“Qırmızı xaç” faktları və rəngləri təhrif edir

post-img

Fəaliyyəti Azərbaycan ictimaiyyətinin hər zaman haqlı tənqidinə səbəb olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistandakı nümayəndəliyinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni növbəti dəfə etiraz doğuran açıqlama verib.

İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün BQXK-nın funksiyaları çərçivəsində atılan addımlarla bağlı ölkənin dövlət informasiya agentliyi – “Armenpress”in müxbirinin sualını cavablandıran xanım Amatuni deyib ki, Qarabağ münaqişəsi nəticəsində itkin düşənlərin problemi qurumun fəaliyyətinin prioritet istiqamətlərindən (?) biridir: “Qarabağ münaqişəsinə gəlincə, biz 30 ildən çoxdur ki, bu problemlə məşğuluq. Bu, müxtəlif istiqamətlərdə işləmək deməkdir. Söhbət ilk növbədə, mandatla təminat verilən, amma BQXK-nın öhdəliklərinə aid olmayan hüquqdan gedir. Hərbi əməliyyatlar nəticəsində itkin düşmüş şəxslərin ailələrinə məlumatların verilməsi beynəlxalq humanitar hüququn tələbidir. Biz bununla bağlı öhdəlikləri onlara xatırlatmaq üçün tərəflərin müvafiq orqanları ilə iş aparırıq. Çalışırıq ki, mandatımız çərçivəsində və mümkün qədər texniki təcrübəmiz, oxşar vəziyyətlərdə işləyərkən əldə etdiyimiz müəyyən bacarıqlarla onlara dəstək olaq”.

Onun sözlərinə görə, BQXK-nın işinin ikinci mühüm istiqaməti itkin düşmüş hər bir şəxs haqqında ən dolğun və ətraflı informasiyaları təqdim etməkdən ibarətdir: “Ailələrin müraciətləri əsasında bölgədəki ofislərimiz vasitəsilə biz 90-cı (ötən əsr nəzərdə tutulur–S.H.), daha sonra isə 2020-ci və 2023-cü illərdə münaqişənin eskalasiyası (mövcud nisbətən sabit vəziyyətin gərginləşməsi–S.H.) nəticəsində itkin düşmüş hesab edilən, təxminən, 5 min şəxs haqqında məlumat topladıq. Onlardan 1000-ə yaxın BQXK-nın İrəvan və Qarabağdakı ofisləri vasitəsilə məlumatlarını topladığımız ermənilərdir”.

Açıqlamada ilk olaraq diqqəti cəlb edən Z.Amatuninin keçmiş Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı indiki zamanda danışmasıdır. Belə təəssürat yaranır ki, sanki, o da Hayastanda münaqişənin həllini tapmadığı düşüncəsində olan qaragüruha qoşulub. Halbuki, münaqişə 2020-ci ildə baş verən İkinci Qarabağ münaqişəsi nəticəsində tam həllini tapıb. 2023-cü ildəki lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycan özünün dövlət suverenliyini tam bərpa edib. Odur ki, Qarabağ münaqişəsi haqqında keçmiş zamanda danışılmalıdır.

Digər tərəfdən, BQXK-nın fəaliyyəti hər zaman ikili standartlar çərçivəsində olub. Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min azərbaycanlının taleyi ilə bağlı edilən çoxsaylı müraciətlərə baxılmayıb. BQXK bu məsələni Ermənistan hakimiyyəti qarşısında qaldırmaq istəməyib. Azərbaycan işğala öz gücü hesabına son qoyduğu kimi, itkin düşmüş hesab edilən şəxslərin bir qismini də torpaqlarımız azad edildikdən sonra aparılan qazıntı işləri nəticəsində aşkarlayıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev 2024-cü il oktyabrın 2-də keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransda çıxışında demişdir ki, bugünədək dövlət komissiyası tərəfindən işğaldan azad olunmuş ərazilərdə aşkarlanmış 18 kütləvi məzarlıqdan və görülmüş digər təxirəsalınmaz tədbirlər çərçivəsində 642 itkin şəxsə aid meyit qalığı ekshumasiya edilib.

Üstəlik, BQXK-nın 2023-cü ilin əvvəllərində Qarabağ ermənilərinə qaçaqmalçılıq yolu ilə müəyyən vasitələr çatdırdığı faktı da yaddan çıxmamalıdır. Bu faktın özü belə bir təşkilatın rəsmisinin fikirlərinin mötəbərlikdən uzaq olduğunu bəri başdan ortaya qoyur.

Z.Amatuni onu da bildirib ki, “1000 erməni itkin”in siyahısına müsbət DNT identifikasiyasına baxmayaraq, yaxınlarının müxtəlif səbəblərdən cavabları qəbul etməyən ailələr də daxildir: “Bu, həm də bizim üçün bir stimuldur ki, aidiyyatı orqanlarla işləməyə, sadəcə olaraq insanların bu nəticələri qəbul etmədiyi halları öyrənməyə çalışaq”.

Beləliklə, aydın olur ki, bu, daha bir erməni hiyləgərliyidir. Qarşı tərəf statistikanı şişirtmək, sonra isə bu yalanı daha geniş ictimaiyyətə sırımaq istəyir. Ancaq itkin düşmüş azərbaycanlılarla bağlı işlər görmək üçün BQXK stimul tapmır. Daha doğrusu, onu heç axtarmırlar.

Mövzu ilə bağlı fikirlərini XQ ilə bölüşən Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirdi ki, biz BQXK-nın dünyanın müxtəlif yerlərində faktiki olaraq hansı işlərlə məşğul olduğunu görürük. Onun sözlərinə görə, komitə bəzən siyasətə qarışır, əksər hallarda xristianlığı müdafiə edir, müsəlman ölkələrinə gəldikdə isə hardasa ciddi ehtiyac olarsa, silahlı münaqişələr zamanı, yaxud ondan bir qədər sonra yardımlar edir. Ancaq ümumilikdə, biz görürük ki, qurum tərəf tutmaq üçün əlindən gələni edir: “Beynəlxalq Qırmızı Xaç Komitəsi mandatından kənar işlərlə məşğul olmamalı, kənar proseslərə qarışmamalıdır. Qurumun Ermənistan nümayəndəliyinin əməkdaşının səsləndirdiyi rəqəmlər də absurddur. Əgər söhbət itkin düşənlərdən, BQXK-nın öz funksiyasını düzgün şəkildə icra etməsindən gedirsə, hər kəsə məlumdur ki, 44 günlük müharibədən sonra Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilmişdi. Həmin görüşdən sonra qəbul edilən bəyanatda bu barədə deyilirdi ki, məhz azərbaycanlı itkin düşənlərin də Ermənistan tərəfindən geri qaytarılması müzakirə edilib. Avropa İttifaqının özü də bu məsələni bir reallıq kimi qəbul etmişdi. Bu baxımdan ilk növbədə bu suala cavab verilməlidir ki, 1990-cı illərin əvvəllərində Qarabağ və Şərqi Zəngəzur ərazilərində müharibə vaxtı itkin düşən azərbaycanlıların aqibəti nə yerdədir? Əgər onlar həyatlarını itiriblərsə, meyitlərinin qalıqları, yaxud sağdırlarsa onların hazırkı fiziki durumu nədən ibarətdir və niyə hələ də qaytarılmırlar?”

Z.Məmmədov dedi ki, Ermənistan hökumətinin üzərinə öhdəlik götürməsinə baxmayaraq, Nikol Paşinyan bir neçə istiqamətdə cığallıq etdi: “Birincisi, basdırılmış cəsədlərlə bağlı düzgün məlumatlar vermədi. İkincisi, itkin düşənlərlə bağlı məsuliyyətdən qaçdı və rəqəmləri təhrif etməklə məşğul oldu. Buna görə də əgər Beynəlxalq Qırmızı Xaç komitəsi əsir və itkin düşmüş şəxslər problemi ilə həqiqətən də məşğul olmaq istəyirsə, bu hadisələrə sistemli, obyektiv yanaşmalı və ümumiyyətlə, retrospektivə (keçmişdə baş vermiş hadisələrə nəzər salmaq–S.H.) nəzər yetirərək hər iki tərəflə bağlı düzgün məlumatları qeyd etməyə çalışmalı, məsələləri birtərəfli şəkildə yozmamalıdır. Reallıq bundan ibarətdir”.

Müsahibimiz bildirdi ki, mülki erməni əhalini tutmaq, cinayət törətməyənləri həbs etmək, təcridxanada saxlamaq, gizlətmək və sair kimi hallar heç vaxt Azərbaycan dövlətinin və azərbaycanlıların vəzifəsi olmayıb. Hətta, hərbi əməliyyatların getdiyi dövrdə də belə hallar baş verməyib. Ancaq Ermənistan nəinki Azərbaycan torpaqlarını işğal edib, eləcə də işğal dövründə azərbaycanlılara aman verməyib, divan tutub. Hər kəsə yaxşı məlumdur, eləcə də BQXK bunu bilməlidir ki, əgər Azərbaycan Ordusu 44 günlük müharibədə yaxşı silahlanmış erməni ordusu, onun Qarabağdakı keçmiş xunta rejiminin idarəçiliyinə verilmiş bölmələri ilə müharibə aparırdısa, Ermənistan Respublikası ötən əsrin 90-cı illərinin əvvəllərində azərbaycanlı mülki əhali ilə müharibə aparırdı. Ermənilər isə Birinci Qarabağ müharibəsində üstün olmalarına, torpaqlarımızı işğal etmələrinə baxmayaraq ki, sərt qış aylarında, şaxtada, qarda azərbaycanlılara paltarlarını götürməyə belə imkan verməyiblər. Soydaşlarımıza qarşı fiziki zorakılığın ən ağır formalarını törədiblər. Eyni zamanda, onların bir qismini Ermənistana apararaq onlara orada işgəncə verib, ağır fiziki işlərdə işləməyə məcbur ediblər: “Bu, reallıqdır. İşğalçı Ermənistan ordusunun hərbçiləri əliyalın azərbaycanlı əhaliyə – qadınlara, yaşlı insanlara və uşaqlara qarşı mübarizə aparırdı. Verilən işgəncələrlə bağlı Robert Koçaryan, Zori Balayan və Serj Sarkisyan açıqlama veriblər. Sarkisyan bu əməlləri ilə fəxr etdiyini etiraf edib. Azərbaycan tərəfinin isə nəinki sülh və insanlıq əleyhinə cinayət törətməsi, eləcə də kimlərinsə əsir götürülmələri ilə bağlı bir fakt belə yoxdur. Buna görə də bu gün biz Azərbaycan cəmiyyəti olaraq dünənimizi unutmamalıyıq. Unudarıqsa, gələcəkdə bu kimi hadisələr yenidən təkrarlana bilər. Həmin vaxt isə bizim köməyimizə nə BQXK, nə keçmiş ATƏT-in Minsk qrupu, nə də digərləri gələcək. Biz reallıqları soyuqqanlı şəkildə dərk edərək əsassız erməni iddialarının bölgəmizdə bir daha baş qaldırmaması üçün əlimizdən gələni etməliyik. Çalışmalıyıq ki, regiondakı reallıqlar əbədi olsun”.

Politoloq İlyas Hüseynov isə bildirdi ki, BQXK-nın bölgədəki fəaliyyəti hər zaman şübhə doğurub, müəyyən suallar yaranıb. Biz münaqişənin 30 ili ərzində, eyni zamanda, Vətən müharibəsindən sonrakı dövrdə də qurumun Xankəndi ofisinin naməlum fəaliyyətini izləmişik. Onlar 2020-2023-cü illərdə bir sıra hallarda geniş ictimaiyyətin diqqətinə təhrif olunmuş məlumatlar çatdırıblar: “Bu gün də bir sıra rəqəmlər səsləndirirlər. Məlumdur ki, Birinci Qarabağ müharibəsindən sonra 4 minə yaxın azərbaycanlı itkin düşmüş hesab olunur. Xüsusilə vurğulamaq lazımdır ki, ərazi bütövlüyümüz və dövlət suverenliyimiz təmin edildikdən sonra bölgədə həm tikinti-quruculuq işləri, həm də təhlükəsizliyin təminatı üçün bir sıra fəaliyyətlər icra olunan zaman biz qazıntılar nəticəsində qalıqlar tapırıq. Aparılan DNT analizləri bu qalıqların həm mülki şəxslərə, həm də hərbçilərə aid olduğunu sübuta yetirir”.

İ.Hüseynovun sözlərinə görə, lakin BQXK sanki bütün bunları görmür. Bununla bağlı açıqlamalar da müşahidə etmirik. Ortada hansısa bəyanatlar da yoxdur. Əksinə, Ermənistanda itkin düşmüş şəxslərdən danışılır: “Adətən, bəzi şişirdilmiş rəqəmlər sonradan statistik məlumatlara çevrilir. İllər ötdükdən sonra bunu bir mənbə hesab edirlər. Elə qondarma erməni soyqırımı, onun haqqında erməni tərəfinin açıqladığı rəqəmlər də buna bənzəyir”.

Politoloq bildirdi ki, bu ikili standartlar qərəzin bariz nümunəsidir. Təəssüf ki, beynəlxalq təşkilatlar və digər qurumlar, institutlar da ikili standartların alətinə çevrilməkdə davam edirlər: “Digər tərəfdən ermənilərin itkin düşməsinin rəqəmlərdə ifadəsi və onun böyüdülməsi heç də təsadüfi deyil. Bunun üzərində sanki hansısa siyasi fəaliyyət icra olunur. Bu, müxtəlif siyasi texnoloqların işinə bənzəyir. Çünki uzun illər ərzində Ermənistana həm ərazilərin hansısa “minalardan təmizlənməsi”, həm də Qarabağ ermənilərinə humanitar yardım adı altında milyonlarla vəsait ayrılırdı. Bu gün yeni geosiyasi reallıqlarda Qarabağ ərazisini könüllü tərk edən ermənilərin şəraitinin yaxşılaşdırılması, sosial vəziyyətlərinin daha münasib olması adı altında müxtəlif ianələr, maliyyə vəsaitlərinin ayrılması baş verir. Buna görə də rəqəmlər şişirdilir ki, maliyyə yardımları hansısa ad altında Ermənistana təqdim olunsun”.

Səxavət HƏMİD
XQ

Siyasət