Könüllülük qanunvericiliklə qadağan edilməyən işlərin, xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir. Bu, həm də öyrənmək, başqalarına kömək etmək və şəxsin komfort zonadan kənarda tapa biləcəyi bacarıqları aşkara çıxarmaqdır.
XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək, koordinasiya olunmağa başlayıb və beləliklə, könüllülük dünyada kütləvi bir sosial fəaliyyətə çevrilib. 1985-ci ildə iqtisadi və sosial inkişaf naminə hər il dekabrın 5-nin BMT-nin Baş Məclisi tərəfindən Beynəlxalq Könüllülər Günü kimi qeyd edilməsi barədə qərar verilib.
Müasir Azərbaycanda könüllülük sahəsində real inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Bu prosesə insanların könüllü şəkildə cəlb edilməsi, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verilib. Beləliklə, 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi (indiki Gənclər və İdmanNazirliyi), BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb. 1998–2000-ci illərdə bu proqramın nəticəsi olaraq ölkədə genişşəbəkəli könüllü komandası yaradılıb və bu prinsiplərinin böyük auditoriyaya təbliğinə start verilib.
Azərbaycanda könüllülük fəaliyyətinin yeni inkişaf mərhələsində təkanverici rolu 2009-cu ildə Milli Məclisin qəbul etdiyi “Könüllü fəaliyyət haqqında” Qanun təşkil etdi. 10 maddədən ibarət bu qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu. 2013-cü ildə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yanında aktiv könüllü təşkilat olan ASAN Könüllüləri Təşkilatı (AKT) yaradıldı.
Ölkəmizin güclü bir dövlətə çevrilməsində, insanların rifahının getdikcə yaxşılaşmasında könüllülər də mühüm rol oynayırlar. Xüsusilə son illərdə bu hərəkat daha da genişlənib. Belə ki, ölkəmizin ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci ildə birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, “Formula–1”, bu il keçirilən COP29 və digər irimiqyaslı tədbirlərə on minlərlə könüllü cəlb olunub.
Prezident İlham Əliyevin 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncamı onlara diqqətin bariz nümunəsidir. Sərəncamın məqsədi gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etməkdir.
Həmsöhbət olduğum könüllülər də bu fəaliyyətin onların şəxsi, sosial və iş həyatında önəmli başlanğıc olduğunu qeyd etdilər. 4 ildən çox könüllü olmuş Azərbaycan dili və ədəbiyyatı müəllimi Səbinə Alızadə bildirdi ki, bu fəaliyyət şəxsi inkişaf, təcrübədir, uğurlu karyeranın başlanğıcıdır:
– Könüllü olanda insan özünü yenidən kəşf edir, görmədiyi uğurlu tərəflərini təhlil edir. Könüllülük mənə yeni dostlar qazandırıb və onlarla birgə inkişaf etmişəm. Nitqimin inkişafı, dünyagörüşümün artması, məlumatlı olmağım könüllülük fəaliyyətimin nəticəsindədir. DOST, ASAN xidmətlərdə, bir sıra nazirliklərdə könüllü fəaliyyətim zamanı qazandığım təcrübə karyera inkişafıma kömək olur.
6 ildən bəri müxtəlif dövlət qurumlarında könüllü fəaliyyət göstərən Azərbaycan Dövlət İqtisad Universitetinin 3-cü kurs tələbəsi Nəzirə Rəhimli dedi ki, onun üçün könüllülük Vətənə, dövlətə, xalqa xidmətin əməllə sübutudur:
– Fövqəladə Hallar, Elm və Təhsil nazirliklərində, Prezident Administrasiyasında, Medianın İnkişafı Agentliyi və digər dövlət qurumlarında könüllülük fəaliyyətim var. Eləcə də COP29 kimi beynəlxalq tədbirlərdə də könüllü olmuşam. Bu gələcək həyatımın kilometrlərlə məsafəsinin başlanğıcıdır. Ölkəmizdə olan könüllü təşkilatların fəalları olaraq, Müzəffər Ali Baş Komandanmızın ətrafında sıx birləşərək, bu hərəkatın daha çox insana çatması və geniş vüsət alması üçün əlimizdən gələni əsirgəməyəcəyik. Amalımız Vətənimizə xidmətdir.
Rizvan FİKRƏTOĞLU
XQ