıdır. Hamiləliyi daha 9 ay uzatmaq absurd yanaşmadır”, – deyən Nikol əlavə edib ki, rəhbəri olduğu hakim komanda Qarabağ məsələsini daha 9 ay uzatmaq məntiqi ilə hərəkət etsəydi, yanlışlığa yol verərdi: “Mən bizim siyasətimizin doğru, yaxud yanlış olduğunu demirəm. Onu deyirəm ki, yeganə variant bu idi və bu, bizə dövlətimizi qorumaq şansı verir”.

Göründüyü kimi, Qarabağ erməni milli identikliyi adlandırılan xəstəliyin mühüm pataloji xüsusiyyəti olmaqdan çıxmır. Ancaq demək olmaz ki, Paşinyan buna qarşı mübarizə aparır. Əvvəldə də bildirdiyimiz kimi, onun işi-gücü yalnız özünü təmizə çıxarmaqdır və hazırda səsləndirdiklərini ötən müddətdə dəfələrlə dilə gətirib, konkret olaraq, sabiq hakimiyyətin əsas fiqurları sayılan Serj Sarkisyana və Robert Koçaryana ittihamlar yağdırıb. Nikolun dediklərindən belə çıxıb ki, Qarabağın itirilməsinin baiskarları bu iki şəxsdir. Çünki onlar nəinki Ermənistanın dövlət büdcəsini talayıblar, eyni zamanda, həmin büdcədən bölgəyə ayrılmış maliyyə vəsaitinin də arxasına keçiblər. Bəzən isə Paşinyanın dediklərindən belə çıxır ki, əgər onun rəhbərlik etdiyi komanda illər əvvəl hakimiyyətdə olsaydı, Qarabağ əldən getməzdi.

Paşinyanın, belə demək mümkünsə, hamiləlik ritorikasına diqqət yetirəndə düşünmək olar ki, o, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verərkən, “uşağı doğuzdurmaq” niyyəti güdmüşdü. Əlbəttə, erməni avantürizminin bətnindəki “uşağın” ölü olduğunun fərqinə varmaq istəməmişdi. Ən əsası isə o, obrazlı desək, “ölü uşağın vələdüznalığını” qəbul etməmişdi. Halbuki, vaxtilə Qarabağı Ermənistanın üzərindən asılmış ağır daş kimi təsvir edən və bu daşın atılmasının vacibliyindən söz açan Nikolun özü olmuşdu. Bu mənada erməni baş naziri haqlı saymaq mümkündür. Çünki, o, hələ deputat olarkən, Qarabağın Ermənistana deyil, Azərbaycana məxsusluğunu açıq şəkildə bildirmişdi...

Yaxşı, tutaq ki, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı Paşinyanın səhvi idi. Bəs, 2020-ci ilin 44 günlük müharibəsindən sonrakı müddəti kimin ayağına yazaq? Məgər Ermənistan hakimiyyəti deyildimi Qarabağdakı separatçı rejimin mövcudluğunu qoruyan? Bəlkə Nikol 2020–2023-cü illərdə bölgəyə silah-sursatın Ermənistan ərazisindən daşındığını danacaq? Ondan hər şey çıxar, ancaq əlahəzrət fakt var. Bəlkə Qarabağın erməni əhalisi üçün beynəlxalq təminat məsələsini qondarıb onu xaricdəki ermənipərəstlər üçün başlıca tezisə çevirən rəsmi İrəvan deyildi? Əlbəttə, bunu edən Paşinyan və komandasının üzvləri idilər. Görəsən, nə üçün Nikol və tərəfdarları rəsmi Bakının Qarabağın erməni əhalisinin Azərbaycana inteqrasiyası məntiqindən uzaq dayandılar? Olmazdımı ki, həmin əhali bölgəni tərk etməsin?

Yəqin ki, olmazmış. Çünki rəsmi İrəvan Qarabağ erməniləri ilə bağlı məsələni beynəlxalq müstəviyə çıxarmaqla, onu anti-Azərbaycan təbliğatın başlıca elementinə çevirdi. Əgər Qarabağ adlı hər şeydən imtina Paşinyan üçün prioritet əhəmiyyət daşıyırdısa, deməli, bölgə ilə bağlı saxta sentimentallığa getməyə ehtiyac duyulmurdu. Ancaq Nikol və komandası əməli ilə Qarabağ nisgilini formalaşdırdı. İndi onun nə deməsindən asılı olmayaraq, bu nisgil üzərindən illər keçdikdən sonra erməni avantürizmi üçün qığılcım mahiyyəti daşımaqdadır.

Bu gün də erməni iqtidarı Qarabağ avantürasından daşınmır. Baxın, rəsmi İrəvan beynəlxalq tribunalara Qarabağın “erməni mədəni mirası” cəfəngiyyatını çıxarmaqdadır. Nikol deyir ki, Ermənistan “Məzlum erməni” düsturundan yaxasını qurtarmalıdır, ancaq görürük ki, ölkənin Xarici İşlər Nazirliyi “Qarabağda etnik təmizləmə” şousu düzəldir, çalışır ki, bu məsələ ilə bağlı dünyada Azərbaycan əleyhinə antipatiya formalaşdırsın, ölkəmizi təcavüzkar kimi qiymətləndirsin. Tam aydındır ki, bu qiymətləndirmənin “Azərbaycan Qarabağı işğal edib” kimi sərsəm qavrayış formaları var. Yəni, Paşinyan bunu bilmir? Bilmirmi ki, etdikləri beynəlxalq ictimai rəyi çaşdırmaq, haqqında ağızdolusu danışdığı beynəlxalq hüquqla manipulyasiya cəhdidir? Hər şeyi çox gözəl anlayır. Sadəcə, erməni varlığı üçün beynəlxalq hüquq anlayışı haqq və ədalət üçün vasitə yox, avantürizm alətidir.

Bəli, Ermənistan bu gün imperialist dairələrin onun bətninə yeritdiyi bicliyi aradan qaldırmağı bacarmayacaq şəkildə pozğun durumdadır. Paşinyan, özündən əvvəlkilərdən fərqli olaraq, pozğunluğunu Qərbin maraq və mənafelərinin təminatı üçün yeridir. Mövcud labirintdə Azərbaycanla ədavət məsələsi var. Nikol əyan etmək istəyir ki, sanki Qarabağ bu ədavətin predmeti deyil. Ancaq, o, məsələyə kompleks yanaşmır. Əgər kompleks yanaşsaydı və barəsində durmadan danışdığı “Real Ermənistan”la bağlı düşünmək istəsəydi, Azərbaycanın irəli sürdüyü tələbləri yerinə yetirər, referendum keçirib ölkə konstitusiyasını İstiqlaliyyət bəyannaməsi adlanan cəfəng mahiyyətli sənədin siyasi və ideoloji inhisarından qurtarardı. Ümumən, Azərbaycana və qonşu ölkələrə hansısa formada ərazi iddiası üzərinə köklənmiş kağız parçalarını söküb atardı.

Habelə, indiki məqamda Paşinyanın Azərbaycanla sülh məsələsinə son dərəcə həssas və səmimi münasibət sərgiləməsi də şərtdir. Amma görürük ki, məsələ prioritetlik amplitudasından çıxır. Nikol, necə deyərlər “sağ əli ilə sol qulağını qaşımağa” başlayır. Ermənistanın Avropa İttifaqına qoşulması ilə bağlı təşəbbüs qaldırır, bu məqsədlə referendum keçirilməsi məsələsini aktuallaşdırır. Görəsən, Avropada Ermənistanın yolunu gözləyən varmı? Ac-yalavac ermənilərin qitəyə doluşması kimə lazımdır? Əsla lazım deyil. Çünki erməni varlığı hələ lazımlılıq dərəcəsini müəyyənləşdirə bilməyib. Paşinyan, ilk növbədə, həmin varlığa özünə hörmət qoymağı aşılamalıdır. Nə vaxtadək bir toplum xarici qüvvələrin ətəyindən yapışan durumda olmalıdır? Onun öz mənliyi və şüuru yoxdurmu?

Ə.RÜSTƏMOV
XQ

Siyasət