II MƏQALƏ
AMEA üçün beynəlxalq uğurlu təcrübə çox maraqlıdır. İşçi qrupunun ilk tədbirində müxtəlif dövlətlərin inkişaf konsepsiyaları müqayisəli müzakirə edilmişdir. Müzakirələr ABŞ, Çin, Rusiya və Türkiyədə hazırlanmış inkişaf konsepsiyalarının müqayisəli təhlilləri üzərində qurulmuşdu.
Burada daha geniş əhatədə seçim etmək olardı. Ancaq vurğulanan dövlətlərin hər birinin müasir mərhələdə elmlə bağlı inkişaf konsepsiyaları bütün tendensiyaları özündə ehtiva edir. Xüsusilə, ABŞ və Çin elmə iki fərqli və aparıcı yanaşma ünvanlarıdır.
ABŞ təcrübəsi
Amerika elm sahəsində çox böyük uğurlar qazanmış və indi də həmin istiqamətdə yoluna davam edən ölkədir. Amerikalılar dünya miqyasında istedadlı alimləri işə cəlb edə bilir və onların yaradıcılıq potensialından maksimum dərəcədə yararlana bilirlər. İndi Nobel mükafatı laureatlarının əksəriyyətinin ABŞ-də yetişdiyini az qala aksiomatik bir fakt kimi qəbul edirlər. Bu prosesdə, təbii ki, elmin inkişaf konsepsiyası məsələsi də aktualdır. Lakin Amerikada bu problem fərqli həll edilir.
İşçi qrupuna təqdim edilən məruzədə göstərilmişdir ki, ABŞ çox fərqli mövqelərdən elmin inkişaf konsepsiyasına yanaşır. Orada yekun baxış müxtəlif yanaşmaların sintezində formalaşır. Ona görə də hər bir təşkilatın öz inkişaf konsepsiyası ola bilər. Bu, Amerika təcrübəsini iki aspektdən Azərbaycan üçün əhəmiyyətli edir.
Birincisi, elmin strateji inkişafına müxtəlifliyin sintezində yanaşma kimi bir təfəkkür üsulu formalaşır.
İkincisi, elmi fəaliyyətin özü fənlərarası (interdisiplinar) yaradıcılıq üsuluna öncədən üstünlük verməyə əsaslanır. Bu tendensiya hazırda dünya elmində aparıcı yanaşma hesab olunur. Deməli, Azərbaycan üçün burada təcrübə mübadiləsi baxımından kifayət qədər geniş informasiya bazası mövcuddur.
Çin təcrübəsi
Çin təcrübəsi işçi qrupunda dinlənilən məruzəyə görə, iki cəhətdən Azərbaycan üçün əhəmiyyətlidir. Birinci cəhət ondan ibarətdir ki, Çində akademik elmi təşkilatlanma kifayət qədər inkişaf etmişdir. Hətta hazırda Çin Elmlər Akademiyası dünya reytinqində bir sıra faktorlara görə liderdir. Məsələn, 2022–2024-cü illərdə “Nature” jurnalında yeniliyi olan məqalələrin dərcinə görə reytinqdə Harvard kimi universiteti və İBM şirkətini qabaqlayaraq birinci yerə çıxmışdır. Başqa nümunələr də vardır.
AMEA isə Çinlə əməkdaşlığı getdikcə genişləndirir və inkişaf etdirir. 2024-cü ildə AMEA rəhbərliyi Çinin Hebey Sosial Elmlər Akademiyası ilə əməkdaşlıq sənədi imzalamışdır. Bütövlükdə isə əməkdaşlıq Çinin bir neçə elm və təhsil müəssisələrini əhatə edir.
Çinin elm sahəsində sürətli yüksəlişi fonunda AMEA-nın əməkdaşlığı genişləndirməsi və dərinləşdirməsi 2025–2030-cu illərdə Çin təcrübəsində elmi fəaliyyətin təşkili və elmi yaradıcılığın fənlərarası metodologiyasının inkişafı baxımından vacib məqamlardan bəhrələnməyə imkan yaradar.
Çin təcrübəsinin başqa bir mühüm cəhəti bu ölkənin artıq elmi ideyalar yaradan olması ilə bağlıdır. Bizim üçün daha aktual olan amil isə Çində akademik sistemin çox uğrulu olmaq təcrübəsinin mövcudluğudur.
Bütün bunlara görə, qarşılıqlı təcrübə mübadiləsi AMEA-nın qarşıdakı 5 il müddətində yeni səviyyədə elmi ideya yaradan təşkilata çevrilməsi (çünki AMEA ənənəsində yeni elmi ideyalar yaratmaq nümunəsi mövcuddur) üçün çox faydalı ola bilər. AMEA qarşıdakı beş ildə bu prosesi genişləndirərək, bütövlükdə, Azərbaycanın elmi ideyalar yaradan ölkəyə çevrilməsi üçün geniş imkanlar əmələ gətirə bilər.
Onu vurğulayaq ki, məhz bu məqamda AMEA-nın İnkişaf Konsepsiyasının ölkənin digər elmi və təhsil müəssisələri ilə əlaqələri aktuallıq kəsb edir. Bəlkə, indiki mərhələdə Azərbaycan elmi üçün bunun strateji əhəmiyyəti müqayisə edilməz dərəcədə böyükdür.
Türkiyə təcrübəsi
AMEA üçün Türkiyə təcrübəsinin anlamı başqa təcrübələrdən fərqlənir. Burada həm konkret elmin inkişaf konsepsiyasının məzmununun müəyyən edilməsi, həm də türk dövlətlərinin elmi təşkilatlarının əməkdaşlığının səmərəli qurulması məqamları mövcuddur. İşçi qrupu problemi bu iki istiqamətin qarşılıqlı əlaqəsində müzakirə etmişdir. Türkiyənin elmi mərkəzlərinin müxtəlif aspektlərdə inkişaf konsepsiyasının ümumi yanaşma prizmasında təhlili göstərmişdir ki, qardaş ölkədə də elmin strateji inkişaf konsepsiyasında müxtəlifliyin vəhdəti üstünlük təşkil edir. Burada əsas uğur Türkiyədə nəzəri elmi kəşflərin çevikliklə praktiki tətbiqinin tərəqqi etməsi ilə bağlıdır. Azərbaycan bu aspektdə Türkiyə təcrübəsindən yararlana bilər.
Rusiya təcrübəsi
Rusiya ilə Azərbaycanın son 300 ildə eyni sosial-mədəni və elmi mühitdə olmaları təcrübə məsələsində özəl situasiya yaradır. Edilən məruzədən aydın oldu ki, Azərbaycan Rusiyada elmin inkişafı konsepsiyası kontekstində daha çox ümumi yanaşma, elmi fəaliyyətin təşkili və alınan nəticələrin çevik tətbiqi imkanları istiqamətlərində təcrübə mübadiləsi apara bilər. Hələlik bu aspektdə Rusiyanın tərif ediləcək bir uğuru olmasa da, ümumi inkişaf tendensiyası və imkanların genişlənməsi baxımından Azərbaycan üçün maraqlı olan fikirlər kifayət qədərdir.
Beynəlxalq təcrübə
Belə aydın olur ki, AMEA bir sıra aparıcı elmi inkişaf konsepsiyalarının müqayisəli təhlilini aparmaqla 2025-2030-cu illərdə elmin inkişaf konsepsiyası üçün əhəmiyyəti olan məqamları müəyyən edə bilər. Xarici ölkələrin təcrübəsi həm də ona görə maraqlıdır ki, onlar keçdikləri yolda müəyyən nəticələr əldə etmişlər. Məsələn, Azərbaycan da müxtəlif elmi inkişaf konsepsiyalarını yaratmalı və onların sintezində yekun konsepsiya hazırlamalıdırmı? AMEA beynəlxalq təcrübəni öyrənərək hansı seçimə üstünlük verməlidir?
Bu suala indi tam cavab vermək mümkün deyildir. Çünki AMEA Azərbaycanda elmi təcrübənin inkişaf konsepsiyası kontekstində detallı tədqiqini aparmalıdır. Təbii ki, burada boşluq yoxdur, lakin inkişaf konsepsiyası məsələsi xüsusi yanaşma və təhlil metodunun tətbiqini tələb edir. Buradan AMEA-nın ölkənin müxtəlif elm və təhsil strukturları ilə inkişaf konsepsiyası aspektində əlaqələrinin əhəmiyyəti önə çıxır.
Elm və təhsilin inteqrasiyası
Azərbaycanda elmlə təhsilin inteqrasiyası hazırda aktual məsələlərdən biridir. Doktorantura vasitəsilə AMEA birbaşa təhsillə əlaqəlidir. Bundan başqa, Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq strateji əhəmiyyət kəsb edir. AMEA-nın İnkişaf Konsepsiyasında elmlə təhsilin inteqrasiyası məsələsi bu məqamlar nəzərə alınaraq hazırlanır.
Doktorantura pilləsinin təkmilləşdirilməsi inkişaf konsepsiyasında ayrıca yer tutur. O cümlədən, yüksək ixtisaslı kadr hazırlığı elmlə təhsilin hansı məzmunda inteqrasiya olunacağından birbaşa asılıdır. Ayrılıqda elm və təhsil sferalarında yüksək ixtisaslı kadr hazırlığı real görünmür. AMEA-da doktorantura sisteminin təkmilləşdirilməsi zərurəti bu ehtiyacla bağlıdır. AMEA bu məqsədə dünyanın aparıcı ölkələrinin təcrübələrinə dərindən bələd olmaqla çata bilər.
Eyni zamanda, bu istiqamətdə beynəlxalq təcrübə ilə yerli təcrübənin sintezi məsələsi ön plandadır. Burada əsas məqsədlərdən biri elmi yaradıcılığın nəticələrinin praktiki tətbiqini aparıcı ölkələrin standart və normalarına uyğunlaşdırmaqda elmlə təhsilin inkişaf kurslarının harmoniyasına nail olmaqdan ibarətdir.
Bundan başqa, işçi qrupunda elmlə təhsilin inteqrasiyası kontekstində belə bir fikir vardır ki, ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların təsnifatı nəzəri aspektdə interdisiplinar metodologiyanın əsas götürülməsi şərti ilə yeniləşməlidir. Burada əsas ağırlıq doktorantın fənlərarası yaradıcı təfəkkürünün inkişafına yönəldilməlidir. Doktorant hazır biliyə deyil, daim yeniləşə bilən biliyin necə yaradılmasına istiqamətlənməlidir.
Başqa bir aktual məqam doktorantların azərbaycançılıq məfkurəsi kontekstində Azərbaycan cəmiyyətinin bütün sferalarını əhatə edən sosial, siyasi, humanitar, ictimai, fəlsəfi, filoloji, kulturoloji, mənəvi, əxlaqi, mədəni və digər mövzuları tədqiq etmələri gərəkliyi ilə bağlıdır.
Yekun mənzərə
AMEA-nın 2025-2030-cu illəri əhatə edən İnkişaf Konsepsiyası ilə bağlı yuxarıda vurğuladığımız xüsusiyyətlər onu göstərir ki, bu sənədə ciddi ehtiyac vardır. AMEA rəhbərliyi həmin məqama ayrıca həssaslıqla yanaşır və o istiqamətdə nəticəverici fəaliyyətinə başlamışdır. Bunun üçün təşkilatda formalaşdırılmış fəaliyyət qrupu sistemli və davamlı olaraq konsepsiyanın ərsəyə gəlməsinə çalışır.
Bu vəzifənin öhdəsindən gəlməklə Azərbaycan Milli Elmlər Akademiyası bir neçə istiqamət üzrə motivəedici təsir göstərə bilər. Hər şeydən öncə, AMEA özünün yeniləşmə kursu çərçivəsində qarşıdakı beş il müddətində konkret fəaliyyət planını müəyyən etmiş olur. Ölkənin baş elmi təşkilatının yeniləşmə kursu ilə elmin inkişaf konsepsiyası və “Yol xəritəsi”ni sıx qarşılıqlı əlaqə halına gətirə bilməsi xüsusi əhəmiyyəti olan prosesdir.
Digər tərəfdən, AMEA-nın İnkişaf Konsepsiyası və “Yol xəritəsi” ilə Azərbaycanın bütövlükdə elm və təhsil sisteminin inkişafına yeni təkan verə bilər. Çünki AMEA elə bir təşəbbüs irəli sürür ki, ölkənin strateji inkişaf kursu kontekstində son dərəcə vacib məsələlərin həlli zərurətini ortaya çıxarır. Bununla, sözün həqiqi mənasında, müstəqil dövlətçiliyin inkişafı baxımından AMEA strateji dövlət qurumu statusunu həm təsdiq edir, həm də çox məsuliyyətli, işgüzar və strateji düşüncəyə əsaslanan mövqe tutduğunu göstərir.
Əlbəttə, AMEA-nın İnkişaf Konsepsiyası və “Yol xəritəsi” üzrə müzakirələr davam edir və onun yeni məzmun çalarları müəyyən olunmaqdadır. Ancaq indidən aydındır ki, bu proses Azərbaycanın strateji inkişaf kursu kontekstində ölkə elminin perspektivi baxımından yeni bir mərhələnin əsasını qoya bilər. O mərhələ Türk dünyasında və MDB-də ölkənin strateji inkişaf xətti ilə elmin inkişaf xəttinin strategiyasını uyğunlaşdırmaq istiqamətində nümunə ola bilər. Zira, məsələnin bu aspekti daha dərin və əhatəli araşdırma tələb edir.
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru